Bu gün
Bu gün ki kanuni-əvvəlin ikisidir, Azərbaycan Cümhuriyyətinin paytəxti olan Bakı üçün tarixi mahiyyəti haiz bir gün olmaqla əhəmiyyəti dəxi nəticə etibarı ilə bütün cümhuriyyətimizə şamil olacaqdır.
Bu gün Bakı şəhəri çahar ətrafımızdan gələn və paytəxtimizi ziyarət etmək istəyən mehmanlarını pişvaz üçün hazırlanmışdır.
O mehmanlar, əvvəla, İngiltərə baş nümayəndələr və saniyən, İran xalqının mürəxxəsləri, salisən, paytəxtimizə birinci kərə qədəm qoyan Ermənistan hökuməti rəisi, rabiən Gürcüstan dostumuzun hökuməti nümayandələri həzəratıdır.
İngiltərə hökumətinin Mavərayi-Qafqaz toprağı üzərində təşkil etmiş olan novzad cümruhiyyətlərə qarşı ixtiyar etmiş olduğu sağlam politikası bu kimi mühüm işlərə qarşı göstərməkdə olduğu etina və əhəmiyyət düvəli-müəzzəmə arasında haiz olduğu ali mövqeyinə, şan və şövkətinə və dünki böyük zəfər və qələbələrinə rəğmən bizim kimi yeni doğma bir cümhuriyyətlə vaqe olan müamilələrin də beynəddüvvəl mövcud olan ehtiramata riayət etməsi və baxüsus istiqlalımızın təsdiq və təqviyyəsi həqqında bizə verməkdə olduğu ümidləri təbiidir ki, istiqlaliyyətini bir bu qədər əziz tutan Azərbaycan həqqında bir hüsn şükran oyadıb, meyl və rəğbətini oyadacaq idi. Ona görədir ki, İngiltərə hökuməti nümayəndələrinin paytəxtimizə vurudini Azərbaycan əhalisi həmişə olduğü kimi kəmali-xoşnudi ilə qarşılayıb əziz qonaqlara məxsus olan ehtimatı həqlarında göstərəcəkdir.
Qafqaz millətləri arasında saziş və etilaf bəqasi yolunda bir bu qədər səmimiyyətlə çalışan Orderop və Rey həzrətlərinin özləri dəxi xüsusi olarağ böyük bir izzət və ehtirama layiq zəvat başçılarındandır.
Qonşumuz və həmdinimiz olan İran xalqı mürəxxəslərinin paytəxtimizə vürudi xüsusi əhəmiyyəti haiz olan bir keyfiyyət cümləsindən ədd ediləcəkdir. Qafqaz Azərbaycanının müstəqil bir hökumət şəklinə girməsi əmri İran dövləti və İran millətindən ötəri ən böyük əhəmiyyəti olan mühüm bir məsələdir. Ona görə rəsmi və qeyri-rəsmi İran bu əmrin vüqu əqəbincə bu məsələyə lazımınca etina və diqqət verməyi vacib vəzifələrindən biri bilib, bu əmrə qarşı əlaqə və münasibətlərini bir an əvvəl təyin etməli idi. Biz keçən səfər dəxi məqaləmizin birində bu xüsusda yazıb İranın Azərbaycan istiqlalı həqqında özünəməxsus müəyyən bir münasibət peyda etməsi lüzumundan bəhs etmişdik. Bunun biz azərbaycanlılar üçün dəxi böyük bir mənası olduğuna görə ümid etməlidir ki, paytəxtimizi ziyarət etmək üçün gələn əziz qonaqlarımız iştə bu münasibət binasının əsasını vəzi müvəffəq olmaqla aramızda bir dəm cüzi də olsa vaqe olan dedi-qoduların rəfinə və baxüsus işdən vüqufları olmayan bəzi İran əhlinin bizə qarşı ibraz etməkdə olduğu etibarsızlığın əzələsinə səbəb olarlar. Əlbəttə, paytəxtimiz İrandan əziz qonaqlarımız haqqında lazımi ehtiramatını ifadə qüsur göstərməyəcəkdir. Paytəxtimiz qonşumuz Ermənistan hökumətinin rəisi həzrətlərini kəmali-ehtiramla qarşılamaq üçün dəxi lazımi tədbirdə bulunmüşdür.
Ermənistan ilə Azərbaycan arasında ilk dəfə vaqe olan bu rəsmi ziyarətin müsəlman mabeyində və vücudi nə qədər lazım olan bir sazişin bir bu qədər açıqlıqdan sonra bilaxirə hüsulə gəlməsi üçun, böyük bir təsiri olacağı şübhəsizdir. Ermənistan və Azərbaycanın bir-birinə qarşı düşmənanə bir vəziyyətdə qalmasının hər iki cümhuriyyət üçün son dərəcə zərərli olduğuna hər iki tərəfin qənaəti-vicdaniyyəsi hasil edilib bu xüsusda imanları kamildir. İştə birkərəlik lüzumsız və zərərli olan bu xüsuməti bərtərəf etmək və onun əvəzinə dostluq və saziş salmaq vəxtı artıq yetişib bu əmr icrasını mövkib bir surətdə tələb etməkdədir. Azərbaycan hökuməti və Azərbaycan milləti səmimi bir saziş tərəfdarı olduğunu kərrat ilə isbat etmişdir. Ümid edirik ki, Ararat hökuməti dəxi öz rəisini paytəxtimizə qonaq göndərməklə o tərəfin dəxi həqiqi saziş tərəfdarı olduqlarını bildirib, Azərbaycan və Ermənistan konfransının hər iki milləti xoşnud və məsrur edəcək bir nəticə verəcəyinə ümidlər oyadır.
Dost və müttəfiqimiz gürcü hökumətinin möhtərəm nümayəndələri dəxi paytəxtimizi ziyarətlə bu üç novzad cümhuriyyətlər arasında mətin və möhkəm bir etilaf hüsulinə çalışacaqlarından ümum qafqaz millətlərinə böyük bir xidmət göstərmiş olacaqdırlar.
Paytəxtimizi ziyarətlərilə təşrif edən ümummöhtərəm qonaqlarımıza kəmali-səmimiyyət ilə “xoşgəldiniz, səfa gətirdiniz” deyib müəzzəf olduqları əmlərində müvəffəqiyyətlərini arzu edirik.
Bu gün paytəxtimizdə əziz qonaqlar təşrifindən əlavə digər bir mühüm əmr vüqui dəxi olacaqdır ki, onun da məmləkət üçün böyük bir əhəmiyyəti vardır. O da Azərbaycanda şayani-əhəmiyyət bir mövqe ehraz etmiş olan “Müsavat” firqəsinin ikinci qurultayının rəsmi güşadıdır. Elani-istiqlaldan əqdəm və istiqlal elanından sonra Azərbaycan müqəddəratının həlli əmrində böyük rollar oynamış və oyanmaqda olan bu firqənin məmləkətin mühüm əmrlər qarşısında olduğu bir zəmanda qurultay çağırması ən müvafiq əsabətlərdəndir. Arzumuz budur ki, bu firqə ümdə diqqətini və bütün səyini-hüsulinə səbəb olduğu istiqlalımızı bəqa və vüsəti əmrinə həsr edib də üzərimizdə dövran etməkdə olan qara buludların tamamilə rəf və izaləsinə qədər məhz bu yolda işləməgi proqramın birinci maddəsinə qeyd ilə bugünkü vəzifələrini bundan ibarət bilsin.
Qurultayın rəsm güşadını alqışlayıb, möhtərəm əzalarını təbrik ilə müvəffəqiyyət tammələrini təmənni edirik.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 280-281.
