Əfkari-ümumi
"Düşmən bir olsa, dəfini asandır eyləmək,
Vay ol zaman ki, üz qoy dörd bir kənardan".
Yazıq Səttərxan bir qüvvədən ibarət olan məşrutəçilər ilə bu gün dörd qüvvə ilə müharibə etməyə məcburdur ki, onlardan biri Təbrizin istibdadpərəstləri, digəri Rəhim xan, üçüncüsü şahsevənlər və dördüncüsü də hökumət qoşunu. Bu dörd qüvvənin təcavüz və təərrüzünə qarşı Səttərxan qəhrəmananə müdafiədə bulunub bu günlərə qədər, hətta, müzəffər hesab olunacaq bir dərəcədə məşrutiyyət və hürriyyət beydəqini sərnəgün etdirməyibdir.
Lakin Səttərxan və məşrutəçilər nə qədər qəhrəman olsalar da, yenə də ay yarımlıq müharibədən çəkdikləri əziyyəti, yorğunluğu, tələfatı və düşmən tərəfin təzədən kəsbi-qüvvət etdiyini nəzəri-etibarə almaq lazımdır. Şübhəsizdir ki, Əgər Səttərxana da bir yerdən təzə kömək gəlməzsə, Səttərxana üç yol qalar: ya bir nəfər qalıncaya qədər müharibəyə davam edib, tələf olmaq və yainki, düşmənə təslim edilib, onun şərtlərini qəbul etmək və yaxud. bir növ ilən qaçıb qurtarmaq. Biz əminik ki, Səttərxan cənabları heç bir vaxt ikinci yolu özü üçün intixab etməz. İnsaniyyətpərvərlik hissi onu əvvəlinci yolundan çəkindirərsə, o surətdə üçüncü yoldan başqa digər bir əlac qalmır. Çünki bu yolu seçmək onun üçün heç bir vaxt kəsrəti-şan ola bilməz, bəlkə qaçıb qurtarmağın özü də bu yerdə, bu məqamda böyük bir hünər və gələcəkdə artıq nəfdir.
Ançaq orası pis olar ki, Təbriz dəxi Tehran halına düşüb, istibdad bütün İranda hökmfərma olar və Təbrizin bu halından sonra İranın digər yerlərində inqilab təşəbbüsatında bulanmağa cürət etməzlər. Amma, Əgər İranın sair biladi vilayəti qeyrətə gəlib, indidən Səttərxana kömək göstərsələr (ölmək ölməkdir, istibdad altında ölməkdənsə, hürriyyət yolunda şəhid olmaq yaxşıdır) Təbrizdə hələ işığı kələn hürriyyət nuru əbədi surətdə sönməz. Səttərxan istibadpərəstlərə qalib gəlib, heç olmasa, İranın ürəyi olan Təbrizi istibdad mikroblarından azad edər. Və bir surətdə ki, ürək salamat oldu, sair övzaları dəxi sağalmağa üz qoyar. Doğrudan da, Təbriz hürriyyətpərəstlərin əlində olarsa, İranın sair yerləri dəxi özlərini zənciri-əsarət və pencayi-istibdaddan qurtarmağa qeyrət edərlər və müvəffəq də olarlar. Zira şahın qoşunu yoxdur ki, bir yerdə üsyan və qiyam baş verdikdə, oranı sakit edə bilsin.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 93-94.
