Bayrağımız sarsılmaz
Müqəddəs bayrağımızın münəvvər rəngləri, günəşin ziya və şəfəqləri kimi təcəlli edir. Zülmət dostu olan sağ və sol düşmənlərimizin xain gözləri bu nurlardan qamaşır.
Münəvvər bayrağımızın üç rəngli parçasını övci-səmayə qaldıran ağacı, iti bir ox olub alçaq düşmənlərimizin qara qəlblərini deşməkdədir.
Müzəffər bayrağımızı möhkəm tutmuş olan müqəddəs əllərin getdikcə artmaqda olan qüdrət və qüvvəti zalım düşmənlərimizin namərd belini sındırmaq və alçaq başlarını əgdirmək üzrədir.
O xain gözlər, qara qəlblər, namərd biləklər və alçaq başların sahibləri əzab çəkirlər; ruhları inciyir, bədənləri ağrıyır. Vicdan əzabı altında haqq qapısında sürünən iblis kimi, müqəddəs bayrağımız qabağında əzilib-büzülür və bu bayrağı qapmaq, ağacını sıxıb-sıxıb və parçasını para-para etmək üçün bayraqdar üzərinə cummaq və soxulmaq istiyorlər...
Əbəs zəhmət!
O ağac sınmaz, o nur sönməz, o əl dönməz!! Çünki bayrağımız, həqq bayrağıdır. O bir millətin hüquqi-bəşəriyyəsinin harisidir. Bir millət ki, onun da insan kimi yaşamağa haqqı vardır! Bir millət ki, daha əsir olmaq istəmir!
Nahaq səy!
Zülm və əsarətin yoğun zəncirlərini qırıq-qırıq etməgə qadir olmuş bir millətin, həqq və hürriyyət bayrağı enməz, sarsılmaz!
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 163.
