Rusiya əhvalı
Rusiya işlərinin surəti sanki bəlli olmaq üzrədir.
Sovetski hökuməti ilə Denikin, Kolçak və şairələri arasında indiyə qədər dəvam edən müharibədə kimin qalib və kimin məğlub olacağını təxmin etmək bugünə qədər çətin idi. Kolçakın bolşeviklər tərəfindən yediyi həzimətlər, Denikinin bolşeviklər üzərindəki müvəffəqiyyətləri ilə təlafı edilməklə vəziyyəti-ümumiyyə dəyişməyirdi. Bolşeviklər də müqabil tərəfdə bir tərəfdən basıb, digər tərəfdən basılmaqla hər iki tərəfin hal və övzai-tərazu gözləri kimi əlaüs- səviyyə idi.
Lakin bugünlər ərzində vüqu bulan hadisələr, yəni bolşeviklərin cənub tərəfdən düçar olduqları böyük həzimətlər və bu həzimətlər dolayisilə sövqəlceyş nöqteyi-nəzərindən pək əhəmiyyətli sayılan bir çox yerlərin əldən getməsi, baxüsus, ümdə istinadgah olan Moskvanın süqutunu təhdid edən təhlükə bolşeviklər halını fəna bir vəziyyətə qoyub aliheyi-hərbiri müqabil tərəfə ruyi-himayət döndərdiyini göstərmək üzrədir.
Hal və övzalarının fəna və təhlükəli olduqlarını bolşeviklər özləri də etiraf etməkdə və ona görə də cürbəcür çarələr aramaq təşəbbüslərinə girişməkdədirlər.
Taleyi-hərbin o tərəf və ya bu tərəfə dönməsi mövcud şəraitin müsaidə ilə bağlıdır. Doğrudur, bu yolda lütfi- təsadüf dəxi hərb taleini o tərəf və ya bu tərəfə döndərəcək bir amil mahiyyətinə haiz ola bilər. Fəqət bu boylə təsadüflər nədir, ta vüqu bulan bir şeydir. Əsil mətləb tərəfinin hamil olduğu şəraiti-mövcudənin müsaid və qeyri-müsaidliyindədir.
Birini qalib və digərini məğlub halına salan bu şərtlər isə hər tərəfin daxili və xarici vəziyyətindən törənər. Əgər daxili və xarici vəziyyət müsaidkar isə, müsaid şərtlər törənər, vəilla iş əksinə olar.
Həman hər tərəfdən əhatə olunmuş, hər yerdən yolları kəsilmiş, mənabeyi-həyat ədd ediləcək bir çox yerlərdən əli üzülmüş olan bolşeviklərin daxili işləri getdikcə fənalaşmaqda idi. Aclıq, əmrazu-sariyə bunun üzərinə əlavə olunan sui-idarə, zalımanə rəftar, ədalətsiz işlər, bunlar hamusı bolşeviklik daxilini hərc-mərc bir hala salmaqda və bu halın fənalığı getdikcə tərəqqi elməkdə idi.
Müqabil tərəfin daxili vəziyyəti isə müntəzəm dəeniləcək dərəcədə degil idisə də, hər halda bilnisbə yaxşı idi.
Xariçi vəziyyətə gəlincə, bu xüsusda Denikin və kolçakların işləri bolşeviklərinkindən neçə qat müsaidəkar olduğunu bilmək üçün yalnız bu kafidir ki, bolşeviklərə tərəfdar olan ancaq bolşeviklər özləri idi. Halbuki bütün “Antanta”, yəni qalib dövlətlər, Denikin və Kolçaka müzahirət göstərib nəinki yalnız bir mal azuqə, sursat, hətta can ilə də kömək vermələrində bugünə qədər də vam edirlər.
İbtidada bolşeviklərin dəxi ümid nəzərləri Yevropa məlində olub, özləri üçün kömək gözləmədə idilər. Lakin gözlədikləri kömək maddi və cismanidən artıq mənəvi kömək idi, yəni bolşeviklər bu zəndə idilər ki, Yevropa dövlətlərinin millətləri, baxüsus, sosialist firqələri dəxi öz məmləkətlərində bolşevikvari inqilablar törətməklə Rusiya bolşeviklərinə müzahirət göstərib hər bir maniələri məhv imha edərlər. Məğlüb dövlətlərdən Almaniyada vaqe olan “Spartak” və Maçarıstandakı bolşeviklik hərəkatı rus bolşeviklərinin ümidlərinə o dərəcə cəsarət vermişdir ki, artıq bütün dünya bolşevik olacaq deyə öz-özlərinə təminat verməkdə idilər. Kolçak həzimətlərinə təsadüf edən o zamanlarda rus bolşeviklərinin ruhi yüksək və başları da qürur ilə dolü olduğundan heç nəyi və heç kimsəyi belə tanımaq istəmirdilər. Belə zənn olunurdu ki, heç bir qüvvət və heç bir cümhuriyyət bu bolşevikləri təqib edə, gəldikləri məsləklərindən döndərə bilməz və bunlar məsləklərinə toxuna bilən heç bir “kompromis” və ya başqa bir növ etilaflara ruyi-riza göstərməzlər.
Bolşeviklərin heç nəyinə inanmasaq da, heç olmasa məsləklərindəki səbat və istiqamətlərinə bir növ qənaətimiz var idi.
Lakin bu axırkı həvadis dolyısilə bu qənaətin də yanlış olduğunu etirafa məcburuq. Əvvəlcə hər kəsə meydan oxuyan, heç bir kompromisə razı olmayan, heç bir növ etilaf, müahidə və şərtə meyl göstərməyən bolşeviklər, Yevropa millətlərinin bolşevikliyə rəğbət və həvəsindən və əlhasil məzahirətindən məyus olub və taleyi-hərbin bunlardan üz döndərdigini görüb nə edirlər? Nə kimi çarələrə təvəssül edirlər?
Hər kəs ilə hər bir etilafa girməyə, şərtlər bağlamağa və hər növ- güzəştlərdə bulunmağa razı və hazır olduqlarını elan edib, boylə hallarda mötad olan ən adi çarələr təvəssütünə əl aparırlar. Kapitalist dövlətlər ilə müahidə əlaqələrinə girməyə və Rusiyadan ayrılmış olan yeniyetmə dövlətlərin istiqlalını tanımağa razı olurlar...
Qərəz, məqsədimiz bolşeviklərin fəlakətlərinə qarşı zəhrxəndəlik degildir. Ancaq səbatməslək və istiqamət məzaclarında heç bir fövqəladəlik olmadığını bildirmək idi. Çünki əgər bugünkü “güzəşt”lər gələcəkdəki “müvəffəqiyyət”lər xatirəsi üçün isə, bunda da bir fövqəladəlik olmayıb, ən adi və əlalümya cari bir politika yoludur.
Əsl mətləb bundadır ki, bolşeviklərin məğlubiyyət və süqutu və irticapərəst denikinçilərin müzəlfəriyyət və süudi, Rusiyadan ayrılmış və elani-istiqlaliyyət etmiş olan yeni cümhuriyyətlər üzərində nə növ təsir icra edə bilər?
Bu təsirin fənalıq və ya iyiliyi, yəman-yaxşılığı denikinçilərin yeni çümhuriyyətlər haqqındakı məslək və münasibətinin müsbət və ya mənfiliyinə mərbutdur.
Denikinçilərin bu yoldakı məsləki müəyyəndir və bu müəyyən məslək mənfidir. Öylə olan surətdə bunlar istiqlalımızın bədxahıdırlar. Bədxahlarımızın müvəffəqiyyət və müzəffəriyyəti bizə və başqa yeni doğma cümhuriyyətlər üzərində hüsni-təsir buraxa bilərmi?
Ancaq burası var ki, iş əksinə olsa idi, yəni bolşeviklər basıb, denikinçilər basılsa idi, bunun da bizim üzərimizdə hüsn-təsiri olmazdı. Çünki denikinçi Podşibakin “vahid Rusiya Bakısız yaşayamaz” dediyi kimi, bolşevik Nərimanov dəxi Sovetski Rusiya Bakısız yaşayamaz deyir. Və bu gün onların da, bunların da dil dəyişdirmələri, yəni bizə guya “xeyirxah” görünmək istəmələrinin adi bir politika olduğunu gözəlcə bilirik.
Odur ki, bu məqamda “hər tərəf koşte şəvəd mənfəəti-islam əst’ demək olmaz, çünki müharibələrdən hansı birisi qalib gələrsə düşmənini basandan sonra bizim üzərimizə gəlməyə və “üsyançı” olmaq “sərgüzəştlik” etməyimizə görə cəzamızı verməyi sıradakı vəzifəsindən ədd edəcəkdir.
Əgər Rusiya bolşevikləri bu gün bizə dedikləri sözləri ki, “biz heç kəsin yerini əlindən almaq istəmiyorız” özləri üçün əvvəldən bir şüar ədd edib də əsir millətlərin istiqlalını mərdi-mərdanə tanımış olsa idilər, şübhə yox ki, bugünkü zərurət məqamında böyük, mazahirətlər görmüş olardılar. Lakin vaxtında bunu etmədilər, biləks istiqlal əvəzində xarabazarlar vəd edib də qatı imperializm yolunu ixtiyar etdilər.
Bugünkü vəzifəmiz Rusiya işlərinə kənardan baxmaq və Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qalmaqla bərabər, oradan bizi təhdid edən təhlükələrdən özümüzü qorumaqdır. Yeni cümhuriyyətlərdən Azərbaycan olsun, Gürcüstan olsun, Ukrayna, Litva, Estlandiya, Finlandiya, qərəz, özgə bir məqsəd təqib edən Ermənistandan başqa bütün hamısının fikri ancaq budur: Rusiya işlərinə qatışmamaq və Rusiya təhlükəsindən qorunmaq. Təhlükə bolşevik tərəfindənmi və ya Denikin tərəfindən vaqe olacaqmı, bizdən ötru təfavüt yoxdur, qorunmaq və hər bir vasitə ilə istiqlalımızı mühafizə etmək, vəssalam!
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 229-232.
