Ordan-burdan: ["Nepriyatnost"lar]
Balaca müsibətlərə rusca "nepriyatnost" deyirlər. Bu səfər bu "nepriyatnost"lar ucundan halım elə pərişandır ki, daha durub bu "nepriyatnost"i türk dilində axtarıb, deməyə heç bir halətim yoxdur. Elə "nepriyatnost" deyib keçəcəyəm.
Eh, bir belə də "nepriyatnost" olarmı? Bunun hamısına bir yerdə müsibət demək olar! "Nepriyatnost", "nepriyatnost" dalınca!
Yaponiya müsəlman olmaq istəyir. İçimizdə elə bir adam yoxdur ki, gedib onları müsəlman eləyib geri qayıtsın. Dövlət dumasına göndəriləcək vəkillərimiz hələ evdə oturub təsbeh çevirirlər və dumanın qovulmağına müntəzirdirlər. Yalandan şikayət edirlər ki, "Kaspi" qəzetəsi müsəlmanların müsəlmanlığını mühafizə edən məqalələri çap eləməyir və halonki srağagün üç-dörd məqalə guya "İrşada" niş vurmaq üçün çap eləmişdi; bilmirəm bu xalq nə üçün yalan deyir. Naxçıvanda bir allah bəndəsi "Həyatın" sütunlarını heç bir-birinə uyuşmayan sözlərilə doldurub, deyir "İrşada" cəza veriniz ki, əlmüs- təqim sözü heç kəsin qulağını taqqıldatmayır və özü də istiqamətə dəlalətdir; Şuşada İbrahimov adlı bir "pəhlivan" Haşım bəy Vəzirovu vurub matdan çıxarıbdır. Yenə erməni müsəlmanı öldürdü, müsəlman ermənini öldürdü sözləri qulaqlarımızı dəng eləməkdədir. Şeyxülislam cənabları "İrşad" müdirindən giley edib deyir: heç bunu yada salmayırsınız ki, minib gəzməyə bir "şikarnı" faytonumuz da yoxdur. Durub bütün "nepriyatnost"ları sadalasam, allah bilir ki, nə qədər danışmaq lazım gələr. Sözüm oradadır ki, bu "nepriyatnost"ların hamısı Bakı yayının bu isti günlərində mənə o qədər ağır əsər eləyir ki, səhər, günorta, axşam həmişə ovqatım təlx və əhvalım pərişan olur.
Bəzi vaxt öz-özümə sual verirəm ki, birdən:
Yar sual etsə ki, halın nədir?
Xəstə filankəs, nə verərsən cavab?
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 222.
