Bəyani-məslək
"İrşad" və "Tərəqqi" qəzetələrində mühərrirlik etdiyimiz zaman bir takım qəzetəçi sənətindən layiqincə müxbir olmayan şəxslər məqalələrinin məzkur qəzetələrdə çap olunmadığından naşı, bizə etiraz edib "hürriyyəti-kəlamə yol vermirsiniz" deyirdilər. Lakin bu şəxslər orasını unudurdular ki, hər bir qəzetənin müəyyən bir məsləki olmalıdır. Ona binaən həman qəzetədə yazılan hər bir məqalə də haman məsləkə müvafiq olub, onun, yəni o məsləkin qarelərə təlqini yolunda xidmət etməlidir.
Əks surətdə, yəni qəzetənin müəyyən bir məsləki olmadığı halda, o qəzetəni oxuyanlar ondan az mənfəət görürlər.
Əvvəla, məslək nədir? Və saniyən həmin "Həqiqət" adlı nəşrinə başladığımız qəzetənin məsləki nədən ibarət olacaqdır?
Bu iki suala qüvvəmiz daxilində cavab verməyə çalışacağıq.
Söz yoxdur ki, xalq arasında mübtəsil oxunan bir şeyin oxuculara bir təsiri olub. Bu təsir sayəsində oxucuların fikri də cümbüşə gəlib bir yol, bir məslək tutmaq istəyir.
İndi əgər haman oxunulan şey qəzetə olsun, jurnal olsun, daim bir məslək üstündə qalıb o yoldan, o məsləkdən o yan-bu yana sərpməzsə, oxucularının da fikri haman məsləkə alışıb hər kəs müəyyən bir fikir, bir əqidə sahibi olar.
Bu isə oxucular üçün mənəvi bir tərbiyədir. Yox, əgər qəzetə müəyyən bir məslək təqib etməzsə, bu halda o qəzetə oxuculardan sui-təsir hasil edər: oxuduğunu ağıl və insaf ilə tənqid və təkid etməyə alışmamış oxucuları da özü kimi məsləksiz edib, əxlaqını da pozar.
Çünki məsləksizlik - yoxsuzluqdur, əxlaqın pozğunluğudur. Məsləksiz qəzetə müzürr olan kimi məsləksiz insan da müzirridir. Əlbəttə, məsləkin yaxşısı da vardır, yamanı da vardır.
Amma yenə də məsləksiz insan yaman məsləkli adamdan daha zərərlidir. Çünki yaman məslək müəyyən olduğu halda, onun zərrətini rəf etməyə çarə tapmaq asandır.
Məslək nədir?
Məslək - hər kəsin etiqad etdiyi bir yoldur; ümumi xoşbəxtliyini, asayiş və aramını, rəfain-halnıı, tərəqqi və təkamülünü təqib edən hər bir məslək onun sahibi üçün müqəddəs ədd olunmalıdır. Belə bir məsləkə xidmət edən şəxs haman məsləkə xəyanət etməməlidir. Bəlkə o məsləkin daha ali və daha müqəddəs bir yola yaxınlaşması üstündə çalışmalıdır, insan öz məsləkini dəyişə bilərmi?
Əvət, insan yaxşı bir məsləkdən daha gözəl bir məsləkə keçə bilər. O gözəl məsləkdən daha gözəlinə keçə bilər. Yəni özü tərəqqi etdiyi kimi, məsləki də o yolda tərəqqi edə bilər. Amma yaxşı bir məsləkdən pis bir məsləkə keçmək olmaz. Keçərsə, əxlaqsızlığı bildirər.
Hər kəs öz ağıl və insafı izn verdiyi yaxşı bir məsləki qəbul etdiyi kimi biz dəxi öz aciz ağıl və bolluca insafımızca müqəddəs ədd etdiyimiz və ümumxalq üçün baxüsus əfradundan olduğumuz millətimiz üçün mənfəətli bildiyimiz məsləkimizi həmin bu "Həqiqət" qəzetəsi vasitəsilə əhaliyə təlqinə çalışacağıq.
Bizim məsləkimiz nədir?
Bizim məsləkimiz odur ki, millətimizin tərəqqisinə bais olan hər bir həqiqi vasitə və vəsilələrə yol verməli və millətimizi cəhalətə və yaxud tərəqqiyi-məkusə sövq edən şeyləri dəf və izalə etməlidir. İştə qəzetəmizdə yazılan məqalə və əxbar haman məslək daxilində yazılacaqdır. Məsləkimizə müvafiq olmayan məqalələrdən, əz cümlə bunu saya bilərik: fitnə və fəsad qovzayan, qərəz-şəxsi ilə yazılmış olan, bir şəxsin heç kəsə zərəri olmayan və mənfəəti-aməni xələldar etməyən hərəkatını tənqid edən və yaxud heysiyyəti-şəxsiyyəsinə toxunan, insanlıq hissiyyatını təhqir edən məqalələrə heç bir halda yol verilməyəcəkdir. Bundan başqa, savadsız və məlumatsız şəxslərin bir əhvalata və ya bir hadisəyə dair yazılmış məqaləsi kəmali-məmnuniyyətlə qəbul edildiyi halda, onun elmi, ədəbi və ümumiyyətlə, ağlı məqalələrinə də yer verilməyəcəkdir.
İştə hələlik bu qədər.
İndi Allahdan tofiq diləyib işə başlayırıq.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 120-121.
