Müdhiş etiraz
Bu gün dünyada bir yer yoxdur ki, oradan iğtişaş sədası, şuriş səsi gəlməsin. Demək olar ki, yaşadığımız bu XX əsrdə bütün dünya ümumi bir qələyan, hərcayi bir həyəcan içində titrəməkdədir.
Ən mədəni tayfalardan başlamış, ən vəhşilərə kimi, bu gün hamı şuriş və iğtişaşa sarılıb mübarizə edir və bu günə kimi ümumi sükunəti xələldar edirlər.
Əcəba, bu şuriş, bu iğtişaş, bu mübarizə nə üçündür?
Bunlar hamısı çürümüş, köhnəlmiş, əməldən düşmüş qayda. və nizamlara qarşı qəti bir etirazdır. Görünür ki, bu XX əsr, keçmiş əsrlər tərəfindən bərpa edilmiş qayda və nizamlara təhəmmül eləmir. O qayda və nizamlar bir o qədər köhnəlibdir ki, yenilənmək və təzələnməyə meyyal olan həyati-bəşəriyyənin asayiş və intizamını təmin edə bilməz.
O səbəbdəndir ki, hər tərəfdən etiraz sədaları qalxıb artmaqdadır. Bir ovuc köhnəpərəst və irticapəsənd adamların bu etiraz sədalarını yatırtmağa qarşı olan təşəbbüsləri, onlar üçün heç bir müvəffəqiyyət hasil etməz. Bu sədalar get-gedə çoxalıb, artıb, axırda gurultulu bir zərbə ilə qarşısına rast kələn bütün mümaniətləri nist və nabud edər. Daha bu etiraz seli qabağında köhnəpərəstlik qayaları sədd olub davam eləməz!..
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 86.
