Üzeyir Hacıbəyli

Bir iltimas münasibətilə

Rus milli komitəsi Azərbaycan xariciyyə vüzəratına müraciət edib ölkəmizdən qaçmış və Şimali Qafqaz hüdudunda qalmış olan əlli min nəfər rus kəndlilərinin təkrar toprağımıza qayıtmağı və qaytarılmağı xüsusunda iltimasda bulunur. Komitə deyir ki, "Azərbaycan hökumətinin rus kəndlilərinə qarşı hüsnü-təvəccöhünü bildigimizə görə təvəqqe edirik ki, həman kəndlilərə Azərbaycan toprağında yer verilsin, onlardan əlavə Qafqazın sair yerlərindən gələn ruslara dəxi Azərbaycanda məskən salmaq imkanı rəva görülsün".

Təəccüb işdir. Rus milli komitəsi bir tərəfdən bizi və bizim hökumətimizi tanımağı əsla qəbul etməyir, naşiri- əfkari olan "Yedinaya Rossiya" qəzetəsinin hər nömrəsində hökumətimizi ilan kimi çalır, azadlığımızın düşmənləri cərgəsində durub onlarla həmavaz olub, Azərbaycan istiqlalına qarşu bədgüluq edir, rəisülvüzəramız tərəfindən təklif olunan vəzirlik yerinə qeyri-qabil bilib "atkaz" edir, bir tərəfdən də bu tanımadığı və qəbul etmədigi hökumətə müraciət edib, əlaqə bağlayır və dürlü-dürlü iltimaslarda bulunur.

Bir tərəfdən bizdən küsür, bir tərəfdən əlaqə bağlayır. Daha açığı, rəsmiyyət məqamında bizi rədd edir, əmma qeyri-rəsmi halda xeyrimizdən istifadə etmək istəyir.

Bu nədir? İkiüzlülükdür, yoxsa bizi safdərun hesab edib ələ salmağdır?

Və bu nə sənətdir ki, həman milli, komitə genə bir tərəfdən Azərbaycan hökumətinin "rus kəndlilərinə qarşı hüsnü-təvəccöh göstərmək"də olduğunu guya iqrar və etiraf edir, digər tərəfdən hökumətimizin həman rus kəndliləri xüsusunda "zülm və sitəmdən" müfəttinanə bir surətdə qəzetələrində danoslar yazıb əlavə general Tomsona bizlərdən və hökumətimizdən şikayətlər edir ki, guya biz azərbaycanlılar lazım olub "məzlum" rusların kənd və kəsəklərini dağıdırıq...

Boylə olan surətdə rus milli komitəsinin təvəqqe və iltimaslarına bizim hökumətimiz nə əsasla məhəlgüzar olsun?

Əgər rus milli komitəsi vaqedə Azərbaycan ruslarının qeydkeş və dərdinə qalar isə, pəs nə üçün kabinəmizdə vəzirlik yerinə qəbul etmədilər? Halbuki bu vəzirlik ilə Azərbaycan ruslarına daha artıq kömək yetirə bilərdi və ehtiyacını daha tezliklə rəf çalışardı.

Aşkar degilmi ki, rus milli komitəsinin amal və arzusu Azərbaycanda yaşayan rusların mənafeyini gözləmək olmayub, bəlkə politikaçılıqdır ki, o politika sayəsində bizləri təkrar Rusiyaya bitişdirib istiqlalımızın məhvinə səbəb ola və əlli min nəfər rusu Şimali Qafqaz hüdudundan qaytarıb da toprağımızda yerləşdirməkdə məqsəd genə də politika yeritməkdir ki, onun təfsiri uzundur, əmma zənn edirəm ki, bunu anlamaq üçün təfsirə möhtac olacaq dərəcə kəməql degilik.

Məsələnin özünə gəldikdə, əvvəla bunu unutmamalıdır ki, rus kəndlilərinin bilümum Qafqazda və bilxüsus Azərbaycanda yer və mülk sahiblən olması sabiq müstəbid rus hökumətinin "kolonizatsiya" və daha doğrusu, Qafqazı "ruslaşdırmaq" və Qafqazı ruslarla doldurmaqla əhalisinin ehyanən üsyan və inqilab törətməsinə mane olmaq politikasından nəticə verən bir işdir. Vəilla Qafqazda və baxüsus Azərbaycanımızda bir o qədər yer və topraq yoxdur ki, yerli əhalinin ehtiyacatını rəf edəcək dərəcədə kafi olub hələ artıq da qala ki, o artığını Rusiyadan gəlmiş rus kəndlilərinə verələr. Deməli, vətənimizdə rusların və rus kəndlilərinin mülk-maaşı yer və topraq sahibi olmaları yerli əhali üzərinə rəva görülmüş zülm və cəbr nəticəsidir. Vaxtilə bu xüsusda, yəni Qafqazı rus "percscleniyc"sindən azad etmək həqqında başbilənlərimiz və iş görənlərimiz çox çalışdılar. Lakin səy və kuşişləri rus "bürokratiya"sının inadı müqabilində hədər gedib bir nəticə hasil olmadı. İndi isə yerimiz və toprağımızın sahibi özümüz olduğumuz halda, zənn etmərəm ki, hökumətimiz içində bir adəm tapılsın ki, rus müstəbidlərinin politikasına tabe olub da fəla- kətzədə kəndçilərimizin üzərinə təkrar fəlakətlər yükləsin.

Hökumətimizin parlamanın alqışla qəbul etdigi yer və topraq proqramından məlumdur ki, vətənimizdə hər nə yer və topraq varsa biəvəz olaraq kəndlilərimizə veriləcəkdir. Bu kəndlərdən məqsəd şübhəsizdir ki, yerli əhalinin kəndçi sinfidir. Rus mühacirlərinin kəndçilərimizin yer və yurduna şərik çıxmağa heç bir həqqi yoxdur, çünki onların yeri öz doğma vətənləri olan Rusiyadır. O Rusiya ki, bütün aləmdə yer və toprağının çoxluğu ilə məşhurdur. Heç insaf degil ki, Rusiyanın öz yeri, öz toprağı boş-boşuna qalsın da rus kəndliləri gəlub da özgə yerinə şərik olmaqla həm özlərini və həm də yerliləri sıxıntı və əziyyətə düçar etsinlər. Zatən rus mühacirlərinin vətənlərindən färiq olub da, abu-həvasuna alışmamış və şərait məhəlliyəsinə ögrənməmiş, yad yerlərdə sükunət etmələri, özlərinə qabili-əhəmiyyət bir mənfəət vermiyub çəkdikləri cəfanın, gördükləri səfaya dəyməz olduğunu özləri də qərar etməkdədirlər. Hal-hazırda isə toprağımızda yaşayan və yaşamaq istəyən rusların üzərinə bir də Azərbaycan təbəəligini qəbul etmək binaən əleyh Azərbaycan təbəəsi üzərinə gələn hər bir vəzifə və mükəlləfiyyəti qəbula məcbur olmaq təklifi gəlir. Bu da ki, məlumuz olduğu üzrə bir çox rusların və baxüsus bu ruslar həqqında "çalışmaq" vəzifəsində olan rus milli komitəsinin xoşuna gələn və qəbulu mümkün görünən əhvallardan degildir.

Boylə olan halda rus mühacirlərinin vətənimizdə yerli əhalinin mülk və malına, yer və toprağına şərik olub da özümüzü və hökumətimizi tanımaya-tanımaya istirahətə məşğul və ya cəfaya düçar olmalarında nə məna? Vətənimizdə rus mühacirləri iki şərtlə yaşaya bilərlər. Ya gərək Azərbaycan təbəəliyini təmamilə qəbul etsinlər və ya əcnəbi, yəni özgə dövlət təbəəsi sifətilə dolansınlar. Halbuki rus milli komitəsinin bizim istiqlalımızı və hökumətimizi rəsmən tanımaq istəmədigi bu şərtlərin heç birinə imkan yolu vermir. Rus milli komitəsi Azərbaycanımıza "Rusiyanın bir parçası" nəzərilə baxır. Biz də ki, bu işə razı olmadığımızı elani-istiqlal edib bilfel müstəqil bir cümhuriyyət şəklində yaşamağımızla ruslara da və bütün aləmə də ələni surətdə bildirməkdəyik. Bu məsələ isə artıq siyasət aləmində beynəlmiləl bir məsələ olduğu üçün rus milli komitəsinin idarəsilə degil, Cahan Sülh Konfransının təyini ilə qəti surətdə həll və fəsi ediləcəkdir. Cahan Sülh Konfransının da hər bir müzakirati "millətlərin əsirlikdən azad edilməsi" şüan əsasına müstəmənd olacağını bildigimiz üçün, biz dəxi əsirlikdən azad edilməklə layiq bir millət olduğumuzu bu məclisi-kübra təsdiq edəcək deyə qəviyyən etiqad etdigimizdən dolayı istiqlalımızı kəmal ilə yeritmək işində dəvam edirik...

Və bir də əlli min nəfər rus qaçqınlarının vətənimizə gətirilməsi bu vəxtdə ki, hər yerdə cürbəcür naxoşluqlar və mərəzlər əmələ gəlir - hifzüssihhə cəhətincə çox qorxuludur. Azar və naxoşluqların əvvəl-əvvəl qaçqınlar içində törətdigi və o qaçqınlardan da keçib yerli əhaliyə sirayət etməsi hər kəsin məlumudur. Ondan əlavə arada aclıq məsələsi də vardır ki, o nöqteyi-nəzərdə dəxi bu işə baxılarsa, onda da bir çox əndişələr meydana çıxır.

Bizim rus millətinə qarşı düşmənçiligimiz yoxdur, lakin zəmanə "başlı başın saxlasın" zəmanəsidir. Onsuz da milli komitənin və hər bir rusun məlumudur ki, qonşu cümhuriyyətlər də köçməgə məcbur olub da bizim cümhuriyyətə pənah gətirən rusları biz kəmali-mehmannəvazi ilə qəbul edib hər bir idarəmizdə qulluq vermişik və bu yolda o dərəcə "irəli getmişik" ki, idarələrimizin ən məsul vəzifələrini də onlara tapşırmışıq. Halbuki, mehmanlarımızın "ev yiyəsi’nə qarşı göstərməkdə olduqları müamilə, ümumiyyət etibarı ilə bir o qədər də qədirşünasanə degildir.

Məqsəd batinisi məhz istiqlalımıza qarşı bir nümayiş təhdidkaranə olduğu şübhədən ari olan keçən zabastovka həqqində rus milli komitəsinin münasibəti və bu komitənin naşiri-əikari olan "Yedinaya Rossiya’nın sözləri hələ yadımızdadır ki, kəmali-fəxr ilə deyirdi: "bu zabastovka rus hissiyyatı-milliyəsinin" vətənimizdə oyanmağına dəlalət edən bir vaqeədir. Bu "rus hisiyyati-milliyəsinin" vətənimizdə oyanmasına qüvvət vermək üzrə bir də kənardan gəlmə əlli min nəfərlik bir rus kütləsini də əlavə etsək, qabaqda başımıza nələr gələ biləcəgini indidən mülahizə etmək olar...

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- 60-63.