Üzeyir Hacıbəyli

Yeni kabinə (I)

Həman iki ay qədər tul çəkən ağır və əziyyətli böhran bitdi. Böhranın bu qədər tul çəkməsinin səbəbi necə ki, keçənlərdə bir kərə dəxi yazmışdıq. Kabinənin müştərək olmaq lüzumi-keyfıyyətindən vücudə gələn əngəllər idi. Kabinə düzəlməsi öhdəsinə həvalə edilməmiş olan Nəsib bəy həzrətləri koalisiyon şəraitini riayəyə məcbur olduğundan istədigi adamlardan kabinə düzəltməgə məşğul olmaq əvəzinə portfelləri partiya fraksiyaları arasında paylaşdırmaq işinə məşğul idi. İşi çətinə salan dəxi bu paylaşma məsələsi idi. Hər bir paylaşmada hər tərəfi razı salmaq çətin bir əmr olduğu üçün, bu paylaşmada da bir tərəfdən paylaşanların hamısı olmasa da əksəriyyətin razılığı və digər tərəfdən dəxi paylayanın özünün məqsədi hasil olmaq üçün bir bu qədər vaxt əlləşmək lazım gəldi.

Madam ki paylaşma bitib kabinə əmələ gəldi, deməli, paylaşanların əksərinin razılığı və paylayanın da məqsəd və arzusu əmələ gəldi. Öylə də oldu. Yeni kabinəyə siyasi dildə deyildigi kimi, parlaman fraksiyalarının əksəri bəyani-etimad edib razı qaldıqlarını izhar etdilər. Bunlar "Müsavat", "Əhrar" sosialistlər bloku, "Əqəliyyəti-milliyə" və erməni fraksiyaları idi. "İttihad" sabiq kabinə elanında olduğu kimi, bu kabinə elanı bədində dəxi etimadnamə bəyanından çəkindi və yeni təşkil etmiş "Bitərəflər" fraksiyası dəxi "İttihad" gedən yol ilə getdi.

Əcaba, partiyalıq əksəriyyətinin etimad və rizasına məzhər olan bu yeni kabinə ümuri-dövlətə və tərzi-idarəmizə partiya xaricində nəzərlərlə baxan camaətin dəxi rizası və hüsn-rəğbətilə qəbul oluna bilərmi?

Bu suala cavab vermək üçün əvvəlcə görək o nəzər sahiblərinin ki, partiya xaricindədirlər, etimad və rizası nə ilə hasil ola bilər.

Partiyalara mənsub olanların etimad və rizası kabinədə o və ya bu partiya adamlarının miqəddəranə və portfellərin o tövr və ya bu tövr bölünməginə bağlı isə, partiya xaricində olan camaətin rəğbət və rizası, əvvəla, kabinə əzalarından hər birinin iqtidarca məşhur və mərufluğuna və saniyən kabinə rəisinin deklarasiyasında elan etdigi yolların və xətt-hərəkatın keyfiyyət verə bilən dərəcəsinə bağlıdır.

Yeni kabinəmiz içində öylə əzalər var ki, ümuri-dövlət işində bilümum və öhdələrinə götürmüş olduqları nəzarət işlərində bilxüsus iqtidar və bacarıqları ilə camaət arasında məruf və məşhurdurlar. Bu əzaların kimlərdən ibarət olduğunu burada sadalamağı, məlum səbəblərə görə, namünasib bilməklə bərabər, hərbiyyə işlərimizi təkrar öhdəsinə götürmüş olan general Səməd bəy həzrətlərinin dövlətimizin istinadgahı olan ordumuzun təşkil və tənzimi ilə camaət arasında layiqli şöhrət qazanmış olan, adını xüsusi surətdə zikr etməgi özümüzə caiz bilirik.

Daxiliyyə nəzarəti kimi mühüm və böyük bir nəzarətin dəxi kabinə rəisi olmaq münasibətilə keçənlərdə haqqında xüsusi bir məqalə yazmış olduğumuz Nəsib bəy həzrətlərinin yədi-idarəsinə keçməsi də camaəti kifayətləndirəcək və rizasını mucib olacaq əhvallardandır.

Bununla boylə yeni kabinəmiz içində ümuri-dövlət işində iqtidar və bacarıqları hələ camaətcə bəlli olmayanlar dəxi vardır. İştə bu yeni nazirlərimizin dövlət və məmləkət mənafei yolunda sərf ediləcək səylərindən "gələcək göstərər" deməyib də bu gün bir təsəlli olmaq üçün bu nazirlərin xətti-hərəkəti müxtəsər də olmuş olsa cızılmış olan deklarasiyona müraciət etməlidir.

Deklarasiyon degilən hökumət bəyannaməsi ümumkabinənin nə yolda işləyəcəgini bildirən ümumi bir proqramdır. Dünən parlaman kürsüsündən eşitdigimiz bu proqram ümuri-idarə dövlət üçün lazım olan bugünkü yolları, ümumiyyətlə, göstərmək və istiqlalımızı hər gunə təcavüzatdan qorumaq və əddindən əlavə bu gün bizi xüsusi surətdə maraqlandıran Lənkəran məsələsi ilə dövlətlilərin əskərligə ciddiyyətlə cəlb edilməsi fəqərəsini dəxi tezlik ilə həll edəcək deyə məxsusən xatırlaması, hər kəsi qənaətləndirəcək dərəcə müvafiq məramdır. Bəyannamədən bəhs edərkən bunu da burada zikr etməgi lazım bildik ki, bəyannamədə Lənkəran məsələsi keçdigdən sonra, parlamanda "bəs Qarabağ məsələsi" deyə nida və sədalar qalxdığını kəmali-təəccüblə eşitdik və bu səslərin degil, erməni məbusları tərəfindən, bəlkə müsəlmanlardan olan bitərəflər tərəfindən gəldigini anlayıb heyran qaldıq. Qarabağ məsələsi Azərbaycan dövləti nöqteyi-nəzərincə həll edilmiş bir məsələdir. Bizcə daha bu xüsusda bir məsələ ola bilməz. Gəncə məsələsi, Bakı məsələsi olmadığı kimi, Qarabağ məsələsi də yoxdur. Olmayan halda nədən ötəri bu məsələni bəyannaməyə salmalı idi ki, bunu bitərəflər tələb edirdilər?

* * *

Məmləkətində əksəriyyət təşkil edən Azərbaycan türk və islamlığı nöqteyi-nəzərincə dəxi on nəfəri türk və iki nəfəri xarici olan kabinənin sövt-heyəti qənaətbəxş bir dərəcədədir. Üç müsavat, iki sosialist, bir əhrar, dörd partiyasız, iki erməni və bir rusdan təşkil etmiş olan kabinəmizdə daşnak firqəsinə mənsub Azərbaycan naziri olması bizi heç də təşvişə salmaz. Biz bu yol ilə əvvəla haqq və ədalət tərəfdarı olmağımızı və saniyən erməni milləti ilə türk milləti arasında olan bəzi etimadsızlıqları bərtərəf etmək və bu iki milləti biri-birinə sinişdirmək lüzumunu hər iki millətin mənfəəti olduğu üçün mülahizəyə alıb da bu işi ümumaləm qabağında şərəf və heysiyyətimizi artıran bir əməl hesab edirik.

Fəqət daşnak və ümumerməni nazirlərimizdən də bizim böyük umacağımız və tələblərimiz vardır ki, bunlardan ən ümdəsi etibarımıza layiq olmaq və bunda baqi qalmaqdır. Eyni umacaq və tələbimiz dəxi rus nazirindəndir, ümidvarıq ki, yeni rus nazirimiz, keçən kabinəyə daxil olan Protasov məsləkli olmayıb da Azərbaycan istiqlalına sadiq bir nazir olaraq bizi sevindirəcək və etimadımızı həm özünə, həm də ümum Azərbaycan ruslarına qarşı bərkidəcəkdir.

Ən böyük ümidimiz, əlbəttə, yeni rəisi-vükəla olan Nəsib bəy həzrətlərinin dövlət və məmləkətimiz mənafeyi yolunda göstərəcək olduğu səbat və mətanətinə bağlıdır. Buna əmin olub da bu mühüm işdə müvəffəqiyyətlərini dilərik.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 145-147.