Üzeyir Hacıbəyli

Azərbaycan xalq yaradıcılığının təntənəsi

Ümumazərbaycan xalq yaradıcılığı olimpiadası böyük bədii müvəffəqiyyətlə keçdi. Bu olimpiada Sovet Azərbaycanı xalqlarının bədii özfəaliyyətinin və yaradıcılığının çox yüksəldiyini göstərdi.

Olimpiadanın proqramı Azərbaycan çalğı alətlərindən ibarət kolxoz ansambllarının, rayon klublarının gənclərdən ibarət orkestrlərinin, qoca və cavan aşıqların, xalq təlxəklərinin, müxtəlif çalğı alətlərində çalan nadir ifaçıların çıxışlarından ibarət idi. Bunlar hələ də uzaq ucqarlarda işlənən ibtidai tulumb və çoban tütəyi, həmçinin qoltuq sazı, tar, kamança, yastı balaban, qarmon, mondalina, balalayka, dombra, skripka kimi alətlərdə çaldılar, xalq mahnıları və rəqsləri ansamblları da öz gözəl ustalıqlarını göstərdilər.

Beş gün ərzində biz 1.100 nəfərdən artıq artistin sıravi kolxozçuların, müəssisə fəhlələrinin və sovet intelligensiyası nümayəndələrinin çıxışlarına baxdıq. Bunlar incəsənətin müxtəlif sahələrinə yiyələnməkdə böyük nailiyyət qazandıqlarını və istər tək-tək çıxışlarda, istərsə kollektiv çıxışlarda zəngin orijinal formaları nümayiş etdirdilər.

Açıq demək lazımdır ki, bir çox professional artistlər yaradıcılıq cəhətdən inkişaf etmək üçün bu olimpiadadan çox fayda almış oldular. Bu söz, xüsusilə, oynayanlarımızı heç bir məzmunu olmayan hərəkətlər göstərməyə məcbur edən professional quruluşçularımızın "stilli" rəqslərinə nisbətən öz yeniliyi və məharəti ilə tamaşaçıları heyran edən xalq rəqsçilərinə aiddir.

Olimpiada həm kolxoz tarlalarında, həm də sosialist müəssisələrində şərəf və igidlik işi olmuş əməyə kollektiv əməyə bir məhəbbət kimi keçdi. Olimpiadada iştirak edənlərin çıxışlarından biz gördük ki, zəhmətkeşlər özlərinin yaradıcılıqlarında öz əməklərini, öz peşələrini bədii surətdə təsvir edirlər.

Kirovabad rayonunun kolxozundan gəlmiş çoban Sarının çıxışı çox maraqlı idi. Onun tütəyi yalnız çalğı aləti deyil, həmçinin istehsal alətidir. O, bu tütəklə öz qoyun sürüsü ilə musiqi dilində danışır; onun tütəyi kolxoz sürüsünə baxmaqda ona kömək edir. Çoban öz tütəyi və öz işi ilə fəxr edir. O, çıxış edən zaman bildirdi ki, kolxoz sürüsünü qəbul edən zaman sürüdə 400 qoyun vardısa, indi 4400 qoyun vardır. Çoban kolxoz həyatının varlığından danışarkən sosializm qələbələrinin ruhvericisi partiyamızı salamladı. Aşıqlarımız öz yaradıcılıq yüksəlişini göstərdilər. Onlar tək-tək ya ikilikdə çıxış etməkdən indi kollektiv surətdə çıxış etməyə keçmişlər və bununla onların yaradıcılığı maraqlı, məzmunlu və siyasi tematika ilə daha dolğun olmuşdur.

Hadrud rayonunun Böyük Tağlar kəndindən gəlmiş və Behbud Çiçiyanın rəhbərlik etdiyi kolxozçu-düdükçülər ansamblının çıxışı böyük müvəffəqiyyətlə keçdi. Noraşen rayonunun kolxozçusu Əsədulla Həsənov nağara ilə çox gözəl oynadı. Zaqatala rayonunun Tala kəndindən üç kolxozçu qızın-Xanzadə, Şölə və Xədicənin şən "Lilay" mahnılarından yenilik saçılırdı.

Balaca aşıqlardan Əliyev, Abdullayev, Allahverdiyev və pioner qız Məmmədova öz incə səsi və böyük musiqi məharəti ilə sovet uşaqlarının sevimlisi Klim Voroşilov haqqında mahnı oxudular. A. Kroşkonun rəhbərliyi ilə şoferlər klubu xor dərnəyinin çıxışı təsirli və incə idi. Şaumyan rayonu mühəndislərinin kvarteti Qriqin əsərlərini yaxşı ifa etdi.

Oxuyan qızlardan Zərnikar Quliyeva (Ağdamdan), Nəzakət (Kirovabaddan), Roza Arakelyan (Stepanakertdən gəlmiş məktəbli qız), Emma Abolyan (hadrud rayonundan gəlmiş müəllimə) və oğlanlardan-Gülağa Məmmədov və Böyük Ağa Ağayev (Yeni Suraxanı kəndindən) məharətlə çıxış edərək gözəl səslərini nümayiş etdirdilər.

Olimpiada xalqların möhkəm dostluğunun təntənəsi nümayişi kimi keçdi.

Olimpiadanın ən parlaq nömrələrindən biri Hil xalq rəqsləri ansamblının çıxışı idi. Bunların çıxışında xalq mahnılarından sonra ləzginka oynanılır, uşaqlar öz hünərlərini göstərməkdə sanki böyüklərlə yarışırdılar.

Özfəaliyyət ansamblları quruluş sahəsində icad etməyin zənginliyini, ansamblların yaradıcılıq cəhətcə inkişaf etməsini və çıxışların siyasi dolğunluğunu göstərdilər.

Olimpiadada iştirak edənlər içərisində hər üç nəslin nümayəndəsi var idi. Burada altı yaşlı qarmonçu Susanna Qəniyeva (Kürdəmirdən) və 146 yaşlı Qanbaliyev (Dağlıq Qarabağdan) ilə yanaşı olaraq, pionerlərin aşıqlar ansamblı, gənc oynayanlarla yanaşı Nuxa rayonu kolxozlarından gəlmiş qoca oynayanlar dəstəsi çıxış edirdi. Bütün bunlar öz mahnılarında şən və xoşbəxt həyatı, Vətənə, Kommunist partiyasına, Sovet hakimiyyətinə qızğın məhəbbət və sədaqətlərini tərənnüm edirdilər.

Olimpiadada əsas yeri Sovet hakimiyyəti dövründə yetişmiş, qədim melodiyaların ifasına yenilik gətirən gənclər tuturdu. Şuşalı məktəbli. Nüsrət Muxtarov və 10 yaşlı pioner Ənvər Nəzərov xoşbəxt sovet uşaqlarının həyatına həsr etdikləri və böyük ruh yüksəkliyi ilə oxuduqları şerlərində sovet xalqının ən yaxşı oğullarının yaradıcılığı üçün ilham verən arzunu-Kremldə partiya və hökumət rəhbərləri ilə görüşmək arzusunu ifadə edirdilər.

Hacıbəyov, Üzeyir. Əsərləri.- Bakı, 1965.- II cild.- S.310-312.