Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun, Zurya və Ceyçik!: [8 oktyabr 1919-cu il]

Sizə kağız göndərə bilmək imkanından dolayı dedikcə şadam. Allah bu zatın atasına rəhmət etsin ki, sözünə vəfa edib, kağızı götürdi.

Əvvəla, şükür olsun Allaha ki, hamumız sağ və salamət olub sizə duagu varığ və qayıdub gəlmənizi böyük bir səbirsizlik ilə gözliyorıq. Bu axır günlərdə sizləri tez-tez yuxumuzda görürük və mən keçən gün görəndə ki, siz gəldiniz və Ceyçik əlini mənim cibimə salıb qəzetə çıxardır; bu yuxulardan boylə güman edirik ki, inşallah tezlik ilə görüşərik. Zatən Məhəmmədəmin demişkən yevropalıların rəsmi surətdə gəlib, bir ay burada görüb də həqiqəti-haldan öz təşəbbüsləri ilə xəbərdar olmaları sizin orada bu qədər uzun qalmağınızı lüzumsuz buraxır...

Hər halda biz sizin tez qayıtmanız tərəfdarıyız.

Özümüzə gəldikdə, necə ki, yuxarıda dedim səlamət varıq. Bu yay mən və Məleykə sonra Cəmal və Sehra "Qacur"da idik. Məleykə ilə mən qızdırırdıq, odur ki, həkimlər oranı məsləhət gördülər. Sentyabrın əvvəllərində qayıtdıq. İndi hələ ki, qızdırmamız yoxdur. Zülfüqar nənəmgili dəxi bir yerə aparmağı öhdəsinə götürdüsə də, lakin əhdinə vəfa etmədi. Odur ki, onlar ələltəəssüf yayı Bakıda keçirdilər. Zərər yoxdur, inşallah, gələn il siz ilə bir yerdə bir yaxşı yerə gedib dürüst rahət olarıq.

Aişə xanım və Zuryanın cəmi qohum-əqrabası hamısı dəxi Allahdan sağ və salamət olub sizlərə dua göndərirlər. Bir on-on iki gün bundan əvvəl mənim "yövmi-vəladətimdə" Aişə xanım dəxi bizdə idi. O günü yaxşı bir qonaqlıq qayırdıq. Nəsib bəy özü, arvadı, Məhəmmədəmin, Şəfi bəy dəxi bizdə idilər. Sizin də sağlığınıza içdik və sizi yad-bud etdik. Baqi ev barəsində sən də bir öylə şayani-diqqət əhvalat yoxdur ki, yazım. Cəmal və Sehra nişanlıdırlar. Cəbbar hərbiyyə məktəbini bitirib zabit olubdur. O sənədə Lənkəranə təyin edibdirlər. Dolanacağda öylə bir sığıntı çəkmirik. Ümumməvaciblər artıbdır. Məsələn, Cəmal üç mindən çox və mən də altı min məvacib alırıq. Əlavə məqalələrin də sətri bir manatdır. Deməli, mən yeddi-səkkiz qazana bilirəm. Qəzetənin işi pis degildir. Bir növ dolandırırıq.

Kabinəm üçün tazə mebel aldırdım və telefon gətirtdim. İnşallah, gələndə görərsən.

Siyasi işlərə gəldikdə hal-hazırda hökumət böhranı mövcuddur. Nəsib bəy kabinəsi istefa etmişdir. Lakin bu günlərdə yenə başında Nəsib bəy olmaq üzrə yeni kabinə düzələcəkdir. Nazirlərin ədədi bir az azalıb əlavə zənn edirəm ki, sosialistlərə yer verilməyəcəkdir. Əhvali-siyasimiz dedikcə yaxşıdır. Nəsib bəy işi çox gözəl apardı və məmləkəti demək olar ki, hər bir təhlükədən qurtarmaqla bərabər abad, məmur və qüvvətli bir hala saldı. Bu saət tam mənası ilə müstəqil dolanırıq. İçimizdə heç bir biganə əl yoxdur. Qarabağ və Lənkəran məsələləri bizim nəfimizə olaraq həmən qan dökülmədən həll edildi. Bir əndişəmiz varsa, o da Şimaldandır. Lakin o barədə də bizə ümüd verənlər yox degildir. Qərəz işimiz "xod"dur.

Yalnız bir arzumuz odur ki, siz gələsiniz, tezlik ilə görüşək.

Ceyçik hamının dilindədir. Partiretini kamodun üstə qoyub hər gün tamaşa edirik. Baxüsus nənəm çox sizi arzulayır. Nənəm bizdə olur. Əlbət əlif əlbət özünüzü gözliyəsiniz, həm azarlamadan, həm də təsadüfi vəqələrdən, çünki böyük şəhərdən öylə təsadüflər çox olar. Və bir də əgər orada oylə bir vacib iş yoxsa artıq oturmağın nə mənası? Çıxın gəlin buraya. Getmək lazım olsa sonra da mümkündür. Cəhd eylə fürsətdən istifadə eylə firəng dilini kəmalınca ögrən və özünü orada gözəlcəsinə tanıtdır. Baqi bizim hamımızdan və cəmi dost-aşnadan sizlərə çox-çox ərz salam və busələr!

Bəradərin Üzeyir. 8 oktyabr 1919-cu il, Bakı.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 321-322.