Tarixi günümüz
1337 səneyi-hicrisi rəbbülvvəlin ikinci günü türk Azərbaycan tarixində xüsusi bir yer tutub böyük bir əhəmiyyəti haiz olacaqdır.
Bugün o gündür ki, Azərbaycan türklərinin Məclisi Milli şurası açılıb, Azərbaycan təkmil bir hökumət şəklinə girir.
Yüz-yüz əlli sənə bundan əvvəl müxtəlif xanlıqlardan ibarət olan Azərbaycan toprağının rus istilasından qazandığı bir mənfəət o oldu ki, bu topraq üzərində qurulmuş olan saxta və əməli hüdudları silinib-süpürülüb müttəhid və vəsi bir ərazi şəklinə girdi və bugün xilas olub da iki milyonu mütəcaviz nüfus ilə Azərbaycan Cümhuriyyəti namını daşımağa kəsbi-ləyaqət etdi.
Pəs bugün həman bu Azərbaycan Cümhuriyyətinin Milli parlamanı, Milli Məclisi açılmağla təşkilat və tərtibati-siyasiyyəsi artıq itmama yetir.
Parlamanımız daxilən və xaricən nə şərait içində açılır?
İstiqlalımızın felən yürüdilməsinə qarşı bugünkü cahan zorluları tərəfindən mümaniətlər göstərilməyirsə də, qəbuluna da hələ qol qoyanlar yoxdur. Məsələnin həlli istiqlalımızın rədd və ya qəbulu gələcək sülh konfransının baxacaq işlərindəndir.
Bir tərəfdən dəxi türk Azərbaycan Cümhuriyyətində vətəndaşcasına yaşamaq, asayiş və istirahətimizin təmini yolunda əl-ələ verib çalışmağa, dəvət etdigimiz qeyri-müsəlmanlar arasında öylələri tapıldı ki, uzatdığımız ələ arxalarını çevirib parlamanımızı və hətta Cümhuriyyətimizi boylə nabemövsüm ədd edərək istiqlalımıza qarşı bədxah olduqlarını indidən bildirdilər. Bunların içində hətta “baykot” sözünün istemalı kimi qabalıq və nəzakətsizlik göstərənlər də olmadı degil.
Daxilən dəxi quldurluqları və ya rəsmi hökumət məmurluqları hələlik bircə bəlli olmayan bir taqım müsəlləh ermənilərin hüdudumuza təcaviz edib, Azərbaycan müsəlmanları həqqında icra etdikləri qətl və qarət, zülm və cəfa xəbərləri cümləmizi mükəddər və mütəhəyyic etməkdədir.
Bu şərait nə qədər mucibi-məsərrət olmasa da parlamanımızın açılmasına qarşı mümaniət təşkil etmədi. Biləks məclisi-millimizin tezlik ilə açılmaq lüzumiyyətini meydana qoydu.
Çünki yuxarıda icmalən zikr etdigimiz əhvalatın biləxirə türk Azərbaycan Cümhuriyyəti üçün mübarək və müsaid bir yola düşməgi məhz parlamanımızın vücudundan və çalışmasından asılı bir məsələdir.
Boylə olan surətdə, deməli, qəlbimizdə bəslədigimiz ümid parlamanımızdır. Və ümidvarıq ki, cavan parlamanımız, bu ümidimizin hüsuli yolunda var qüvvəsilə çalışacaq və siyasi imtahanını xaricilər ənzari qarşısında parlaq bir surətdə verməklə vətənimizin istiqlal və azadlığına birinci səbəb olacaqdır.
Yaşasın türk-Azərbaycan Cümhuriyyətinin cavan parlamanı!
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 29-30.
