Üzeyir Hacıbəyli

Kim nəyin fikrində imiş

Bizi Rusiyaya "bitişdirmək" istəyən "Yedinaya Rossiya" qəzetəsi, general Tomsonun bu axırkı intibahnaməsindən və generalın, bilxassə, özündən çox narazıdır.

Şəhərimizdəki rus milli komitəsinin naşiri-əfkari və Azərbaycan azadlığının düşməni olan bu qəzetə rəisulvüzəra Fətəli xanın deklorasiyasını və bu deklorasiya bədində general Tomson tərəfindən sadir olan intibahnaməni tənqid edərək diyir ki, bu necə işdir? Fətəli xan diyir ki, Azərbaycan hökuməti, Azərbaycan dövlətinin istiqlalını gözünün bəbəyi kimi mühafizə və müdafiə edəcəkdir. General Tomson dəxi əmr verir ki, Azərbaycan daxilində Fətəli xan hökumətindən başqa ауrı hökumət ola bilməz və bu hökumətə ingilis komandası tərəfdar, hər dürlü məzhirət göstəriləcəkdir. Boylə niçün?

Deməli, ingilis komandası başında olan şəxs Azərbaycanın Rusyadan ayrılıb da müstətil bir hökumət olduğuna razımı olur? Bəs ingilislər Rusiyanı təzədən diriltmək istəyirdilər? deyə şikayətə bulunur.

"Yedinaya Rossiya"dan başqa "həqiqi eserlər"in məşhur "İznamya truda'sı, fələ "tərəfdarlar"ının "İskra"sı, erməni milli komitəsinin "Naşe vremya"sı "qəhrəman daşnakların "Vperyod" adındakı küçə vərəqəsi, hətta müsəlman puluyla çıxan "Kaspi" qəzetəsi dəxi bu mətləb xüsusunda ağız-ağıza verib biri şikayət edir, biri sögur, biri ağliyur, biri ah-nalə çəkur, biri qarğiş edir... Əmma axırda hamusı öz-özlərinə təsəlli verib diyorlər ki, inşallah ki, bu iş "nedorazumeniye"dir! Yəni ingilis komandası başında duran general Tomson səhv edubdir və səhvini başa salsaq, tez düzəldər.

Şübhəsizdir ki, insaniyyət və azadlıq düşməni olan bu qəzetələrin bu cürə danışıqları, salamət bir ağılın kəraməti sayəsində hasil olmayıb da büxl və həsəd hissiyyat zəmiməsinin daşıb-coşmasından nəşət edən sərsəri sözlərdir. Dilənçilər, nə qədər mədəniyyət sahibi olan bir millətin generalı o qədər oldu ki, didigi sözlərin həqq və səhv olduğunu anlamadımı? Və bu sözlərin vəxt və mövqcini dərk etmədimi?

Boş və bica təsəllidir!

General Tomson nə elədiginin və nə danışdığının mənasını əlbəttə çox gözəl bilur və əgər generalın hərəkəti və buyurduğu sözlər azadlıq düşmənlərinin meyl və arzusuna təvafüt etmirsə, ondan aşkardır ki, general Tomson azadlıq düşmənlərinin meyl və arzularına şərik degildir.

Hələ "Kaspi" qəzetəsinin xüsusi bir təsəllisi var, diyur ki, general Tomsonun Azərbaycanı, ancaq Azərbaycan hökumətinə tapşırması və bu hökumətə kömək və ədd etməsi Azərbaycan istiqlalının ingilislər tərəfindən təsdiqi əmrinə şərik degildir.

Lakin bizcə "Kaspi" qəzetəsinin bu xüsusi bir təsəllisi dəxi düşmənlərimiz üçün həqiqi təsəlli olacaq mahiyyətdə bir şey degildir, çünki əvvəla, şübhə yoxdur ki, general Tomsonun bu intibahnaməsinə Amerika və Fransadan ibarət olan sair müttəfiqlər nümayəndələri dəxi şərikdirlər və saniyən ingilis generalının sözü necə ki, məbusalanmız dəxi təsdiq etdilər - ingilis camaətinin sözüdür. Bundan ötrü ki, general Tomsonu Azərbaycana göndərən, ona məmuıiyyət verən, ona etibar və etimad edən ingilis cəmaəti olubdur. Və bir də generalın elədiklərini və dediklərini London bilib də təsvib etməsə, onu burada saxlamaz, əvəz elər. Nahəq yerə düşmənlərimiz general Tomsonu Londona şikayət edəcəklər deyə, təhdid edirlər! Hərçənd şikayət etsələr heç yaman olmaz, özlərinin əbəs yerə qara-qışqırıq salan olduqlarını, qaraçılıqlarını və bununla boylə düşmən insaniyyət və ədui-hürriyyət olduqlarını general Tomsona bildirdikləri kimi, Londona dəxi bildirməklə bəlkə birkərəlik canımızı qurtaralar.

General Tomsonun hərəkəti mübtədi məktəb şagirdlərinin boylə anlayacağı dərəcədə aşkar və aydın bir işdir.

General Qafqaza varid olub həqiqət haldan bizzad və biləyan xəbərdar oldu, gördü ki, Azərbaycan toprağı Azərbaycan türklərdə məskun bir yerdir. Bu türklərin nizamsevən, asayişə riayət edən alicənab bir irq olduğunu müşahidə etdi. Türk Azərbaycan torpağında bir xeyli erməni ünsürlərinin də yaşadığını gördü. Şübhəsiz, ermənilərin də nə gunə xasiyyət sahibi bir millət olduğunu da ardadı. Ondan əlavə burda sabiq Rusiya padşahlığından qalmış bir qədər də rus olduğunu gördü. Bu ruslardan da bir parasının çürük istibdad fikirləri "millətpərəst" və bir paralarının da yalançı "hürriyyətpərəst" və "fələ dost" olduqlarını sezdi. Bavücudin arada söz olmasın deyə hökumətimizə təklif etdi ki, hökumət içində ruslara və ermənilərə dəxi yer verilsin. Zatən hökumətimiz və parlamanımız bu hökumət müctəme fikrini əvvəldən özünü meydana atmışdı. Odur ki, hökumətimiz heyətində ruslara da, ermənilərə də hərəsinə üç vəzirlik yeri verildi. Ermənilər bu vəzirlik yerlərini "kəmali-fəxr" ilə rədd etdilər. Ruslardan da "Yedinaya Rossiya" çadırına mənsub olmayanlardan iki nəfəri gəldi, əmma rus milli komitəsi təklifimizi qəbul etmədi. Biz də ki, daha yalvarmayacağıq. General Tomson dəxi rus və erməni millətçilərinin bu yersiz naz və qəmzələrindən və nalayiq hərəkətlərindən xoşnud olmadığını bildirib, yeni hökumətimizi təsdiq etdi. Vəssalam!

"Yedinaya Rossiya" bizdən və general Tomsondan incidiyi kimi hökumətimiz içində vəzirliyi qəbul edən Protasov5 və Lizqar6 cənablarından daha artıq incikdir. Deyir necə ola bilər ki, Azərbaycan hökumətinin istiqlalına rus adamları razı olub da hələ gedib vəzirlik də etinlər?!

Deməli, rus milli komitəsi hökumətimiz içinə vəzir göndərsə imiş, həman vəzir Azərbaycan əhalisinin ehtiyacat və məişət işlərini kənara atıb, ancaq Azərbaycanı Rusiyaya "bitişdirmək" politikasına məşğul olacaqmış. Bundan boylə görünür ki, erməni vəzirləri də Azərbaycanı Ermənistana bitişdirəcəklərmiş. Ancaq bu politikanın yeridilə bilməyəcəgini görüb də təklifimizi rədd edib, özümüzdən küsübdürlər!

Bəs öylə isə yaxşı edibdirlər ki, küsübdürlər. Axıradək küsmüş qalsalar, dəha gözəl iş görmüş olarlar. Çünki Azərbaycan vəzirləri rus olsun, erməni olsun, yalnız Azərbaycana və Azərbaycanın ehtiyacatına qulluq etməlidirlər. Vəilla "başqa fikirlər" ilə gəlmiş olan vəzirləri biz bir gün də içimizdə saxlamırıq.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 57-59.