Üzeyir Hacıbəyli

Ordan-burdan

Kazakların Şuşa uyezdində erməni kəndlərində olan rəftarı və Şuşa ərbabi-hökumətinin belə rəftara etinasız və qeydsiz baxmağı Qafqaz ermənilərini böyük bir həyəcan və qələyanə gətirdi. Arvad, kişi, uşaq, iri dad-haray çəkib mühakimə tələb etdilər. Tələblərində sabit durdular və arzularına çatdılar. İş istintaq olundu. Şuşa uyezd naçalniki ilə bərabər bəzi məmurlar suda verildilər.
Kazakların Cavanşir uyezd naçalniki Pivovarov və pristav Şəfi bəy ilə bərabər Cavanşir kəndlərində icra etdiyi zülm və sitəmi müsəlmanlar eşidib bildilər. Heyf - dedilər. Çox pis iş olubdur, gərək elə olmaya idi! Söylədilər və... Bu faciəni nisyan bucağına atıb, işlərinin dalınca getdilər... Şayiələrə görə bu əhvalatı istintaq etmək üçün Cavanşirə məhkəmə məmurları göndərilibdir. Nəticəsi nə olacaqdır? Naçalnik ilə pristavın suda, verilməsi o yanda dursun, qorxuram ki, istintaqdan sonra bu zülm təkrar baş verə...
                                                                                                               * * *
"Rus" qəzetəsində yazılmışdır ki, Peterburq şəhər hakimi müsəlman axundunu hüzuruna çağırıb deyibdir ki, dövlətin müsəlman tayfasına artıq hüsni-təvəccöhü var (?!) Buna görə də müsəlmanlara vacibdir ki, Allaha şükür eləyib, dinc-dinməz dursunlar: yəni heç bir kağıza qol qoymasınlar və heç bir məclisdə işləri olmasın. Müəmmaya bənzəyən bu sözlərin tərcüməsi zənnimizcə belədir: Rusiyada olan hər bir millət öz hüquq və ixtiyarati-milliyyə, diniyyə, mülkiyyə və sairəsini hal- hazırda tələb etməkdədir və tələblərinə əncam almaq üçün çarələr aramaqdadırlar. Və çarələri tapmaq üçün iş görməkdədirlər. Buna görə də məclislər də qürurlar, kağızlara da qol qoyurlar və hər bir ləvazimatı yerinə yetirirlər. Amma, siz müsəlmanlar belə işlərə qatışmayın, qoy sair millətlər hüquq və ixtiyarat sahibi olub, səadət və bəxtiyarlığa nail olsunlar, müsəlmanlar isə hər bir insana (insan olduğu üçün) lazım və vacib imtiyazlardan məhrum qalsınlar...
İştə, bu hüsni-təvəccehdir! Görəsən axund cənabları şəhər hakiminə cəvabən bir söz deyibmi? Yoxsa mat qalıbdır?

                                                                                                                                             Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 200-201.