Üzeyir Hacıbəyli

Böhran dolayisilə

Bu qədər vəxt imtidad edən kabinə böhranı demək olar ki, artıq bitmək üzrədir. Ehtimal bu günlərdə başda təkrar Nəsib bəy Yusifbəyli həzrətli olmaq üzrə yeni kabinənin məramnaməsini dinləmək həzzinə nail olarıq.

Böran dəvam edərkən keçirdiyimiz günlər, siyasi əhvallar və cümhuriyyətlərimizin xarici və daxili vəziyyəti eyni halda qaldığından, mucibi-xovf və əndişə heç bir təhəvvülat və təbəddülat müşahidə edilməyindən calibi-diqqət bir hadisə və ya bir vaqe sərzədeyi-zühur olmadığından böhranın nə zərəri və nə fənalığı var ki, bunun vüqundan dolayı bu qədər əndişələrə, bu qədər qorxulara qapılıb da böhran törədən məzəmmət edilirdi deyə təbii bir sual xatirə gələ bilər. Zatən boylə sual verənlər vardır və sualları da bir tərəfdən haqlıdır, çünki vaqeən məmləkət və əhali böhran vücudini heç də hiss etmədi.

Böranın uzanmasından bir fəna nəticə hasil olduğunu görməyib təşvişini sakit etdi və “qoy böhran nə qədər uzanır uzansın”,- deyə bu fikirlə barışdı və öz işinə məşğul oldu. Hər halda böhran vüquinin və uzanmasının məmləkət üçün zərər və təhlükəli olduğunu qəlbində bir qənaət hasil etmədi.

Azərbaycanda kabinə böhranının vüqui və bu qədər imtidadi zənn edirəm degil, yalnız azərbaycanlılar üzərində bəlkə kənardan baxan xeyirxah və bədxahlarımız üzərində dəxi heç bir təsir buraxmadı. Çünki böhran vüqui məmləkətin nə daxilində və nə xaricində ciddi bir hal əmələ gəlmiş olduğunu meydana çıxarmadı. Böhran vüquini mütəaqib heç bir hadisə baş vermədi və Azərbaycan işləri necə ki vardı, eləcə də adi cərəyanla davam etdi. Mötadi üzrə gözlənirdi ki, “Azərbaycanda böhrani-vükəla vüqu buldu" teleqramından sonra “məmləkət anarşi içindədir”, yaxud hökumət-flan partiya əlinə keçdi” yainki “üsyançılar şəhəri işğal etdilər” kimi teleqramlar dəxi varid olacaqdır. Lakin boylə teleqramlar çəkilməsinə məhəl yoxdu, çünki Azərbaycanda heç bir fövqəladə təbəddülat və hadisat baş vermədi və binaən əleyh kənardan baxanlar dəxi bizdə kabinə böhranı mövcud olduğunu həman unutdular və laqeyd qaldılar.

Vaqeən boyləmi oldu? Bu qədər uzun müddət dəvam edən kabinə böhranının məmləkətimiz üçün fəna təsiri olmadımı? Bəlkə fəna cəhətini əhali sezmədi, dərk edə bilmədi və onu dərk edənlər yalnız siyasət ərbabi oldu?

Xeyr! Madam ki məmləkət və əhali bir bu qədər vəxt dəvam edən böhran vücudunu hiss etmədi və fənalığını dərk etmədi, görünür ki, hiss ediləcək bir şey yoxmuş və vaqeən heç bir fənalıq da sühur etməyib, işlər öz qaydası ilə getdi.

Əcəba, bu nə üçün boylə oldu? Və nədən bu böhran əhali və məmləkət üçün “azar” etmədi?

Bu sualın hər cavabı bu ola bilər ki, böhran vaqe oldusa da məmləkət başsız qalmadı, çünki yeni kabinə əmələ gəlincə, köhnə kabinə əzaları öz yerində olub işlərinə dəvam etməkdə idilər.

Fəqət bu cəvab doğru olsa da məsələnin zahirinə aiddir, halbuki əsl mətləb məsələnin batini cəhətindədir və bu cəhəti əyan edə bilən cəvab yalnız budur ki:

- Böhran öz süni və qeyri-təbii olaraq vücudə gəlmiş bir keyfiyyət idi.

Vaqeən böhrandan qabaq məmləkətdə heç bir fövqəladəlik baş verməmişdi ki, təbii bir böhran vüquinə səbəbiyyət verə idi. Dövlətimizdə ciddi və mucib əndişə hal törənməmişdi ki, bunu zühurunu hökumətin tədbirsizli, bacarıqsızlıq və sui-idarəsinə həml etmək ola idi. Yaxud kənari bir fövqəladəlik dəxi meydanda yox idi ki, hökumət onun rəf və dəfində aciz qalmış ola idi ki, bu səbəb dolayısı ilə də iş başından çəkilib zimami-dövləti bacarıqlı əllərə verməyə məcbur qala idi.

Biləks, hökumət öz işində möhkəm durub müvəffəqiyyət ardınca müvəffəqiyyət qazanmaqda, məmləkəti xətərli günlərdən salamat keçirib də əmnü-amanlığa çıxarmaqda, xarici və daxili vəziyyətini möhkəmləndirməkdə ikən birdən yersiz yerə böhran! Nə səbəbə?

O səbəbə ki, sosialist fraksiyası içində ayrılıq əmələ gəlib, sağ, sol və ortaya bulunmaqla, solların sağlardan razı olmadığını, sağ sosialistlərə mənsub olan nazirlərə qarşı ədəmi-etimad izhariylə bildirmək lazım imiş və bir də “Əhrar” fraksiyası kabinəyə etimad etmiş olduğunu yadından çıxarmış imiş...

İştə boylə süni olaraq bilasəbəb bir böhran vaqe oldu, lakin məmləkət və əhali kabinənin hüsni-idarəsindən mənfəətdən başqa heç bir zərər görmədiyinə görə həman idarənin müvəqqəti davamı dəxi eyni əllərdə olduğundan heç bir pislik və fənalığa yol verməməyində dəvam edib, bu süni böhranı böhransız və azarsız keçirdi.

Fəqət burasını nəzərə almalıdır ki, bu böhranın əhali və məmləkət tərəfindən hiss və dərk edə bilmədən keçməsi hər bir böhran vücudunun ziyansız olduğuna dəlil ola bilməz. Ondan əlavə süni böhran nə qədər əhali və məmləkət üçün “ziyansız” olsa da zatında ziyanlı və zərərli bir şeydir. Bunu əhali sezməsə də siyasət işinə vaqif olanlar dərk edirlər. Boylə böhran fənalığını baxüsus böhran keçirən hökumət əzaları hiss edə bilirlər. Bir naziri fərz ediniz ki, böhran vüqui ilə istefa vermiş, fəqət yerinə bir başqası gəlincəyə qədər müvəqqəti olaraq məqamında oturub, “bu gün varam, səbah yoxam” fikrilə işlərə baxmağa məcbur edilmişdir. Boylə bir nazir nə qədər millətpərəst, vətəndust və dövlət qayğıkeş olsa da ruh yüksəkligi ilə, şövq və həvəs saiqəsilə iş görə bilməz, çünki öz mühiti boylə buna müsaid olmaz. Məmurların münasibəti əlaqədar adamların müamiləsi, qərəz hər bir cüzi dəyişiklik ona “bu gün varam, səbah yox” fikrini xatırladıb işdən soyudar və laqeyid bir halə salar...

Parlaman əzaları hökumət böhranlarına saymazyana bir nəzərlə baxmağı zənnimizcə tərk etməlidir. Bir şey ki, yerindən oynamağa adətkərdə ola, axırda “laxlaq” olar. Dəqiqə başına bir böhran törətməklə axırda öylə fəna nəticələrə yetişərik ki, məmləkət və əhali böyük zərər və ziyanlara düçar olar. Kənardan baxanlar nəzərindən dəxi gülünc və mucib məsxərə bir halətə düşərik. Boylə bir nəticələr arzusunda olan parlaman əzalarımız var deyə bu fikri xəyalımıza gətirmək istəməyirik. Bununla boylə fəna nəticələr törədə bilən əməllərdən məmləkət və əhalinin xoşlanmayacağını da yada salırıq və ümidvar oluruq ki, yeni kabinə boylə süni böhranlar “əməliyyatına” giriftar edilməyib, parlaman əksəriyyəti müzahirətinə ümid ilə istinadgahına mətin və məqamını möhkəm hiss edəcəkdir. Bu isə hökumətin əzm və cəzmini artırıb mənəvi bir qüvvət verir və üzərinə götürmüş olduğu ağır yükünü bir dərəcəyə qədər yüngülləşdirir.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 272-275.