Ordan-burdan
Şuşa uyezdinin Ağdam və Xan kəndi adlı kəndlərindən yazıb, orada olan pristavların əməllərindən şikayət eləyirlər ki, bəli, aldığı şeyi geri vermir.
İdarədən: Heç görün dəxli var! Necə yəni aldığı şeyi geri vermir? Yaxşı, bəs, deməli pristav dəlidir ki, məsələn, Kərbəlayı Bünyadqulunun 4 arşın bir palazını alıb sonra desin ki, a balam, ala verim özünə, yazıqsan? Onu eşidən-bilən nə deyər?
* * *
Qarsdan yazırlar ki, burada bir qədər pul yığılıb bir Müsəlmana verildi ki, apar bunu Gəncə məktəbinə ver, amma müsəlman aparıb verməyibdir.
İdarədən: Nə olsun? Burada nə təəccüblü iş var?.. müsəlmandır, pulu qoyub cibinə və həlbət ağlına bir şey gəlibdir ki, aparıb yerinə verməyib, yoxsa nahaq yerə durduğu yerdə eləməyib ki!
* * *
Yenə Qarsdan yazırlar ki, daha burada müsəlman qalmadı ki, mal və mülkündən əl çəkib Osmanlıya getməsin.
İdarədən: Çünki Osmanlıda yel əsib qoz tökülübdür, indi gedəndə görərlər.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 299.
