Üzeyir Hacıbəyli

Nuri-didə Ceyhun: [24 iyun 1926-cı il]

Salam-duadan sonra sənin və Zöhrənin kağızları gəlib bizə çatdı. Ceyçikin kefsizliyi və sənin əsəbiligin bizi çox qəmgin etdi. Fəqət yalnız bir qəm və qüssə ilə iş keçməz olduğunu bildigimiz üçün qət etdik ki, sizə "realni" kömək yetirək. Ona görə bu xüsusda Zülfüqar ilə bərabər məsləhətləşib məsələni üç qismə böldük. Birincisi sizə hər ay "requlyarni" maddi köməklik. İkincisi sizin buraya gəlmək məsələniz. Üçüncüsü mənim "zaqranitsada" ali musiqi elmi təhsilimin bir qədər təxir edilməsi.

Birinci qisim məsələnin həllini biz Zülfüqar ilə öz boynumuza götürdük və qərar qoyduq ki, sənin bimövqe yerə sentimentallıq etməyinə baxmayaraq uşaqlar üçün hər ay pul göndərək, bu şərtlə ki, haman pul hər halda əlli manatdan az olmasın. Bu bizim üçün mümkündür, özü də bizə heç ağır degildir, çünki bunun üçün xüsusi gəlirimiz vardır ki, onu ikimiz hasil edirik.

Səbah və ya birigün sizə teleqraf ilə pul göndərəcəyik. Mümkün olsa borclık olan Qasımdan dəxi pul alıb əlavə edəcəyik. Bir halda bu xüsusda arxayın ola bilərsən. Göndərəcəyimiz pullar sizə bir aya çatmasa da, onun münləzəmən göndərilməsi sizin maddi pərişanlığınızı bir müəyyən intizama salar, (burasını Zöhrə daha iyi bilər) və səni də qarıxdırmaz (əlli manat beş yüz franka qədər olsa gərəkdir).

İkinci qisim məsələnin həllini Zöhrənin qardaşı Musa yoldaşa həvalə etdik. Zatən Musa sizi çoxdandır ki, buraya gətirtmək istəyirdi. Musa yoldaşın Azərbaycan Şura hökumət əzası olduğunu bilirsiniz, özü də V.S.N.X.-nin sədridir. Musa buradakı yoldaşlar ilə danışıbdır, bu günlərdə Moskvaya gedəcəkdir ki, mərkəz ilə dəxi danışıb sizin üçün buraya gəlmə izni alsın. Sən buraya gələn kimi yaxşı qulluq sahibi olarsan. Baxüsus ki, frəng dilini bilirsən. Musanın bir fikri də budur ki, sənin üçün orada yaxşı qulluq düzəltsin. Bu xüsusda sizə kağız yazacaqdır və sizinlə məsləhət edəcəkdir. Bizcə, hər ikisi yaxşı olar.

Üçüncü qisim məsələ mənim ali musiqi təhsilinə ikmal etmək məsələmdir. İş bundadır ki, mən burada türklər arasında musiqi tərəqqi yolunda çox çalışıb, çox da yaxşı nəticələr hasil etdirmişəm.

Maarif Komissarlığı mənim musiqi xidmətlərimin əhəmiyyətini diplomlu professorların xidmətindən daha əziz görməklə bərabər mənim ali musiqi təhsil alıb da daha kamil olmağım tərəfdarıdır. Zatən mənim əlimdə bu gün diplom olsaydı, bir çox dedi-qodular aralardan götürülərdi. İştə odur ki, məni ali musiqi təhsili üçün "zaqranitsaya" göndərmək məsələsi hər kəscə arzu edilən bir şeydir, hətta bu xüsusda mətbuat dəxi bir qeyd etmişdi. Fəqət mən hələ ki, Maarif Komissarlığını tələsdirmək istəmiyorəm, çünki, əvvəla, sizin məsələ həll olunacağa qədər buradan sizə kömək etməliyəm və saniyən, özüm də ali təhsil üçün bir qədər hazırlanmalıyam ki, "zaqranitsada" üç ildən artıq qalmıyam və buradaki işlərimin qırılıb qalmasına səbəb olmayam.

Bədə özün görürsən ki, işlər boylə olduqdan sonra sənin əsəbilik etməyə bundan sonra heç bir həqqin yoxdur və bir də bu əsəbiligi bir kərə kənara tullamağın vəxti çoxdan yetişibdir. İsmayıl indi də səni məsxərə edib gülür, toxdaqlıq və mərdanəlik əvəzinə əsəbilik edirsənsə, Zöhrəni qarıxdırıb öz analığ vəzifəsinə xələl yetirirsən. Əlavə başını həmişə bir iş ilə məşğul et ki, malxulyaya məhəl qalmasın və bir də ora qəzetələrinin və ya ağız danışıqlarının bizim həqqımızda söylədikləri və yazdığları axmaq yalan və mübaliğəli sözlərinə heç bir əhəmiyyət vermə. Biz çox yaxşı dolanırıq və heç bir şeydən şikayət etməyə ehtiyacımız yoxdur.

Nənəm sağ və salamatdır, sizlərə dualar göndərir. Hamınızı öpür və deyir ki, inşallah görüşərik təki sağ olsunlar.

Bu yay nənəmi Barjom tərəflərinə aparacağam ki, canı qüvvətə gəlsin və bir az havasını dəgişsin, buna görə bu kağızın cavabını Cəmalın adresinə göndər ki, o da mənə göndərsin. Bizim hamımızın tərəfindən uşağları öp, inşallah Ceyçik tezlik ilə yaxşı olar. Zöhrəyə söylə ki, qorxmasın köməkçiləri çoxdur.

Bəradərin Üzeyir. 24 iyun (1926), Bakı.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 369-370.