“Sənsiz” romans - qəzəli
Romans nəcib hisslərin ən gözəl ifadəçisi olan musiqi janrıdır. Romans — səs və instrumental (çox zaman fortepianoda) müşayiət üçün nəzərdə tutulmuş musiqi əsəridir. Azərbaycanda romans janrının ilk yaradıcısı bəstəkar Asəf Zeynallı olmuşdur. Azərbaycanda romans janrının daha bir növü mövcuddur ki, buna da romans-qəzəl deyilir. Üzeyir Hacıbəyov bu janrın ilk nümunələrini yaradıb, hətta janrın adını milliləşdirərək “musiqili – qəzəl” qoymuşdur. Mütəfəkkir, şair, XII əsr klassik Azərbaycan poeziyasının dahisi Nizami Gəncəvinin 800 illik yubileyi ilə əlaqədar olaraq Üzeyir Hacıbəyli şairin iki qəzəli əsasında «Sənsiz» (1941) və «Sevgili canan» (1943) kimi vokal əsərlərini yaradır. Bununla da romans-qəzəl janrının təməlini qoyur. Bəstəkar “Sənsiz” musiqili qəzəlini yazmağı İkinci Dünya müharibəsindən əvvəl düşünmüş və 40-cı illərin əvvəllərində bəstəkar Nizami Gəncəvinin Yeddi Gözəl əsərindəki gözəllərin obrazlarına uyğun olaraq yeddi şeirinə musiqi bəstələməyi düşünürdü. Üzeyir Hacıbəyli vokal miniatürlərdə obrazların musiqi portretini, psixoloji vəziyyətlərini, xarakterlərini, hisslərini, daxili aləmlərini və ruhani gözəlliklərini təsvir etməyi planlayırdı, lakin bəstəkar yalnız iki "Sənsiz" və "Sevgili canan" romans – qəzəllərini bəstələyib bitirə bilir.
Uzun əsrlərdən bəri qəzəl janrı Azərbaycan ədəbiyyatının, eləcə də musiqimizin ən kütləvi janrlarından olmuşdur. Üzeyir bəy öz yaradıcılığında ilk dəfə Füzuli qəzəllərinə müraciət etmişdir. İlk öncə Füzuli şeiri Hacıbəylinin “Leyli və Məcnun” operasında, daha sonralar şairin qəzəlləri “Arşın mal alan” və “O olmasın, bu olsun” operettalarında səslənmişdir.
Sənsiz romans-qəzəli instrumental girişlə başlanır. Hacıbəyli əsərdə Nizami qəzələnin süjet xəttini və fikrini saxlamış, şeir və musiqinin vəhdətini yaratmışdır. Üzeyir Hacıbəyli ədəbi və musiqi formalarının vəhdəti ənənəsindən, qəzəlin musiqi ilə üzvi bağlılığı ənənəsindən yaradıcı surətdə istifadə etmişdir. Bəstəkar ədəbiyyatın bu janrını musiqi ilə bağlamış, qəzəli musiqiyə daxil edərək Azərbaycan vokal musiqisində yeni bir janrın və formanın – musiqili qəzəlin bünövrəsini qoymuşdur.
Sənsiz romansını öz dövründə Bülbül və Müslüm Maqomayev kimi ifaçılar ifa etmişdir. İlk ifaçısı bülbül olmuşdur. Müğənni M.Maqomayev romansda müəllif redaktəsi apararaq “Nizami” filmində onu böyük məharətlə ifa etmişdir.
“Sənsiz” qəzəlində melodiyanın hərəkət xəttinə diqqət yetirsək, deklamasiya şəklini görərik. Melodiyanın danışıq tərzi onun bir səs üzərində təkrarlanıb, kiçik sıçrayışdan sonra yenə həmin səsə qayıtması ilə əldə edilir. Məhz belə melodik xəttdən istifadə edərək Üzeyir Hacıbəyli Nizami qəzəlində ifadə olunmuş qüssə və kədəri musiqi dilinə çevirə bilmişdir. Qəzəldə işlənən “Sənsiz” rədifi müxtəlif rənglərə boyanaraq, müxtəlif intonasiyalarla səslənir. Bu gah kədər, gah ümidsizlik, gah sual, gah da şadlıq intonasiyalarıdır. “Sənsiz” qəzəlində “Segah” məqamından istifadə edilməsi Ü.Hacıbəyli musiqisinin Nizami qəzəlindəki şeiriyyətlə, bu qəzəllərin fəlsəfi kədəri ilə gözəl ahəngini yaradır.
Romans ilk dəfə 1944-cü ildə Bakıda nəşr olunmuşdur. Romans simfonik, xalq çalğı alətləri və estrada orkestrlərinin müşayiəti ilə ifa olunur.
Sözləri :
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz,
Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eləyən vəslinə and içdim, inan,
Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı mələk,
Bilirəm, sən də dedin: "Yox yarə hacət sənsiz!"
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül,
Sən əzizsən, mən ucuz, bir heçəm, afət, sənsiz!
Nə gözüm var – arayım mən səni, bəxtim də ki yox,
Nə də bir qaçmağa var məndə cəsarət, sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm,
Gecə-gündüz arayıb, olmadı rahət sənsiz!
