Üzeyir Hacıbəyli

Nuri-didələr Ceyhun, Zöhrə, Ceyçik və Timuçin!: [1922]

Əvvəla, salamət olasınız və saniyən, bizlər hamımız sağ və salamət varığ. Mən neçə kərə sizə kağız yazıb göndərmişəm, əmma görünür, sizə çatmiyor ki, hər məni görən deyir ki, Ceyhun nervinçat edir və deyir ki, evdən kağız gəlmiyor. Sən əbəs yerə nervinçat eləmə, bizlər tərəfdən həmişə arxayın ol çünki hamımız sağ və salamət olub, yaxşı dolanırıq. Mənim keçən gecə kağız yazmamağımın səbəbi odur ki, məşğuliyyətim həddən artıqdır. Boylə ki, hər gün yövmiyyə səhər saat 9-dan axşam saat 9-a kimi işə məşğulam, boylə ki, bu il payızdan bəri bir kərə də olsun hətta tiyaturaya dəxi getməmişəm. İndi tək Cəmala və Zülfüqara dəxi tapşırarım ki, hərəmiz növbət ilə hər həftə sizə kağız göndərək.

Əlavə nuri-didə Ceyçikin məktubu və çəkdiyi şəkil gəlib bizə çatdı. Mən çox təəccüb etdim və artıq dərəcədə sevindim ki, Ceyçik öylə şəkillər çəkməyə başlayıbdır. Bizim hamımızın tərəfindən Ceyçikin və Timuçinin üzündən öpüb, deyərsiniz ki, o şəklini Ceyçikin balaca yoldaşı Kəmala göstərəcəyəm. Kəmal dəxi yavaş-yavaş şəkillər çəkməyə başlayıbdır, özü də hər dəfə bizə gələn kimi şəkilli kitab istəyir və oturub bir-bir şəkillərinə baxır. Və digər Həmid ağa Vəkilovun oğlu Mustafa Vəkilov gəlib çıxdı və uşağların şəkillərini bizə verib, son dərəcə şad etdi. Nənəm neçə kərə şəkilləri öpdi və nəvələrinə dualar etdi və arzu etdi ki, tezlik ilə görüşək. Mustafadan sizin əhvalı müfəssələn soruşdum. Onun söhbətini təki bir növ mükəddər etdi, çünki boylə məlum olur ki, siz orada çətinlik ilə dolanırsınız, maddi tərəfdən əziyyətlər çəkirsiniz, onun sözünə görə siz İstanbula gəlmək istəyirmişsiniz. Fəqət hər yerdə olsanız maddi tərəfdən çətinlik olacağdır, çünki müəyyən bir gəlir lazımdır, İstanbulda öylə bir gəlirə ümidin varmı? Mən dəxi bu yay mövsümü İstanbula getmək istəyirəm. Bu xüsusda bu səfər ciddi surətdə çalışacağam, ümid edirəm ki, müvəqqətən getməklə razı olarlar. Çünki İstanbuldan türk musiqisinə aid bir çox şeylər əxz etmək lazımdır. İstanbula gələrkən "Arşın mal alan" qlavirini dəxi götürəcəyəm. O halda qismət ola görüşərik. Eşitdiyimə görə sən orada nevrosteniyadan naxoşsan. Neyçün oradakı doktorlara göstərmisən? O naxoşluğun əsl səbəbini ögrənmək lazımdır.

Mən dəxi çox əsəbi olmuşam və çox işləməgimə görə yorunuğam. Əmma yaxşı yeyib, çox yatanda və ələlxüsus canımı soyuğ su ilə sürtəndə əhvalım yaxşı olur. Sən də öylə et. Hər səhər yerdən durandan sonra bütün bədənini yaş məhraba ilə sürt və tez qurula.

Nənəmin əhvalı yaxşıdır. Yeganə arzusu tezlik ilə, siz ilə görüşməkdir.

Aişə xanım hələ Musanın yanındadır. Bir neçə həftə bundan qabaq Müstafa Dərbənddən Bakıya gəlmişdi. Gəlib məktəbdə mənimlə görüşdi. Çox kökəlibdir və əhvalı da yaxşıdır.

Bir də Məleykə Zöhrədən küsübdür, deyir ki kağızlarıma cəvab vermədigi bəs degil, heç olmasa adımı da çəkmir. Məleykə də çox əsəbi olubdur, çünki keçən sənə tifo və bu sənə isə qulaq ağrısına mübtəla olmuşdu. Qulağının ağrısından bir ay yatdı və çox əziyyətlər çəkdi. Baqi Bakıda neçə həftədir ki, tramvay işliyor, buraya camaətə çox-çox xoş gəlir. Nənəmin, Məleykənin və bütün qohum-əqrəbanın sizə çox-çox salam-duaları vardır. Bizim tərəfimizdən uşaqların yüzündən öp.

Bəradərin Üzeyir. (1922)

Məktubun tarixi arxeoqraf tərəfindən düzgün göstərilməyib. Məlumdur ki, Bakıda Tramvay 1924-cü ilin fevral ayından işləyib. Belə olduğu halda məktubun tarixi 1924-cü ilin mart ayına təsadüf edir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 337-338.