Nuri-didə Ceyhun və Zöhrə! Və nuri-didə Ceyçik və Timuçin!: [1921]
Salam-duadan sonra bizlər sağ və salamət varığ və ən böyük arzumuz budur ki, sizlər də sağ və salamət olub tezlik ilə bizimlə görüşəsiniz. Ceyçik və Timuçinin naxoş olmaları bizi nə qədər məyus edib, təşvişə saldısa, tezlik ilə yaxşı olmaları da bir o qədər şad etdi.
Bu günlərdə sizlərə yeni əlifba kitabı ilə bərabər bir neçə kitablar dəxi göndərdik. Kitablardan genə də göndərəcəyik. Özümüz də səy edirik uşağlara da hər ay az da olsa pul göndərə bilək ki, aybaay ala bilsinlər. Mən genə də öz rektorluq qulluğumda baqi varam. Fəqət ali təhsilim olmamaq məsələm hər dəfə məni məyus edir və bəzən işlərimə də zərəri olur. Ona görə bu qış Moskvaya gedib, Azərbaycan musiqisinin əsasları həqqında böyük bir məruzə oxuduqdan sonra, ali təhsilim üçün Almaniyaya göndərilməm məsələsini təkid edəcəgəm və ümidvaram ki, bu səfər müvəffəq olaram, çünki Maarif Komissarlığı dəxi bu fikrimə şərikdir.
Əlavə Aişə xanım tez-tez bizlərə gəlir və yazdığın məktubları oxuyur. Özü də genə Musagildə olur.
Başqa qohumlarımız da hər kəs öz işinə məşğul olub ailəsini təmin etməyə məşğuldurlar. Hərdəm bir rajdeniya olanda hamımız bir yerə yığılıb görüşürük və sizləri arzu edirik. Fəqət görüşümüz çox gec-gec olur çünki, hamımızın işimiz çoxdur, həm səhər, axşam işləməyə məcburuq, mən ki səhərdən axşama qədər məşğulam.
Nənəm sağ və salamatdır, ancaq qocalıbdır, hər halda əvvəlki naxoşluğu dəxi təkrar olunmayır, özünü soyuğa verməsə, keyfi həmişə kök olar. Cəmalgil dəxi salamətdirlər, uşaqları bir qədər naxoş olmuşdu, indi yaxşıdırlar və Ceyçik ilə Timuçinə salam-dua göndərirlər. Onlardan Kəmal bu ildən məktəbə gedir və məktəbini çox sevir.
Dilarə isə elə gözəl oynayır ki, guya balet kursunda oxuyubdur. Gələcəkdə artistka olacağı indidən bəllidir. Cəmil çox şallağlıq edirsə də genə də bir o qədər mehriban uşaqdır. Özü də evlərində qonaqlar olanda gedib nahar stulunun altında yatır. Elmira isə tazə-tazə dil açır və anası Ayulduza çox oxşayır. Sehranın qızı Zivər çox ağıllı qızdır, o da yaxşı oxuyur və oynayır. Sehranın oğlu Ramiz də yeriyib danışur və özü də çox yeyir. Sehranın bir tazə qızı dəxi vardır ki, hələ mən onu görməmişəm. Dilşadın qızı Şümşad dəxi çox ağıllı və özü də bibim kimi çoxbilmişdir. Zülfüqarın uşaqları da böyüyüb yekə oğlan olubdurlar. Özləri də Konservatoriyada oxuyurlar. Zülfüqar ozü isə hələlik bekardır. Əlavə Ramazanın, Əlinin, Hənfuşun, Əminənin, Məryəmin uşaqları da böyüyüb, bir çoxları istudentdirlər. Və bunların hamusının sizə artıq-artıq salam-duaları vardırlar. Baqi nənəmin, Məleykənin sizin hamunıza salamları olub, dördünüzün də üzlərindən mən ilə bərabər çox-çox öpürük. Özünüz də qəm və qüssə etməyin, inşallah bir gün sağ və salamət görüşərik. Təhsilim yolunda çox çalışıram. Hələki salamat olasınız.
Bəradərin Üzeyir (1921)
Zülfüqar bəyin oğlu maestro Niyazi Azərbaycan Dövlət Konservatoriyasında 1925-26-cı illərdə oxuduğu halda, məktubun tarixini arxioqraf tərəfindən 1921-ci il yazılması nə qədər düzdür?
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 330-331.
