"Rüstəm və Söhrab"
Dahi bəstakar Üzeyir Hacıbəylinin demək olar ki, bütün əsərlərinin məzmunu xalq arasında çox geniş yayılmış hekayələrdən, dastanlardan, rəvayətlərdən və ya əhvalatlardan alınmışdır. Müsəlman Şərqində ilk operanın müəllifi olan dahi bəstəkar Üzeyir Hacıbəyli 1910-cu ildə növbəti irihəcmli əsərini – görkəmli fars-tacik şairi Əbülqasım Firdovsinin (934–1020) “Şahnamə” poemasının motivləri əsasında “Rüstəm və Söhrab” operasını yazır. “Rüstəm və Söhrab” Firdovsinin “Şahnamə” poemasının ən qəmli dastan-rəvayətidır. Dastanda ata-oğul bir-birini tanımadan döyüş meydanında rastlaşırlar və nəticədə bilmədən ata oğlunu öldürür. Bu əsərin sujeti folklora məxsus romantik vüsətə və təsir qüvvəsinə malik qəhrəmanların taleyindəki qeyri-adi, kəskin döyüşlərlə əks olunmuşdur. Buna görə də Üzeyir Hacıbəyli bu əsərində muğam səhnələrini azaldaraq, operanın çox hissəsində musiqiyə üstünlük verərək özü bəstələmişdir.
Üzeyir Hacıbəylinin bu əsərdən təsirlənərək yaratdığı “Rüstəm və Söhrab” operası həmin dövrdə üçüncü muğam operası idi. 4 pərdəli bu operanın ədəbi mətni-əruz vəzni ilə yazılmış şer parçaları ilə zəngindir. Librettonun Üzeyir bəy tərəfindən yazılıb-yazılmaması haqda bir sıra fikirlər mövcud idi. Araşdırma nəticəsində librettonun müəllifliyi barədə mübahisələrə son qoyulmuş, oradakı bəzi şer parçalarının isə şair-qəzəlxan Buzovnalı Azərə məxsusluğu müəyyən edilmişdir.
“Rüstəm və Söhrab” operası haqqında ilk məlumatı 1910 - cu ildə “Günəş” qəzeti nömrələrinin birində elan etmişdir.
Operanın ilk tamaşası 1910 il noyabrın 25-də Bakıda Tağıyev teatrında olmuşdur (rejissor Hüseynqulu Sarabski, dirijor—müəllif. Əsas rollarda H. Sarabski (Söhrab), Əhməd Ağdamski (Təhminə), Hənəfi Terequlov (Keykavus) və b. çıxış etmişlər. Mətbuatda yazıldığına görə, tamaşa müvəffəqiyyət qazanmamışdır. Ona görə də Üzeyir Hacıbəyli operanı səhnədən götürmüşdür.
Əsər bir qədər işlənildikdən sonra ikinci dəfə 6 mart 1915-ci ildə dirijor-bəstəkar Müslüm Maqomayevin benefisində, H. Z. Tağıyevin teatrında tamaşaya qoyulmuşdu. Lakin yenə də uğursuzluğa məruz qaldığı üçün növbəti dəfə də səhnədən götürülür.
1934-cü ildə Firdovsinin 1000 illik yubileyi bir sıra ölkələrdə, o cümlədən də Azərbaycanda geniş qeyd edilib. Dahi şair-dramaturq Hüseyn Cavid “Şahnamə”nin motivləri əsasında “Səyavuş” mənzum faciəsini yazır. Üzeyir bəy isə bu münasibətlə ikihissəli “Firdovsi” kantatasını ərsəyə gətirir. Bu kantata yazıldığı dövrdə dəfələrlə ifa olunmuşdur. Üzeyir Hacıbəylinin Ev-Muzeyində bu əsərin bəzi əlyazmaları qorunub saxlanılmaqdadır.
