El musiqisi haqqında
Hal-hazıra qədər Azərbaycan xalqının bir çox el nəğmələri və rəqsləri aradan çıxaraq, get-gedə əhali arasında intişar tapmayıb, axırda əskilir. Onların yerinə yeni- yeni şerlər gəlir. Hərgah biz istəsək bir neçə ilə bundan qabaq Azərbaycanda oxunan mahnılardan xəbərdar olaq, ola bilər ki, onları xatırlaya bilməyək. Buna səbəb musiqi əsərlərini toplamamağımızdır.
Əgər aləmi-musiqidən xəbərdar olsaydıq, o vaxt bu nəğmələri toplayıb, gözəl bir el nəğmələri məcmuəsi düzəltmək mümkün idi.
İndi işlənən nəğmələrin və rəqslərin bir çoxları Avropa musiqişünasları tərəfindən notaya alınmış, bu da çalınanda bizim camaatın ruhunu oxşamır.
El nəğmələri kimlərin əsəri olduğu naməlumdur Bu əsərlər xalq arasında işlənərək el nəğməsi namı almış və belə havaları hər gecə düzəltmək mümkün deyildir.
Azərbaycanda özlərindən əsər yaradan bir çox Avropa musiqişünaslarından başqa, bir neçə Şərq musiqişünasları vardır. Bu musiqişünaslardan Avropada təhsil görmüş və Bakıda xormeystr olan Anton Mailyandır ki, bir neçə kiçik nəğmələri vardır. Bununla fəxr etmək kafi deyilmiş kimi başqalarının əsərlərini də xorda oxudaraq, öz musiqisi adlandırır. Bu nəğmələrdən biri "Şah İsmayıl" operasından "haydı, qızlar!" nəğməsidir ki, müsamirə vaxtı-proqramda öz musiqisi olduğunu göstərir. Bundan əlavə "Ay yoldaşlar!" nəğməsini notaya alaraq, öz musiqisi hesab edir. Bu nəğmə, əvvələn, bir neçə il bundan əqdəm fars dilində oxunan və fars ahəngilə gedən bir nəğmədir. Sonra nəğmə Bakıya gətirilərək, burada 1924-cü ildən etibarən türkcə qoftələnib məktəblərdə oxunur.
El musiqi əsərlərinin təlif olunmasında, özgələr tərəfindən mənimsənilməsində həpsinin səbəbi el nəğmələrinin toplanmaması, notaya salınmaması və nəğmə məcmuələri şəklində həmişəlik saxlanmamasıdır. Əgər el nəğmələri notaya salınaraq toplansa və saxlansa, əlbəttə heç kəs onu özünə çıxa bilməz. Və eyni zamanda o nəğmələr itib batmaz, tez unudulub məhv olmaz.
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 183-184.
