Ordan-burdan: [Rəfiqimdən məktub]
Əzizim Filankəs, bu günlərdə mənim başıma məzəli bir iş gəldi ki, xəlvətcə sənə nəql edəcəyəm.
Sən özün bilirsən ki, mən həmişə və hər yerdə və hər bir vəxt səhərdən axşama kimi və axşamdan səhərə kimi "millət-millət" deməkdən az qalmışdı ki, dilimdə bir "millət" bitsin. Nə başını ağrıdım daha (üzüm ayağıvun altında) arvad-uşağı da təngə gətirmişdim və nökər-nayıbı da bezar eləmişdim və bazar adamı da məni yaxşı tanıyır, çünki daha bizim ölkədə bir adam tapmazsan ki, mən ona deməmiş olam ki ay millət batdı, millətin dərdi məni öldürdü, millətin yolunda can qurban etmək lazımdır. Qərəz, iş o məqamə gəlmişdi ki, ayıb olmasın - arvad mənə ağıl duvası yazdırmalı olmuşdu.
Günlərin bir günü yatmışdım, yuxumda gördüm ki, fərzən, böyük bir meydana gəlib çıxmışam, bir də gördüm, bu meydanda o qədər adam var ki, daha heç başa gələn deyil, hürkütməsən saymaq olmaz. Birisindən soruşdum ki, qadam, bura haradır? Dedi: Əmi, bura "millət meydanı"dır və hər millətin qəhrəmanları bura yığılıbdır ki, düşmən ilə davam edib, millət yolunda can qurban etsinlər.
Mən bu sözü eşidən kimi sap-sarı saraldım və birdən fikrimə gəldi ki, dur qaç, amma gördüm ki, ayaqlarım tutulub və heç yerimdən tərpənə bilmirəm. Öz-özümə dedim ki, adə bu nə kələk idi mən düşdüm. Sonra dedim qoy görək nə olacaq.
Bir qədərdən sonra gördüm ki, özgə millətlərin qəhrəmanları bir- bir mənim yanımdan keçib və mənə də kəmali-həqarət ilə bir nəzər atıb, dava meydanına tərəf gedirdilər və orada nə olurdu, nə olmurdusa, onu görmürdüm. Ancaq eşidirdim ki, "bravo, bravo" səsindən qulaq tutulurdu və əl çalmaq sədası asimanə bülənd olurdu...
Bir qədər keçdi, gördüm, bir səda gəldi ki, ay camaat, bəs müsəlmanlardan da millət yolunda can qurban edə bilən bir adam yoxdurmu? Mən o saat istədim bərkdən çığırıb deyəm ki, xeyr, yoxdur və ola da bilməz, amma allah lənət eləsin bizim Kərbəlayı Qurquşuma, o yandan əlini mənə tərəf uzadıb dedik ki, var, budur burda oturubdur. Mən əl elədim ki, adə bəsdir, evin yıxılsın, səsini kəs - olmadı, bir də gördüm ki, məni sürüyüb meydana çəkirlər. Sənin canın üçün cənab Filankəs, qorxumdan elə çığırdım ki, bir də gördüm - ayıb olmasın - arvad uşağı oyatmışam.
İndi düz o gündən bəridir ki, mən özümə söz vermişəm ki, bir də müftə yerə "millət belə gəldi, millət belə getdi, millət yolunda can qurban etmək lazımdır" kimi sözlər bir də min il qala ağzıma almıyam. Çünki qorxuram ki, birdən yuxum gerçək ola! Nə deyirsən?
İdarədən: Nə deyəcəyəm, bir yaxşı işdir ki, eləmisən. Doğrudan, hərgah bizim bu cürə millət-millət deyib, danışanlar öz sözlərinə əməl eləsəydilər, onda müsəlman milləti bir verst irəli getmişdi. Amma heyf ki, bizim sözümüz ilə əməlimizin arasında asimanü zəmin təfavüt var. Odur ki, millətimiz də tərpəndikcə geri sürüşür.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 350-351.
