Üzeyir Hacıbəyli

Ordan-burdan

Hilal На Şiri-Xurşid
Şiri-Xurşid (Hilala) - Bəs sən batmışdın, nə üçün birdən çıxdın?
Hilal - Bəs sən çıxmışdın, nə üçün birdən batdın?
Şiri-Xurşid - Bizim adamların çoxu adam deyillər. Bəlkə adam sifətində olan bayquş, yapalaq və bu cürə şəbpərə quşlarıdır, necə ki, indi İranın viran olmağı da buna böyük dəlildir. Mənim şəfəqlərim bu bayquşların gözlərinə ox kimi batırdı, ona görə onlar mənim çıxmağıma tab gətirə bilmədilər və məni batırdılar.
Hilal - Mən də 30 ildir ki, qara bulud altında gizli qalmışdım. Qara bulud getdikcə qaralıb qalınlaşıb, hər yeri zülmətə döndərmişdi.
Nagah birdən ildırım şaxıyıb bulud dəhşətlə guruldadı və yağış ətri əvəzində havadan qan qoxusu gəlməyə başladı. Bildilər ki, bərk bir qan yağışı yağıb, hər yeri qan seli basacaqdır. Ona görə tez buludları dağıdıb, məni çıxartdılar.
Şiri-Xurşid - Daha bir də batmazsanmı?
Hilal - Sənin bir də çıxmayacağını bildiyim kimi, özümün də bir də batmayacağımı aşkar bilirəm.
İran şahı istəyir ki, tazədən tac qoysun, çünki əvvəlki "ko" olmayıbdır. Ona məsləhət görürlər ki, ikinci dəfə tac qoyduqda adını dəyişib, "Mamedali" qoysun. Çünki daha bu biabırçılıqdan sonra "Məmmədəli" adı ona yaraşmır... Daha doğrusu, onun üzü bu ada yaraşmır.

                                                                                                                                                      Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 15.