Məmurlarımız haqqında
Keçən parlaman iclaslarının birində hökumət məmurlarının içində rüşvətxorluq müşahidə edildigindən söz açılmışdı. Sözü açan sosialistlər fraksiyası olduğundan rəisülvükəla həzrətləri cavab verirkən “əgər bütün pristavları “Himmət” firqəsi əzalərindən təyin etsək də genə rüşvətxorluq aradan götürülməz,” deyə haqlı olaraq bir işarə vurdu.
Vaqeən məmurların rüşvətxorluğu hökumət və məmləkət üçün qorxulu bir vaqeədir. Rüşvətxor məmur xalqın etibarı ola bilməz və bu kibi bir hökumət qulluqçusunun vəzifə başında baqi qalması, hökuməti ləkələyən, şanını azaldan və nüfüzdan salan hadisələrdən biri ola bilər. Odur ki, rüşvətxorluq öylə mübarizə qılmaq hökumətin böyük vəzifələrindən biridir.
Hal-hazırda bu vəzifə hökumət tərəfindən kamalınca ifa edilməkdə olub məmurların rüşvətxorluq və başqa fənalığlarını aşkar etmək üçün xüsusi bir idarəmiz mövcuddur.
Məmurlar arasında rüşvət almaq adətinin bir çox səbəbləri vardır.
Bu səbəbləri aramaq, bilmək və hər birinin künhinə bələd olmaq, əlbətdə hökumətin borcudur, çünki səbəb bilindigindən sonra rəf izalə edilə bilər və məmur üçün rüşvət almaqdan ötrü heç bir bəhanə yolu qalmaz.
Fəqət səbəblər öyləsi var ki, məmurun öz təbiəti iqtizası olduğundan o xüsusda məmuru öz vəzifəsindən kənar etməkdən başqa hökumətin özgə bir çarəsi ola bilməz. Məsələ, təbiətən tamahkar və xalq təbirincə acgöz məmuru ancaq qulluğundan kənar etmək və mühakimə altına almaqla bu şəri rəf etmək olar.
Lakin başqa kənar səbəblər dəxi vardır ki, piş əz vəxt izalə edilirsə, bir çox rüşvətxorluq füqərasına yol verilməz o səbəblərdən biri və ola bilsin ki, ən müəssiri və mühimi məmurun yoxsulluq halıdır. Bir çox məmurların yoxsulluq ucundan rüşvət almaqlarını inkar etmək olmaz.
Nikolay zamanındaki bürokratiya tərz idarəsi idi - orta və kiçik məmurlar üçün təyin edilmiş olan “Kazyonnı” məvacib” mucib heç bir vaxt kafi dərəcədə olmurdu. Hökumət qulluqçuları xüsusi idarələrdə qulluq edən və onlarla həmqətar olanlara həmişə həsəd aparırdılar. Hökumət qulluqçusunun bir təsəllisi vardısa da, o da “çin”, gələcəkdə “pensiya” almaq həvəsi idi. O idi ki, bu cürə qulluğlara şan və şərəf sevən dövlətlilər girib vəzifələrini keyfi-mayəşa ilə ifa edirdilər. Kasıb-kusub girirsə də, ya gərək acından ölə, yada ki, rüşvət və sairə ilə başını dolandıra idi.
Demokratik üsul ilə idarə edilən məmləkətlərdə isə hökumət məmurunun heç bir xüsusi şan və şərəfi olmayıb yalnız öz məmuriyyətinin heysiyyatını gözləyə bilər. Yəni məsələ bir qubernator küçə ilə keçərkən hər kəsdən baş əymək və ehtiram görmək təmənnasında bulunmaz, fəqət öz məmuriyyət və mənsəbinin də təhqir edilməsinə razı olmaz. Yalnız özünə verilmiş hüquq və ixtiyaratdan istifadə edə bilər, bunun xaricində heç bir əmələ haqqı yoxdur. Odur ki, demokratik üsullu məmləkətlərdə hökumət məmuru olmaq, üzərinə müəyyən və olduqca çətin bir vəzifə götürməkdən başqa bir şey degildir. Binaən əleyh bu vəzifəni qəbul etmiş və onun hər bir çətinlik və məsuliyyətlərini üzərinə götürmüş olan adamların məişət və güzəranları nə qədər təmin edilmiş olursa, vəzifələrini bir o qədər yaxşı ifa edər və yoxsulluq üzündən rüşvət almağa da bəhanə bulmazlar.
Məmura, baxüsus, müşkül vəzifələri olan polis məmurlarına məvacib və maaş təyin edərkən heç vaxt bu əsası nəzərdə tutmamalıdır ki:
Bəsidir bir tövr ilə dolanar! Bu əsas şübhəsizdir ki, rüşvətxorluğa səbəbiyyət verir, çünki bir tövr ilə dolanmaq üçün aldığı məvacib kifayət etməz və məmurun gözü daim kənarları gəzir ki, təmini-məişət üçün mədaxilini artırsın.
Zənn edirəm məmurlara verilən məvacib gərək o qədər çox olsun ki, nəinki özünün və ailəsinin yemək-içmək və geyməyini görsün, bəlkə qara gün üçün də bir şey qaldırmağa imkan olsun. Boylə olursa məmurun fikri ailə qayğısı və yoxsulluq dərdi ilə pərişan olmayıb, bütün huş və guşi öz qulluğunda olar.
Demokratik üsuli məmləkətdə Akaki Akakiyeviç kimi məmurlar gərək olmasın. Hər kəs gərək öz vəzifəsi müqabili o qədər maaş alsın ki, onu rahat dolandırsın və yoxsulluq işinə mane olmasın.
Və hökumət məmuru deməsin ki, gedib fələlik eləsəm bundan yaxşı dolanaram.
Əminəm ki, hökumət məmurlarının məişət və güzəranı layiqincə təmin edilirsə bir çox rüşvətxorluq əməlləri və başqa sui-rəftar bəd hərəkətlər öz-özündən rəf olub gedər.
Ondan sonra əgər məişəti təmin edilmiş bir məmur artıq təməlik edib rüşvət-flan alarsa, öyləsini qanunun ən şiddətli cəzası ilə tənbih etmək, əlbətdə, həm layiqdir və həm də lazım və vacibdir.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 199-201.
