Vəkillərimiz nə tövr olmalıdır
Bakı quberniyasından da Dövlət dumasına vəkil seçmək zamanı yetdi: seçkiçilər gəlibdirlər ki, öz aralarından adamlar seçib Dövlət dumasına göndərsinlər. İştə, bütün Bakının və Bakı quberniyasının ümidi yalquz bu adamlara bağlıdır. Çünki əhalinin illərcə yığılıb qalmış və nəzəri-diqqət və etibara alınmamış ehtiyacatını rəf etmək bu adamların əlindədir. Lakin əhalinin dərdlərinə dərman, ehtiyacatlarına əncam və çara aramaq üçün əhali tərəfindən vəkil olub dumaya getmək nəhayət dərəcə böyük bir əmrdir ki, hər kəs bu əmri əmələ gətirməyi bacarmaz. Ona görə vəkillərimizə lazımdır ki, seçilib dumaya getmədən əvvəl, öhdələrinə götürdükləri bu əmri-əzimin barəsində dərin-dərin mülahizə və təsəvvürlərdə bulunub öz istedad və qabiliyyətilə vuruşdursunlar və vicdanlı hökm ittixaz etsinlər. Əgər bu əmri- əzimin “öhdəsindən gələ bilməyəcəyini qəlbən iqrar edərsə, bu işdən əl çəksin və bu vəzifəni öhdəsindən geri versin.
Əhali tərəfindən vəkil olub, Dövlət dumasına gedən şəxsə lazımdır ki, onu layiq bilib seçən əhalinin rəfah və səadətinə alışmağı niyyət edib, yalquz bir bu niyyətin hüsulə gəlməsinə sərfi-məsai etsin. Bu yolda heç bir məmaniət gərək onun qabağını kəsməsin.
Əvvəla, vəkilə olan şəxs gərək əhalinin hər bir ehtiyacatından xəbərdar olsun. Ümumi ehtiyacatımız dürlü-dürlüdür. Bundan masəva, əhali neçə-neçə siniflərə bölünür, ümumi ehtiyacatdan səvayı hər bir sinfin özünəməxsus ehtiyacatı var. Bu ehtiyaclar dəxi vəkil adlanan şəxsə məlum olmalıdır. Əgər vəkil özü mənsub olan sinfin ehtiyacatına artıq diqqət yetirib də sair siniflərin ehtiyacatından Əğmazi- eyn edərsə, o surətdə sairlərinin haqqında zülm etmiş kimi olub, onların yanında məsul qalar. Əhali tərəfindən dövlət dumasına öz vəkilinin adma göndərilən ərizə (petitsiya)lərə vəkil olan şəxs böyük diqqət yetirib müzakirələr əsnasında mövqiə qoyub əncam aramalıdır.
Bu ehtiyacat ilə dürüst aşina olmaq üçün vəkillərimiz bu nömrəmizdə mündəric “Qafqaz müsəlman vəkillərinin vəzifələri”. Ünvanda məqaləyə artıq-artıq diqqət yetirməlidirlər.
Saniyən, əhali ehtiyacatından mükəmməl surətdə xəbərdar olan vəkil bu ehtiyacatı layiq surətdə izhar etməkdən ötrü rus dilinə kəmalən və təmamən dara olmalıdır. Məlumdur ki, fəsih və bəliğ surətdə danışmağa qadir olan şəxsin söylədikləri hamının diqqətini cəlb edib heç bir vaxt əsərsiz qalmayır. Dürüst dil bilən adam ürəyində olanın hamısını izhar və ifadə eləməyə qadirdir. Onun izharat və ifadatı də nə qədər ki, fəsih və bəliğdir, bir o qədər əsərpəzir olub nəzəri etibardan geri durmaz.
Salisən, əhali ehtiyacatından xəbərdar olub, o ehtiyacatı söyləməyə də qadir olan vəkil gərəkdir ki, heç bir şeydən çəkinməyib və qorxmayıb, hər nə ki, ürəyində vardır hamısını kəmali-cəsarət və cürət ilə izhar etsin. Dövlət duması öylə bir yer deyil ki, orada utanmaq, qorxmaq, çəkinmək kimi sifətlər vəkil qabağında məmaniət olub onun niyyət və məqsədi-alisinə xələl yetirə. Bu bir meydandır ki, burada hər bir millət bahadiri öhdəsinə götürdüyü vəzifənin ifa və icrası üçün hər nə tövr iş görməyi lazım bilirsə, o işləri görməməkdə özünü sərbəst, azad və muxtar hesab etməlidir. Vəkil bunu heç bir an unutmamalıdır ki, o, əhalinin ümidgahi-yeganəsidir. Onu seçib göndərən əhalinin gözü bir tək ondadır. Bu isə vəkilə cürət və cəsarət verib, onu hərdən ürəkləndirir.
Rabiən, vəkil olan şəxs mənfəəti-şəxsiyyəsini bilmərrə kənar atmalıdır. Ümumi əhalinin mənfəətini öz nəfinə satmamalıdır. Əhalinin mənfəətini hər bir şeydən əziz tutmalıdır ki, onun hüsuluna da can və dil ilə çalışsın. Dumada xətir gözləmək, təməllüq etmək, böyük-kiçik saymaq kimi adətləri bərtərəf edib, mərd-mərdanə iş görmək lazımdır:
Xamisən, bütün əhali ilə vəkil arasında gərək məhəbbət və rabitə olsun. Vəkil əhaliyə biganə olmamalıdır. Əhali dəxi öz sevgili vəkilini dumaya göndərdikdə ona hər bir halda arxa və tərəfdar olacağını səmimülqəlb izhar etməlidir ki, bu da vəkildən ötrü ürək-dirək olsun. Vəkil gərək əhalinin ona olan ümidinə inansın, əhali dəxi vəkilin vəkilliyə layiq olduğunu dürüst bilsin, ondan sonra da bir-birinə arxa və kömək olacaqlarında əmin olsunlar. Bu halda Dövlət dumasının üzvləri, yəni əhali tərəfindən göndərilmiş vəkillər orada neçə-neçə firqəyə bölünübdürlər. Bizim vəkillərə də lazımdır ki, bu firqələrin birinə özlərin daxil etsinlər. Bu işi biz vəkilin öz vicdan və insafına həvalə ediriz. Əlbəttə, hər bir halda, vəkillərimizə lazımdır ki, o firqəyə daxil olsunlar ki, onun məramnaməsi biz əhalinin bütün ehtiyacatını rəf etmək üçün ittixaz oluna bilən məramnaməyə müvafiq ola.
İştə, Bakıya cəm olmuş seçkiçilərimiz öz vəzifələrinin əzəmətini aydın surətdə düşünməlidirlər və sədayi-vicdanə qulaq verməlidirlər.
Onlar unutmamalıdırlar ki, əhali onların dumada hər bir əməlinə və hər bir sözünə kəmali-huş və guş ilə diqqət yetirib qulaq asacaqlar. Binaən əleyh əhali məhəbbətini əziz tutmalı və əhali qəhr və qəzəbindən həzər etməlidir.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 223-225.
