Ordan-burdan: [Üsuli-tərcümə]
Müəllim (şagirdə) - Qulaq as görüm, rusca dərs deyirəm: kniqa - kitab; lejit - uzanıbdır; na - üstündə; stole - stolun; nişiy - dilənçi; brodit - ora-bura dolanır; pod - altında; oknami - pəncərələrin; i - və; prosit - təvəqqe eyləyir; milostınyu - dilənçi payı.
Ptiçka - quşcığaz; sidit - oturubdur; na - üstündə; dereve - ağacın; sobaka - it; laet - hürür; na - üstünə; nişeqo - dilənçinin.
Ded - baba; edet - bir şeyə minib gedir; v - içinə; qorod - şəhərin.
Ha, de oxu görüm.
Şagird - Kniqa - kitab; lejit... Mirzə qoy yadıma salım, lejit - durubdur...
Müəllim - Yox, əgər dursa idi, onda gərək bu cürə dik dura idi.
Şagird - Lejit, mirzə, yatıbdır... yox, yıxılıbdır... yox, belə zad eləyibdir. Mirzə, yəni kitabı istolun üstünə qoyubdur.
Müəllim - Yox, bilmədin. Lejit, yəni uzanıbdır.
Şagird - Mirzə, yəni uzunmu olubdur?
Müəllim - Adə yox, uzanıbdır. Sən yatanda uzanmırsan? Kitab da o cürə uzanıbdır.
Şagird - Mirzə, kitab da uzanarmı?
Müəllim - Ta çox fizülluq eyləmə! Sənə deyirlər uzanıbdır - deyinən ki, bəli uzanıbdır. Dalını oxu.
Şagird - Nişi - dilənçi; brodit - hərlənir...
Müəllim - Yox, ora-bura dolanır.
Şagird - Brodit - ora-bura dolanır. Pod... pod... Mirzə, pod... dibində.
Müəllim - Yox, altında!
Şagird - Altında, oknami - pəncərələrin. Mirzə, pəncərənin altında ora-bura dolanmaq olarmı?
Müəllim - Rusca olar, oxu!
Şagird - İ - və; prosit - dilənir...
Müəllim - Yox, təvəqqe eyləyir.
Şagird - Mirzə, təvəqqe eyləyir nədir?
Müəllim - Təvəqqe eyləyir, yəni... zad eyləyir, yalvara-yalvara istəyir.
Şagird- Prosit - yalvara-yalvara istəyir, milostınyu - dilənçi payı.
Müəllim - Dalını oxu.
Şagird - Ptiçka - quşcuğaz, sidit, qoy deyim, sidit - qonubdur.
Müəllim - Yox, oturubdur.
Şagird - Mirzə...
Müəllim - Səsini kəs, hər nə deyirlər ona qulaq as (Şagird ürəyində: görəsən quş diz üstə oturubdur, yoxsa bardaşqurma?).
Şagird - Sidit - oturubdur, na - üstündə, dereve - ağacın; sobaka - it; layet - hürür, na - üstünə, nişeqo - dilənçinin (ürəyində: görünür ki, dilənçinin üstü çox cındır imiş). Ded - baba; yedet-yedet... yedet... Mirzə, yedet içinə?
Müəllim - Yox, bir şeyə minib gedir.
Şagird - Mirzə, bir şey nədir?
Müəllim - Necə bir şey nədir? Məsələn, araba.
Şagird - Yedet - bir şey arabasına minib gedir.
Müəllim - Yox, adə, bir şey araba deyil, at da ola bilər, eşşək də ola bilər, maşın da ola bilər.
Şagirdlər - Yedet - ata, ya eşşəyə, ya maşına.
Müəllim - Ya qatıra, ya dəvəyə.
Şagird - Ya qatıra, ya dəvəyə.
Müəllim - Ya öküzə, ya itə və hətta adama.
Şagird - Ya öküzə, ya itə və hətta adama. Mirzə, məsələn, uşaq anasının qucağına minib gedir, yəni uşaq yedet.
Müəllim - Səfeh söz danışma.
Şagird - Minib gedir. V - Mirzə, v nədir?
Müəllim - V - içinə.
Şagird - V - içinə, qorod - şəhərin.
Müəllim - Bir də başdan oxu.
Şagird - Mirzə, vallah yoruldum.
Şagird (evə gedə-gedə yolda hava Hə oxuyur): V - içinə, na - üstünə.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 76-78.
