"Səddi-İsgəndər"
Avropa mətbuatının bizə çatan ala- yarımçıq xəbərlərindən bizə, bizim istiqlalımıza, bizim müqəddəratımıza aid yazılarını böyük bir maraqla arayub oxuyuruq. Oxuyub da məyus və mükəddər olmaq məcburiyyəti hiss edib fikirlərə düşürük.
O mətbuat, baxüsus, Fransa mətbuatının bizim haqqımızdakı fikri bizim Afrika vəhşiləri barəsində qərarlaşmış fikrimizin eynidir.
O mətbuatın fikrincə Qafqazda iki qisim millət vardır ki, onlardan birisi məzlum, digəri zalımdır. Zalım, əlbəttə, bizmişik, özümüz də vəhşi, yırtıçı, mədəniyyət düşməni. İrfan məxasimi zalımlardan imişik. Bizim heç bir məziyyətimiz, heç bir fəzilətimiz yox imiş. Məhz bir vəhşət və dəhşət mücəssəməsi imişik.
Haqqımızda olan boylə bir fahiş və haqsız nəzər, yevropalılarda nədən və nərədən hasil olmuşdur?
Bu nəzər, sənələrdən bəri əleyhimizdə çalışmaqda olan düşmənlərimizin səy və əməklərinin məhsul və nəticəsidir ki, bizimlə Avropa arasında zənn edirsən ki, yıxılmaz, deşilməz, keçilməz bir “Səddi-İsgəndər” əmələ gətirib və bizi “yəcuc-məcuc” mənzələsində qoymaqla əbədi bir zindana məhkum və açılmaz bir tilsimə salmışdır.
Əcəba Avropaya göndərmiş olduğumuz mürəxxəslərimiz bu səddi yara biləcək və bu tilsimi aça biləcəkdirlərmi?
İştə mühüm bir məsələ!
Düşmənlərimiz bu işdə də bir çox çalışmışdırlar. Azərbaycan mürəxxəsləri əhyanən bunların yalan və iftira və böhtandan qurulma kələklərini açar qurğusilə mürəxxəslərimizin üzərinə olmazın böhtanlar atmaqla onları da Avropa nəzərində ləkələndirmişdirlər. Bunun nəticəsi olacaqdır ki, fransuz qəzetələrindən ən nəzdik beyinləri mürəxxəslərimizin Parisə vürudini bir taqım nalayiq sözlərlə “təbrik” edib öz münasibətlərini bildirmişdirlər.
Bunun üçündür ki, Parisdəki mürəxxəslərimizin vəzifəsi dedikcə ağır və müşküldir. Bir tərəfdən öz böhtanlanmış adlarım təbərre etdirmək, digər tərəfdən düşmənlərin tilsimini qırıb həqiqəti meydana çıxarmaq nə qədər məharət və ustadlıq istər.
Qəzetəmizin dünənki nömrəsindəki xəbər ki, mürəxxəslərimiz “dördlər” tərəfindən hüzurə qəbul edilmişdirlər, bizə bir taqım ümidlər verir və bunu təbşir edir ki, Avropada dəllallıq edən və özünü pula satan məsləksiz mətbuat olmaqla bərabər, doğruluq sevən adamlar, cəmiyyətlər və işin ciddiyyətini nəzərə alıb da hər tərəfin sözünü və şikayətini dinləməklə, bir gözlü və bir qulaqlı olmaq istəməyənlər dəxi vardır. Binaən əleyh düşmənlərimizin “Sədd-İsgəndər”i əslində saxta bir sədd, tilsimləri aldatma bir tilsim olduğundan himmət və həmmiyyətimiz sayəsində bu səddi uçurmaq və bu tilsimi açmaq imkanına ümidimiz çoxdur.
Əgər bu işə müvəffəq olarsaq, avropalıların gözləri açılıb da baxıb görərlər ki, sədd arxasında olanlar zənni-batillərinin əksinə olaraq yəcuc-məcuc degil, bəlkə özləri kimi adi insanlardır ki, nə zalımdırlar, nə mədəniyyət düşmənidirlər, nə irfan əduləridirlər, biləks, alicənab, mərhəmətli, insaflı, tərəqqi və təkamülə malik bir qövmdür ki, müxalif tərəfin təsvir və tərif etdiginə heç də oxşayışları yoxdur.
O halda işlər açılar və ikigözlü Avropa öz zəlalətini də anlar, düşmənlərimizin degil, yalnız bizə qarşı bəlkə bütün insaniyyətə, ümumaləm bəşəriyyətə qarşı xəyanətlər etmiş olduğunu dərk ilə xainlərə bizimlə bərabər lənətxanı olar.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 193-194.
