Üzeyir Hacıbəyli

Təəssürat (V)

Parlamanımızın ikinci iniqadında fraksiyaların bəyannamələrini eşitdik.

Əvvəl sözünü deyən "Müsavat" oldu.

"...Mülkədarlarla xüsusi maliklərə məxsus olan bütün topraqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir",- dedikdə məclis əhlindən bir parası qurcalandılar. Lakin sol tərəfin gurultulu alqışı "işin üstünü örtüb" əhvalı dəgişməklə bərabər, mürgüləyən əzaları da yuxudan oyatdı.

"Müsavat"dan sonra "Sosialistlər bloku"nun adamları çıxdı.

Aslanbəy Səfikürdski bəy də olsa kəndçi tərəfdarıdır. Kənd əhlinin ağır halı Aslan bəyə o qədər təsir edibdir ki, o təsiri parlaman əhlinə yetirmək üçün, bəlkə sözünə inanmazlar, - deyə kərratilə Allah-təalaya and içirdi:

"Vallah, mən doğru deyirəm.

Camaət əldən getdi, Allaha and olsun!"

Mən onu gözləyirdim ki, camaətdən birisi durub deyəcək:

-Mən ölüm, doğru degirsən?

Bu da cavab verəcəkdir ki:

-Sən öl, Həzrət Abbas həqqı!

Görünür, bizim sosialistlər özgə millət sosialistləri kimi deyildirlər. Allaha, peyğəmbərə inanırlar.

Əmma mənim qəlbimi şad edən burasıdır ki, bizim sosialistlər Azərbaycanın istiqlaliyyətinə də inanırlar!

Burası, sosialistlərimiz tərəfindən göstərilən siyasi bir hünərdir ki, bu hünər düşmənlərimizi məqhur və məyus, dostlarımızı isə məsrur və məmnun edib, ümidsizlərə ümid, ümidlilərə də qüvvət və səbat verməklə yavaş-yavaş da olsa mənzili-məqsədə tərəf qədəməndaz oluruq.

Biz bir şeydən qorxuruq:

İstiqlal yolunda iki qədəm atmışdıq, birisi istiqlali-elan və müstəqil hökumət təşkili, ikincisi isə parlaman açılması.

Biz qorxurduq ki, üçüncü qədəmi atmağa bizə imkan verməyib, yoldan qaytaralar...

Əmma şükür olsun, Aslanbəy and içdi Allaha ki, sosialistlərimiz imdada yetişib, üçüncü qədəmimizi daha da gen qoymaq üçün qolumuzdan yapışdılar.

Qədəmlərimiz bir-birindən mübarəkdir.

Bunlara ad qoyaq.

Birinci qədəm - müstəqil hökumət.

İkinci qədəm şuraye-milli, yaxud parlaman. Üçüncü qədəm isə - əlbirlik!

Bütün parlaman fraksiyalarımızın istiqlal üstündə əlbir olub, söz-sözə verdiklərini xoşbəxt qulaqlarımız ilə eşitdik. İnşallah, bu yoldakı işlərini görməklə gözlərimizin də aydın olduğunu hiss edərik.

İndi doğrudan da demək olar ki:

-Millət irəli gedir!

Artıq, bu sözə gülməyəcəyik, çünki irəliyə doğru üç böyük addım atmışıq və geri dönmək fikrimiz də yoxdur. Aslanbəy demişkən:

-O, getdi:

Aslanbəy bu iki sözü bütün məclis tərəfindən gurultulu alqış almaq üçün demədi, həqiqət elə belədir ki, var:

O, yəni o mənhus geri getdi!

Arvadlar sözü olmasın:

Öylə getsin ki, dalınca da bir qara daş!

Həman o "mənhus geri"nin mənhus əsərlərindən idi ki, Aslanbəydən sonra kürsü xitabətə çıxan Şeyxülislamov "Himmət" firqəsinin adından danışmaq istərkən başındakı fikrini söyləmək üçün ağzında söz tapmayırdı!

Aşkar idi ki, natiqin başındakı fikir rus dilində hazırdır. İndi bunu türkcəyə tərcümə etmək lazım. Ona görə gərək məclis əhli səbr edib, gözləsin, lakin tərcümə üçün də türkcə yaxşı bilmək lazımdır, halbuki natiq türkcə bisəvaddır. Pəs nə olsun?

Hər nə oldu - desin!

Odur ki, "paydar" deyəcək yerdə "paymal" diyordı.

"Cümhuriyyətə inam" əvəzinə "cümhuriyyətə ənam" çıxırdı. Bir çox sözlər vardır ki, heç deyə bilmirdi, gərək məclis əhli özü başa düşə idi. Qərəz, binəva çox əziyyət çəkirdi. Yaxşı ki, kömək edənlər az degil idi. Hər tərəfdən sədri-məclis, bir tərəfdən də yaxındakı yoldaşları "sufliyorlıq" zəhmətini müzayiqə etmiyordılar.

Bir də natiqin canını qurtaran bir əhvalat idi. Yalan yanlış da olsa, dediyi sözlərin mənası o qədər şayani-əhəmiyyət idi ki, həman hər mətləbindən sonra uzun alqışlar guruldayırdı, natiq bu fasilədən istifadə edib o biri fikrini tərcüməyə çalışırdı.

Həqiqət, Şeyxülislamov çənablannın bir para mətləblərini qızıl xətt ilə yazıb saxlasan səzadır.

Degirdi ki:

-Azərbaycan istiqlalı yolunda mübarizə etmək lazım gələrsə, birinci mübarizə cərgəsində biz sosialistləri görərsiniz!

İndi "İznamya truda" qəzetəsi müsəlman sosialistlərinin bu cürə sözlərini eşidib də söyməsin bəs nə eləsin? Ümidləri puç oldu getdi...

"İznamya truda"nın başına yığılmış olan yalançı sosialistlər bu ümiddə idilər ki, Azərbaycan istiqlalının təzə qoyulmuş binasını uçurub dağıtmaqda müsəlman sosialistləri onlar ilə əlbir olacagdırlar və Azərbaycan evi Azərbaycan övladının öz əlilə yıxılacagdır.

Görünür, onlar boylə güman edirmişlər ki, bizim sosialistlər, sosializm kimi ali bir elmi ağıl və bilik sayəsində dərk etməyib, yalnız bir "moda" olmaq üzrə özlərinə sosialist adını qoyubdurlarmış, binaən əleyh "bizdən ayrılmağa utanarlar", ya ki onları uşaq kimi tovlamaq olarmış ki, boylə iş yaxşı degil, rus demokratiyasından ayrılıb istiqlal qurmaq sosializm işinə xəyanətdir və sairə, və sairə, və sairə. Lakin bizim sosialistlərimizin ağıl və dərrakəsi "İznamya truda" başına yığılmışların şeytanət və xəbasətinə qələbə çalıb, sosialistlərimizin "moda" üçün degil, bəlkə ciddi surətdə miskinlər tərəfdarı olduqlarını hər kəsə bildirdilər. Miskinlərin də kim olduğu məlumdur.

Bizim kəndçilərimizdən, bizim əmələ və rəncbərlərimizdən başqa miskin kim ola bilər?

Deməli, "İznamya truda"çıların bu ümidi də çürük qoz kümi puça çıxdı, sosialistlərimizi uşaq kimi tovlaya bilmədilər!

Odur ki, indi də qorxuzmaq istəyirlər, xox gəldi edirlər! Boylə ki, "İznamya truda"nın son nömrələrinin birində bizim sosialistlərə itab və xitabən acıqlı bir məqalə yazılıbdır:

-Siz nə ixtiyarla özünüzə "Azərbaycan sosialistləri" adını qoydunuz?

Deməli, bunların sözündən boylə çıxır ki, rus sosialisti, alman sosialisti, firəng sosialisti olar, əmma Azərbaycan sosialisti olmaz, necə ki, Azərbaycan istiqlalı da ola bilməz!

Andranikləri müdafiə edən bu cürə "soysialist"lərdən hələ çox sözlər eşidəcəyik...

Boylə güman edilməsin ki, bu sətirləri yazan özü sosialistdir, ona görə də sosialistlərimizin hünərləri haqqında bu qədər danışır. Xeyr, mən sosialist-filan degiləm, ola bilər ki, hələ ağlım o dərəcəyə çatmayıbdır, ancaq məni bir bu qədər fərəhləndirən Azərbaycan istiqlalı məsələsində sosialistlərimizin bu dərəcə sağlam, düzgün və həqiqi bir vəziyyətdə bulunmalarıdır. Məni fərəhləndirən, sosialistlərimizin par- laman kürsüsündə ağızlarından çıxan gözəl və pürməzmun sözlərdir.

Məsələn, Şeyxülislamovun bu sözlərini eşidib də hansı Azərbaycan övladı fərəhlənməz ki, diyordi:

-İstiqlalımıza inanmayan, gələcəyimizə ümidvar olmayan adamlar, hökumətimiz içində olmamalıdır!

* * *

Qərəz! Mətləbi uzatmayaq. Növbət dördüncü addımındır. Bu addımın da adı:

Ləyaqətdir!

Yəni müstəqil yaşamağa layiq olduğumuzu bildirsək, axırıncı olan beşinci addımımızı da atıb mənzili-məqsədə yetişərik.

Beşinci addım isə:

-İstehqaqdır.

İstiqlalə müstəhəqq olduğumuzu dünaya aşkar edək.

Bu axırıncı addım da atılarsa, özümüzü məqsədimizin mənzilində görərik.

O məqsəd isə:

-Yaşasın müstəqil Azərbaycan!

Kəlami-insaniyyət pərvəranəsinin sülh konfransında vilsonların ağzı ilə bütün cahana elan və elam edilməsindən ibarətdir!

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 34-37.