Üzeyir Hacıbəyli

Ordan-burdan: [Müəllimlər ictimai]

"Müəllimlər ictimai camaat məktəblərinin müdiri "Narodnıy inspektoru"nun cavabdəhəndəliyi ilə onun təhti-sədarətində olmalıdır. Sədr nə vaxt istəsə məclisi bağlaya bilər, habelə də üzvlərinin hansını istəsə məclisdən kənar edə bilər. İctimai 7 gündən artıq ola bilməz. Məclisə ancaq bircə inspektora tabe olan rayon müəllimləri cəlb ola bilər, bundan başqa heç bir kəs məclisə buraxılmaz. Məclisdə təlimdən qeyri heç müzakirə ola bilməz. İctimai edənlərin nə səsləri ola bilər, nə də qərarnamələri.
                                                                                                                                                                                                                           "Ministr iznnaməsi"
İnspektor (syezdə yığılmış müəllimlərə). Xub, "isyezd"mizi başlayaq. Amma necə ki, sizə məlumdur hər bir məclisdə bir başçı adam, yəni bir sədr olmalıdır. Sədr kim olsun?.. Bu məsələni (əlini uzadır Peterburqa tərəf) ministr cənabları özü həll eləyibdir. (Döşünə döyüb çığırır.) Sədr mənəm! İndi mən ki, sizin inspektorunuzam və bir də sədrinizəm məclisi açdım, təvəqqe eləyirəm ki, qapıları bərk bağlayıb, oturasınız danışaq, ancaq qabaqca bircə məni arxayın eləyin görüm, içinizdə yad adam yoxdur ki?
Müəllimlər. Xeyr, yad adam yoxdur. Tək bir özümüzük!
İnspektor. Dürüst baxın, yoxsa, sonra işin içindən xəta çıxar!
Müəllimlər. Vallah, heç kəs yoxdur, tək özümüzük.
İnspektor. "Vallah" dediyinizə inana bilmirəm. Çünki siz "tazə müsəlmanlardan"sınız, Allaha inanmırsınız, düzünü deyin görüm, burada yad adam yoxdur ki?
Müəllimlər. hərgah inanmırsınız, durun zəhmət çəkib baxın, cəmi cümlətanı üç cüt bir tək adamıq! (kənarə) Utanmasa durub baxar!
İnspektor. Sözün doğrusu, durub baxacağam, çünki mən ministrdən qorxuram, sonra xata çıxar (durub baxır, görür ki, yad adam yoxdur).
Müəllimlər. Hə, gördün ki, biz "tazə müsəlmanlar" hamıdan artıq Allaha inanırıq?
İnspektor (utanır). Əşi, nə bilim, deyirlər ki, "tazə müsəlmanlar" Allaha, peyğəmbərə inanmırlar, görünür ki, sizin üstünüzə böhtan atırmışlar... Ancaq bunun syezdə dəxli yoxdur. Öz sözümüzü danışaq.
Müəllimlərdən biri. Cənab inspektor, izn verin bir söz deyim.
İnspektor. Balam, bu gün olmaz, allah qoysa sabah danışarsan. Çünki indi gecdir, məclisi bağlayıram, durun gedin və sabah bir az tezdən gəlin danışaq.
Müəllimlər (gedə-gedə). Bəli! Bu gün belə iş getdi! Görək sabah nə olacaq...
İnspektor. Məclisi açıram, indi hər kəsin nə sözü var danışa bilər. Allaha şükür, azadlıq verilibdir, siyasi, iqtisadi, ictimai məsələlərdən səvayı hər nə istəsəniz məktəb barəsində söyləyə bilərsiniz. Buyurun!
Müəllimlərdən biri. Biz müsəlman millətinin maarif cəhətincə geridə qalmağımıza səbəb...
İnspektor. Yavaş görüm, hansı müsəlman millətini deyirsən?
Müəllim. Biz Rusiya müsəlman millətini deyirəm. Necə?
İnspektor. Nahaq yerə sən elə sözlər danışırsan, Rusiyada müsəlman milləti olarmı? Rusiyada ancaq rus milləti ola bilər. Və bir də axı "millət" sözünün bura nə dəxli var? Sən gərək məktəbdən səvayı ayrı söz danışmayasan.
Müəllim (bilmir nə desin). Məktəb məsələsi lap vacib məsələlərin biridir...
İnspektor (birdən). Tez ol, otur aşağa!
Müəllim (təəccüblə). Nə üçün, cənab inspektor?
İnspektor (lap arxayın). Çünki mənim keyfim belə istəyir, ixtiyar sahibiyəm, istəsəm səni buradan qovaram da! Qoy indi də özgəsi danışsın.
Bir özgə müəllim (durub danışır). Bizim hamıdan geridə qalıb mədəniyyət və mərifətdən məhrum olmağımıza səbəb məktəblərimizin azlığıdır. Ona görə bizə vacibdir ki, səy edib...
İnspektor. Mənə də vacibdir səy edib sənə deyəm ki, daha artıq müşərrəf eləmə!.. Dilotu yeməmisən ha! Bir-iki söz dedin bəsdir. Qoy elə olsun ki, hamı danışa bilsin. Otur!
Bir ayrı müəllim. Bizi hamı məzəmmət eləyir ki, biz bir vəhşi və qanıb-qandırmaz bir tayfayıq: Mənim buna heç bir sözüm yoxdur, amma, əgər insaf məqamına gəlib, işin əslini axtarasan...
İnspektor. Qurtardın?
Müəllim. Xeyr, hələ tazə başlayıram.
İnspektor. Ancaq uzun eləmə.
Müəllim. Bəli, əgər işin əslini axtarasan, onda hər bir sahibi- vicdanə məlum olar ki, burada məzəmmətə layiq biz dəyilik, bəlkə hökumətin özüdür ki, bizi...
İnspektor (acıqlı). Hərgah bu saat buradan itilib, bayıra çıxmasan iki nəfər qaradavoy çağırıb deyərəm ki, səni aparıb qazamata soxsunlar.
Müəllim. Qaradavoylara zəhmət vermək yaxşı deyil, mən özüm bayıra çıxaram (çıxır).
İnspektor (onun dalınca). Hərgah bu gedənin axırı anarxist olmasa mənə hər nə desəniz deyin. Bu cürəni işkolda saxlamaq olmaz. Gərək qovam getsin dərdinə!
Müəllimlərdən biri. İzn versəniz mən də danışım!
İnspektor. Yavaş, hələ bir az acığım soyusun, yoxsa bu saat elə bilirəm ki, dünya başıma hərlənir (acığı soyuyandan sonra). Danış görək, amma tez qurtar, füzulluq eləmə!
Müəllim. Siz bu məclisi açandan özünüz buyurdunuz ki, allaha şükür azadlıq verilibdir...
İnspektor. Xub, bu cürə sözlərin məktəb məsələsinə nə dəxli var?
Müəllim. Bir az iltifat eləsəniz, görərsiniz ki, çox dəxli var.
İnspektor. Təvəqqe eləyirəm ki, mənimlə o cürə zarafatları eləməyəsən! Danışırsan məktəbdən danış, danışmırsan otur yerə. Daha "köhnə yorğan içi sökmə".
Müəllimlərdən bir neçəsi. Qospadin inspektor, bu olmadı ki!..,
Sair müəllimlər. Yox, qospadin inspektor, bu cürə syezd olmaz ki, sən başlamısan. Buna polisxana deyərlər.
İnspektor (acıqlı). Aha! Bunt eləmək istəyirsiniz?
Müəllimlər. İnsafın olsun, ay inspektor, məyər buna bunt deyərlər?
İnspektor. Məktəbdən səvayı hər nə danışsanız hamısı bunt və iğtişaşa dəlalətdir!
Müəllimlər hamısı bir yerdə (çırtıq çalıb oxuyurlar).
Gəlin gedək məktəbə, Ay bəri bax, bəri bax!
İnspektor (başı lovlu yügürür telefonun ağzına və tələsik general qubernatoru çağırıb deyir ki,). Vaşe prevosxoditelstvo! Tezcə ol bura 100 nəfər qazaq göndər. Uçitellər bunt eləyib, "Marselyez" oxuyurlar. Bir az keçsə bu evi dağıdacaqlar; tez ol ki, hökumət əldən getdi.

                                                                                                                                          Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 333-336.