Üzeyir Hacıbəyli

Oxuma mədəniyyəti haqqında

Yoldaşlar, Bülbülün bugünkü məruzəsi olduqca qiymətlidir, ona görə ki, məsələn, şəxsən mən konservatoriya tələbələrinə ümumiyyətlə necə tərbiyə verəcəyimiz haqqında müəyyən bir qənaətə gəldim. Mən məruzənin mübahisə doğuran hissəsi üzərində ətraflı dayanmayacağam. Əgər maraqlanırsınızsa, deyə bilərəm ki, bizdə ümumiyyətlə bu cür dini musiqi yoxdur.

Məni Bülbülün məruzəsilə yanaşı oxuması maraqlandırır. Çox şadam ki, özünün ilk addımlarından Avropa vokal mədəniyyətinə yiyələnməmiş, Avropa vokal mədəniyyətinin tamamilə əksi olan bir mühitdə tərbiyələnmiş Bülbül İtaliyada olduğu dörd il ərzində öz qabiliyyəti, öz arzusu sayəsində dəyişə bilmişdir. O, professorun köməyi ilə tamamilə dəyişmişdir. Təkcə bunu göstərmək kifayətdir ki, maestro Ştrasser ona yüksək qiymət verir. Görün, təhsil almaq nə deməkdir!

Mən Bülbülün oxuması haqqında nə deyə bilərəm? Müğənninin ilk konsertini dinləyərkən mən məftun oldum, teatrdan son dərəcə məmnun çıxdım. Teatra gələrkən qorxurdum ki, konsert maraqsız keçə. Lakin o zaman ki, sənətkar vokal mədəniyyətini ciddi öyrənir və bu qədər gözəl oxuyur, onda əsil zövq alırsan. Bülbülün Avropa üslubunda oxumasının kimə nə dərəcədə xoş gəldiyini deyə bilmərəm, lakin mənim xoşuma gəlir; o, Şərq üslubunda da çox gözəl oxuyur.

Lakin belə bir sual ortaya çıxır: Bülbül Avropada olduğu üçünmü belə gözəl oxuyur, yoxsa ona Şərq mahnılarını yaxşı oxumağa imkan verən başqa səbəblər vardır? Əgər Bülbüllə yanaşı, hər hansı bir başqa şəxs, məsələn, muğamatla heç bir əlaqəsi olmayan R... da Avropada təhsil alsaydı, zənnimcə, o, ancaq Avropa havalarını çox yaxşı oxuya bilərdi. Deməli, Bülbülün üstünlüyü ondadır ki, o, - hələ sinədən, boğazdan oxuması bir yana qalsın, - hər şeydən əvvəl, ifaçılıq mədəniyyətinə yiyələnmişdir. Mən bu əqidədəyəm ki, biz tələbələrə notla çalmağı öyrətdiyimiz kimi, notla da oxumağı öyrətməliyik. Tələbələrə mədəni təhsil vermək lazımdır. Bundan başqa, Azərbaycan üslubunda oxumağı da öyrənmək lazımdır. Bunu bilməyənə italyan üslubu da kömək edə bilməz. Biz deməliyik ki, müğənni olmaq arzusu ilə konservatoriyaya daxil olan hər bir tələbə ifaçılıq sənətinin bütün qaydaları üzrə oxumağı öyrənməlidir. Biz təkcə türk səhnəsində deyil, rus səhnəsində də çıxış edən müğənnilər hazırlamaq istəyirik. Biz Azərbaycan üslubunda oxumağı da öyrətməliyik. Bülbül kimi mədəni tərbiyə alan, Şərq üslubunda oxumağı bacaran ifaçılar opera və konsert üçün qiymətli kadr olar.

Müğənninin hansı səsə - sinə, boğaz səsinə və ya başqa bir səsə malik olmasının əhəmiyyəti yoxdur. O, hər şeydən əvvəl, ifaçılıq mədəniyyətinə malik olmalıdır. Həmin işdə müğənniyə konservatoriya kömək etməlidir. Doğrudur, bu sahədə müəllim çatışmır. Lakin biz bütün çətinlikləri aradan qaldıraraq vokal mədəniyyəti uğrunda mübarizə aparmalıyıq.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- II cild.- S. 161-162.