Təəssüflər olsun (I)
Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulani mürurilə bizim içimizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi!
Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq!
Bir baxınız: İgirminci əsrdir, sairlər bizdən dəfələrlə yaxşıraq ola-ola yenə də öz məişət və güzəranını daha gözəl bir təriqə salmaq üçün mücahidə və mübarizələrdə bulunub, aradıqları yolu tapmağa səy və qeyrət edirlər.
Amma biz... Biz də qeyrət edirik. Lakin nəyə? Öz-özümüzü bundan daha zəlil və rəzil bir hala salmağa.
Mərifət və mədəniyyəti-həqiqədən bəhrəmənd olmadığımıza görə, həyat və məişətin təriqinə dair nəzərimiz çox kütahdır. Biz bunu anlamırıq ki, hər bir fərdin rifah və səadətlə ömür sürüb yaşaması üzvü olduğu camaatın rifah və səadətinə bağlıdır. Odur ki, heç bir vaxt ümum camaatın mənafeyini nəzərə almayıb, ancaq öz xüsusi mənfəətimizi gözləyirik.
Biz elə güman edirik ki, birimizin səadət və nikbəxtliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır. O səbəbdəndir ki, öz xüsusi mənfəətimizi arayan zaman yoldaşımızın zərər və ziyanını özümüz üçün böyük bir vasitə bilirik.
Ola bilsin ki, bu kimi vasitələr ilə biz özümüzə bir şey qazanırıq. Özümüzü mürəffəhülhal və məsud görürük. Lakin həqiqətdə biz öz-özümüzü böyük bir bədbəxtliyə sövq edirik. Çünki bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. O irtibat qırıldıqda, heç birimizin səadəti baqi qala bilməz.
Heç bir cəmiyyət olmaz ki, orada ümumi üzvlərin mənafeyi nəzərə alınmadığı halda, işin axırı hər bir üzvdən ötrü möhlik olmasın.
Rusiya kimi əzim bir cəmiyyətin özündən neçə dəfə xırda olan Yaponiyaya basılmasına səbəb nə idi? Səbəb o idi ki, Rusiya cəmiyyətinin üzvləri öz xüsusi mənfəətlərini ələ gətirmək üçün sərf etdikləri səy qədər ümum camaatın mənafeyi üçün səy etmirdilər.
İran camaatının dəxi bu zəlalət və rəzalətinə səbəb üzvlərinin ümum camaat mənafeyindən sərfi-nəzər edib, öz şəxsi mənfəətləri dalınca olmaqları deyildimi?
Şübhəsiz belədir! Lakin biz bunu anlamaq istəmirik, daha doğrusu, anlaya bilmirik, çünki elmimiz yoxdur və hər bir şeyə kütahbinanə baxmağa adət etmişik.
Aşkara görürük ki, bizim qonşumuz olan ermənilər, elm və fənn cəhətincə bizdən artıq olduqlarına görə, çox tez zamanda anladılar ki, onların Gəncə quberniyasında düçari-xəsarət olan ünsürlərinin bədbəxtliyi bütün erməni camaatına və həmçinin, hər bir erməni fərdinə fəna surətdə təsir edə bilər.
Odur ki, bir qədər dedilər, danışdılar və ünsürlərinin xəsarətini təzmin edəcək qədər pul və sairə ləvazimat tədarükünü görüb, əlan həmin bədbəxtliyin dəfinə çalışmaqdadırlar. Və bu tərəfdən o qədər arxayın olublar ki, indi "camaat universiteti" kimi böyük fikirlərin qövldən felə gətirilməsinə çalışmaqdadır ki, bu vasitələr ilə də camaatın gələcək rifahətini təmin edə bilsinlər. Amma biz ermənilərdən ədədcə və hətta tavanca artıq ola-ola, otuz beş min nəfərdən ibarət olan böyük bir hissəmizin yoxsulluq və aclıq kimi müsibətlərinə bir çara tapmaq qeydinə qalmırıq. Qalanlarımız varsa da rəhmdillik cəhətincədir. Halbuki hissiyyatımız deyil, əqli-səlimimiz, durbinliyimiz olmalıdır ki, bu müsibətin tez bir zamanda dəfinə canü dil ilə çalışaq. Çünki indidən bunu nəzəri-etibarə almalıdır ki, bu saat zəngəzurluların nəfi üçün beş manat, üç manatdan keçmək bizdən ötrü artıq bir ziyan edə bilməz. Amma otuz beş min nəfərin tələf olması, Zəngəzur kimi mühüm bir mövqeyin bizim ünsürlərdən xali qalması axırda bizim hər bir fərdimiz üçün böyük bir bədbəxtliyə mövcib ola bilər.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 69-71.
