Ordan-burdan: [Rəfiqimdən məktub]
Peşiman olub bir Allah bəndəsi ilə rəfiq olmuşam. Hər dəfə, görürsən, mənə bir kağız yazıb bir qulluq buyurur.
İndi də yazıbdır ki:
Əzizim Filankəs, təvəqqə eləyirəm ki, bu göndərdiklərim kağızları aparıb tezliklə poçta salasan, yoxsa vaxtı keçir; ancaq təvəqqə eləyirəm ki, açıb oxumayasan, çünki içində məxfi sözlər yazılıbdır.
Sözün doğrusu, bu sözlər mənə çox bərk dəydi. Dedim, indi ki belədir, mən mən deyiləm sənin kağızlarının hamısını oxumasam.
O saat kağızların başını açıb, gördüm nə?
Peterburqda Dövlət dumasının müsəlman üzvlərinə:
Getdin gördün dum
Nə eləyirsən "şurum-burum"
Otur yerində ağzını bərk-bərk yum.
Bakıda müsəlman qoçularına:
Getdin gördün partapart
Nə eləyirsən qaradavoy, saldat,
Piştovunu çıxart, sən də bir yandan at.
Qafqazda bir neçə mollaya oxşayanlara:
Getdin gördün müsəlmanlar bir-birini qırır,
Nə eləyirsən soruşub: kim kimi vurur?
Get yeginən bozbaşı, gör necə keyfin durur!
Dünyada bütün müsəlman dövlətlərinə:
Getdin gördün Zəngəzurda ac
Nə eləyirsən axtarıb əlac,
Ciblərini tutub, dabanına tüpür qaç.
* * *
İstambulda Sultan həzrətlərinə:
Getdin, gördün rəyət
Nə eləyirsən ədalət və hürriyyət,
Yapış boğazından, ver əziyyət.
* * *
İranda xanlara və bəzi İran konsullarına:
Getdin gördün hammal,
Nə eləyirsən sorğu-sual,
Tez ol, başına bir qapaz sal.
* * *
Qafqazda bəzi müsəlman "başbilənlərinə":
Getdin gördün camaat,
Nə eləyirsən onlara itaət,
Bacar, cibin kəs o saət.
* * *
"İşto-mişto" bilən müsəlmanlara:
Getdin, gördün müsəlman,
Nə eləyirsən din, məzhəb və iman
Bir danos yaz ki: "əto çelovek yaman".
* * *
"Evli-eşikli" müsəlman cavanlarına:
Getdin gördün "barışnə"
Nə eləyirsən, arvad, uşaq, yeznə...
(heyf ki, burasını oxuya bilmədim, heç nə!) Vəssalam!
* * *
İndi biz bu kağızları açıb oxuduq və rəfiqimin də məxfi işlərini duyduq, aya nə tövr eləyək ki, bu kağızlar gedib öz yerlərinə çatsın və "padloq" işimizin başı tutulmasın?
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 273-275.
