Üzeyir Hacıbəyli

Dərin quyular

Rusiya məmləkəti müxtəlif millətlər tərəfindən iskan edilibdir və indiki Rusiya padşahlığını təşkil edən dəxi bu millətlərdir. Bunlardan ən böyük, əvvəl rus milləti olub, sonra müsəlman millətidir. Sair millətlər isə nüfusca bu ikisindən azdır. Lakin bunlar bu azlıq ilə bərabər, yenə də müsəlman və rus millətlərindən xoşbəxt ədd oluna. bilərlər. Çünki bunların hər biri öz-özlüklərində ayrı-ayrı cəmiyyətlərdən ibarət olub, zahirdə müttəhid və müttəfiq göründükləri kimi, batində, yəni öz üzvləri aralarında dəxi müttəfiq və müttəhiddirlər. Odur ki, hər bir tədafe və təərrüz məqamında ümumi, milli bir ittifaq təşkilinə məcburdurlar.

Bunların bu zahiri və batini ittifaq və ittihadi-millilərinə səbəb odur ki, bu qədər zaman hökmfərma olan mütləqiyyət nə qədər səy və kuşişdə bulundusa, yenə də bu millətlərin hər birinin içində, yəni öz üzvləri arasında onları bir-birindən ayırmaq məqsədilə dərin-dərin quyular qazımaq üçün heç bir müsaid yer tapa bilmədi. O, mütləqiyyət quyuları əvəzinə, yalnız əyri-üyrü və kələkötürlüklər törədə bildi. Amma yenə də bunların hamı millət mücahidlərinin birinci təşəbbüsati-həmiyyətməndanələri sayəsində bir tez zamanda təsviyə olunub və hamarlanıb yox oldu. Və bundan naşidir ki, bu millətlərin üzvləri bir-birinə əl uzadıb ümumi, milli bir ittifaq təşkil etmək üçün öz aralarında buna mane olacaq bir fəsl, bir məmaniət görmürlər və bu səbəbə hər bir ümumi işlərdə bu millətlərin üzvləri müxtəlif əqidəli və müxtəlif nəzərli görünürlərsə də, yenə ittifaq və ittihadı əldən buraxa. bilmirlər və "biri hamısının və hamısı birinin ardınca" iş görürlər.

Rusiya mütləqiyyətinin quyuqazan aləti bu millətlərin içində daşa və qayaya çırpılıb, bihudə sərf olundusa da, yalnız rus millətinin və biz müsəlmanların içində quyu qazılmağa qabil olan yerlər tapdı.

Rus millətinin içində quyular qazımaq üçün haman mütləqiyyət mindən ziyadə sənələr sərf etdi və bu "kənkan"lıqda yalnız olmayıb, Rusiya ruhani qismilə bərabər iş gördü və axırda quyunu qazdı. Haman quyunu görmək və ya hiss etmək üçün Dövlət dumasına ətfi-nəbər edib, "sağ"ları və "sol"ları və bunların amal və əfkarında, əqidə və məsləklərində müşahidə olunan fərq və təfavütü nəzərə almalıdır.

Bizə qalırsa, biz müsəlmanların arasında quyular qazımaq üçün Rusiya hökuməti bir o qədər zəhmət çəkmədi, çünki bizim aramızda şərir əllər əvvəldən quyu qazıb hazır qoymuşdular. O quyunu ancaq bir qədər də dərinləşdirmək və dazım olsa, digər bir quyu qazımaq kifayət idi. Rusiya hökuməti onu da elədi, bunu da. Əvvəlcə bizim gözümüzü yumdu və ondan sonra başlayıb, şeyxülislam təyini, müfti nəsbi, "Ömər" şkolası küşadı, "Əli" şkolası təsisi, şiə zakonouçiteli, sunni zakonouçiteli təyini ilə bərabər, sair fəsadlar ilə bizim aramızda əvvəlcədən qazılmış olan şiə və sünni quyusunu daha gen və daha dərin bir qər-nayab edib, ləzgi, tatar, müsəlman ibarələrilə dəxi digər bir quyu qazıb, rahət və arxayın olub oturdu.

İştə, o səbəbdəndir ki, biz Rusiya hökumətinin Rusiya azadlıq hərəkatına cəlbi-diqqət etməsindən istifadə edərək, yavaş-yavaş gözümüzün örtüyünü açmağa müqtədir olmuşuq. Amma nə fayda ki, aramızda mövcud olan gen və dərin quyuları görüb, yek-digərimizə əl uzada bilmirik. Birdən- birə irəliləmək dəxi xatadır. Çünki quyuların qərinə sərazir olmaq təhlükəsi vardır. Pəs nə eləmək? Nə yol ilə birbirimizə yaxınlaşıb, əl-ələ tutuşmaq?

Zənnimcə burada üç yol vardır:

1. Quyuları dolanıb, kənardan bir yol aramaq, yəni bu məsələləri bilahəll və fəsl qoyub bir tövr ilə ittihad və ittifaqa çalışmaq, fanatizmi qaldırmayıb, onun da ətrafından dolanmaq.
2. Quyular üzərindən bir körpü salmaq, yəni haman məsələni həllsiz qoyub, birdən-birə özgə məsələlərə keçməklə külliyyətin diqqətini dəxi onlara cəlb etmək.
3. Quyuları doldurub bilmərrə basdırmaq, yəni illər sərf edib, güc ilə bu məsələnin aradan bilmərrə götürülməsinə qeyrət etmək.

Lakin indi təqazayi-zəmanəyə görə, bu üç yolların hansı birini ixtiyar etmək lazımdır? Bu barədə öz fikrimizi yenə söylərik.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 72-74.