Təəssüflər olsun
Lənət olsun o günə ki, maarif və mədəniyyət qapıları bizim üzümüzə bağlanıb, bizi cəhalət və vəhşaniyyət vadisində sərgərdan qoydu. Və lənət olsun bu uzun zamana ki, bu tulanı mürurilə bizim içmizdən millət, camaat qəhrəmanı olacaq bir dahi çıxara bilmədi. Bir dahi ki, həqiqi ömür sürmək üçün, qabağımızı kəsib duran sədləri nistü nabüd edəcək qədər qüvvəti-mənəviyyəyə və cismaniyyəyə malik olub, bizi zülami-cəhalətdən nuri-maarifə tuş edə biləydi!
Onda biz indiki kimi yazıq olmazdıq. Başsız, rəhbərsiz, gələcəyi şək və şübhə ilə dolu qalmazdıq... Lakin olmuşuq və qalmışıq!
Bir baxınız: İgirminci əsrdir, sairlər bizdən dəfələrlə yaxşıraq ola- ola yenə də öz məişət və güzəranını daha gözəl bir təriq salmaq üçün mücahidə və mübarizələrdə bulunub aradıqları yolu tapmağa səy və qeyrət edirlər. Amma biz, ...biz də qeyrət edirik. Lakin niyə? Öz- özümüzü bundan daha zəlil və rəzil bir hala salmağa.
Mərifət və mədəniyyəti-həqiqədən bəhrəmənd olmadığımıza görə, həyat və məişətin təriqinə dair nəzərimiz çox kutahdır.
Biz bunu anlamırıq ki, hər bir fərdin rəfah və səadətlə ömür sürüb yaşaması və üzvü olduğu camaatın rəfah və səadətinə bağlıdır.
Odur ki, heç bir vaxt ümumi camaatın mənafeyini nəzərə almayıb ancaq öz xüsusi mənfəətimizi gözləyirik.
Biz oylə güman edirik ki, birimizin səadət və nikbəxtliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır.
O səbəbdəndir ki, öz xüsusi mənfəətimizi arayan zaman yoldaşımızın zərər və ziyanını özümüz üçün böyük bir vasitə bilirik.
Ola bilsin ki, bu kimi vasitələr ilə biz özümüzə bir şey qazanırıq. Özümüzü mərəffəhülhal və məsud görürük.
Lakin həqiqətdə biz öz-özümüzü böyük bir bədxətliyə sövq edirik.
Çünki bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir irtibat vardır. O irtibat qırıldıqda, heç birimizin səadəti baqi qala bilməz.
Heç bir cəmiyyət olmaz ki, orada ümumi üzvlərin mənafeyi nəzərə alınmadığı halda, işin axırı hər bir üzvdən ötrü möhlik olmasın.
Rusiya kimi əzim bir cəmiyyətin özündən neçə dəfə xırda olan Yaponiyaya basılmasına səbəb nə idi? Səbəb o idi ki, Rusiya cəmiyyətinin üzvləri öz xüsusi mənfəətlərini ələ gətirmək üçün sərf etdikləri səy qədər ümumi camaatın mənafeyi üçün səy etməyirdilər.
İran camaatının dəxi bu zəlalət və rəzalətinə səbəb üzvlərinin ümumi camaat mənafeyindən sərfnəzər edib, öz şəxsi mənfəətləri dalınca olmaqları deyilmidi?
Şübhəsiz böylədir. Lakin biz bunu anlamaq istəmirik, daha doğrusu, anlaya bilmirik. Çünki elmimiz yoxdur və hər bir şeyə kutahbinanə baxmağa adət etmişik.
Aşkara görürük ki, bizim qonşumuz olan ermənilər, çox tez zamanda anladılar ki, onların Gəncə quberniyasında düçari-xəsarət olan ünsürlərinin bədbəxtliyi bütün erməni camaatına və həmçinin, hər bir erməni fərdinə fəna surətdə təsir edə bilər.
Odur ki, bir qədər dedilər, danışdılar və ünsürlərinin xəsarətini təzmin edəcək qədər pul və sairə ləvazimat tədarükünü görüb, əlan həman bədbəxtliyin dəfinə çalışmaqdadırlar və bu tərəfdən o qədər arxayın olubdur ki, indi "camaat universiteti" kimi böyük fikirlərin qüvvədən felə gətirilməsinə çalışmaqdadır ki, bu vasitələr ilə də camaatın gələcək rəfahətini təmin edə bilsinlər. Amma biz ermənilərdən ədədcə və hətta maddi təvanaca artıq ola-ola, otuz beş min nəfərdən ibarət olan böyük bir hissəmizin yoxsulluq və aclıq kimi müsibətlərinə bir çara tapmaq qeydinə qalmayırıq. Qalanlarımız varsa da, rəhmdillər cəhətincədir. Halbuki hissiyyatımız deyil, əqli-səlimimiz, dürbinliyimiz olmalıdır ki, bu müsibətin tez bir zamanda dəfinə can və dil ilə çalışaq. Çünki indidən bunu nəzəri-etibarə almalıdır ki, bu saat zəngəzurların nəfi üçün beş manat, üç manatdan keçmək bizdən ötrü artıq bir ziyan edə bilməz. Amma otuz beş min nəfərin tələf olması Zəngəzur kimi mühüm bir mövqeyin bizim ünsürlərdən xali qalması axırda bizim hər bir fərdimiz üçün böyük bir bədbəxtliyi mövcib ola bilər.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 268-270.
