Təəssürat (I)
Parlaman üzvü olan bir şəxs eyni zamanda da dövlət məmuru ola bilərmi?
Bu suala "Müsavat" fraksiyasının cavabı boylə olmuşdu:
-Xeyr, ola bilməz, vəzirlərdən səva.
"Müsavat"ın bu nəzəri məbuslarımızdan bir parlamanı təşvişə saldı: O idi ki, parlaman əzasından Vansoviç cənabları kürsüyə-xitabətə çıxıb dəvi vəkillərinə məxsus olan bir əda ilə şirin bir nitq söylədi. Amerika, ingilis və Fransa parlamentarizmlərindən misallar gətirdi və axırda bunu dedi ki, hələ tərzi-idarəsi dürüst təyin edilməmiş olan Azərbaycanda bu növ məsələlərin həlli tezdir. Çünki bu halda Azərbaycan parlamanı məbuslarına boylə bir təklif qoysan ki, ya məbusluq, ya məmurluq nəticəsi yaxşı olmaz.
Vansoviç bu şirin və ağlabatan nitqini digər məbuslarımızdan Vinaqradov və Abdulla bəy Əfəndiyev cənabları da təsdiq edib dedilər ki, hanı bizdə bir o qədər ziyalı və əhli-maarif ki, birisi məbus olarkən, biri də, məsələ, müəllim olsun, birisi məbus olarkən, biri də fərzən, bir idarə müdiri olsun.
Natiq əfəndilərin bu xüsusdakı nitqləri o qədər ağlabatan, o qədər qənaətpəzir və o qədər inandırıcı idi ki, məbuslardan bir parası "O olmasın, bu olsun"da Həsənqulu bəy kimi "daha nitq demək lazım degildir" degib, məsələnin xüsusi bir komissiyona verilməsini istiyordılar.
Bunlara müqabil "Müsavat" fraksiyası sədri Məhəmməd Əmin Rəsulzadə cənabları söz deməgə məcbur idi.
Mən güman edirdim ki, Rəsulzadə cənabları bu qədər dəlil və bürhanlardan sonra "Müsavat" fraksiyası nəzəriyyəsinin bu xüsusda yanlış olduğunu özü də etiraf edib, parlamandan üzr istəyəcək və deyəcəkdir ki, bağışlayın biz səhv eləmişik.
Lakin Məhəmməd Əmin cənabları nəzəriyyələrini müdafiəyə başladı və qabaqkı natiq əfəndilərin dəlillərini nəqz və cərh etməyə qalxmışdı.
Nitqi dinlədikcə gördüm ki, qabaqkı natiqlərin dəlil və bürhanları Məhəmməd Əmin cənablarının meydani-müsadiməgə sövq etməkdə olduğu sübut verdiklərinin qələbəsi qarşısında tabavər ola bilməgib,
başımda işğal etmiş olduqları yerləri bir-bir boşaltmağa məcbur olurlar.
Dəva vəkili olan Vansoviçin pürməzmun nitqinin, dəva vəkili olmayan Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsaslı bir surətdə cərh edilməsinin özü başqa bir xoş keyfiyyətdir.
Məsələnin özünə gəldikdə, məclisi-məbusan dövlətin qüvveyi-təşriyyəsidir. Yəni dövlət üçün şər və qanunlar düzəldir: heyəti-məmurin isə qüvveyi-icraiyyədir, yəni şərh və qanunları yürüdür, icra edir. Əlavə qüvveyi-icraiyyə qüvveyi-təşriyə qarşısında məsuldur. Boylə olan surətdə bunları qat-qatışığa salmağın nə mənası var?
Bu əsas etibarı ilə;
İştə gəldikdə, aya Azərbaycan dövləti irfanca, yəni o qədər kasıb oldu ki, yuxarı başı bir igirmi nəfər "savad əhli" tapa bilmədi ki, məmurluqlarını tərk edəcək məbusların yerinə qoysun?
Doğrudur, biz özgələrə nisbətən irfanca bir az kasıbıq.
Lakin kasıblığımızı mübaliğə yolu ilə bir qədər dəha kasıblatmağa heç bir lüzum yoxdur, çünki bu cürə söhbətlərin axın boylə olur ki, Azərbaycan dövlətinin ümuri-xeyriyyə nəzarəti Azərbaycan dövlətinin milli parlamanını bisavad hesab edib, kağızlarını rusca yazır ki, parlamanın rus məbusları oxuyub müsəlman məbuslarını başa salsınlar.
Əmma bu da ola bilər ki, ümuri-xeyriyyə nəzarətinin özündə savad əhli yoxmuş.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- 81-82.
