Üzeyir Hacıbəyli

Kövkəb Səfərəliyeva. Böyük insan

Kövkəb Səfərəliyeva. Böyük insan

Üzeyir Hacıbəyov haqqında çox yazılmışdır. Amma elə güman edirəm ki, onunla görüşmək imkanı tapan hər kəs çox şey danışa bilər və öz xatirələri ilə Azərbaycan musiqisi tarixində qeyri-adi rol oynamış gözəl musiqiçi və insan haqqında təsəvvürü zənginləşdirə bilər. Odur ki mən də unudulmaz Üzeyir bəyin həmişəlik xatirimdə qalmış bəzi həyat səhifələrini oxuculara çatdırmaq istəyirəm.

1922 1923-cü illərdə - BXMŞ musiqi texnikumunun fortepiano şöbəsinin tələbəsi olan zaman məni qadın seminariyasında (təhsil proqramına ilk dəfə daxil edilmiş) fortepiano üzrə məşğələ aparmağa dəvət etdilər. Şübhəsiz, böyük iş stajı və təcrübəsi olan mütəxəssis musiqiçilər çox idi, lakin məni, yəqin, ona görə seçmişdilər ki, həm ana dilini, həm də rus dilini bilirdim; deməli, rus dilini bilməyən qızlara dərslərində kömək edə bilərdim.

Seminariyada musiqi məşğələlərinin proqrama daxil edilməsi göstərirdi ki, məktəb rəhbərliyi gələcək mütəxəssislərin hərtərəfli formalaşmasında musiqinin də az rol oynamadığını başa düşən şəxslər idi.

Seminariyaya Mədinə xanım Qiyasbəyova, onun müavini Gövhər xanım Usubova başçılıq edirdilər. Müəllimlər arasında Xədicə xanım Ağayeva, Şəfiqə xanım Əfəndizadə, Naimə xanım Qazıyeva kimi yüksək ixtisaslı mütəxəssislər, Fatma xanım Murzəbəyova, Badisəba xanım Köçərli kimi tərbiyəçilər var idi. Məhz bu seminariyada ilk dəfə Üzeyir Hacıbəyovla görüşdüm. O, qızlardan əvvəlcə kiçik xor təşkil etmiş, sonralar isə tədricən bu xor məktəbliləri Azərbaycan bəstəkarlarının əsərləri ilə tanış edən və klublarda çıxış edən böyük ifaçı kollektivinə çevrilmişdi.

Bir dəfə məşğələ zamanı Üzeyir bəy sinfə girdi və mənim xorun işində akkompaniator kimi iştirak edib-etmədiyimi soruşdu. Təbii, mən bunu çox arzu edərdim, amma bu rolda ilk dəfə çıxış edəcəyimdən qorxurdum ki, işin öhdəsindən gələ biləcəyəmmi? Həmişə olduğu kimi, Üzeyir bəy köməyimə çatdı. Mənə notlar verdi və iki gün sonra məni dinləyib musiqinin xarakteri və tempi haqqında göstəriş verdi, məşqə gəlməyimi təklif etdi. Həmin vaxtdan başlayaraq mən seminariya xorunun geniş çıxışlarının daimi iştirakçısı oldum. Üzeyir bəylə işləmək çox asan idi, çünki onun bütün göstərişləri həmişə məntiqdən, böyük sənətkarın öz işini yaxşı bilməsindən doğurdu.

Mən Üzeyir bəyin özünün gözəl, ecazkar musiqisi ilə, habelə xalq mahnıları ilə tanış oldum. Qızlar Üzeyir Hacıbəyovun gözəl musiqisi ilə insanı heyran edən "Əsli və Kərəm" operasından "Axşam oldu", "Leyli və Məcnun" operasından təsirli və ifadəli "Şəbi-hicran" xorlarını, habelə "Şah Abbas və Xurşidbanu" operasından Xurşidbanunun gözəl melodiya ariyasını unison tərzdə hüznlü və səmimiyyətlə oxuyurdular.

Üzeyir bəy xorla həmişə həvəslə çıxış edirdi. O, musiqinin kütlələr arasında geniş yayılmasına böyük əhəmiyyət verirdi. Üzeyir bəyə xas olan yumor həmişə insanı fərəhləndirir və ona nikbin ruh aşılayırdı. Bir dəfə ona verdiyim: "Üzeyir bəy, lütfən, sabah axşam mən işdən azad ola bilərəmmi?" sualına çox ciddi tərzdə belə cavab verdi: "Əlbəttə, əlbəttə, amma mütləq evdə olun". Bundan belə bir nəticə çıxırdı ki, yəni azad deyiləm.

1926-cı ildə onun rəhbərlik etdiyi musiqi texnikumu Azərbaycan Dövlət Konservatoriyası ilə birləşəndən sonra biz, demək olar, hər gün onunla görüşürdük.

O, unudulmaz şəxsiyyət, heç bir məsələni cavabsız qoymayan, həmişə lazım olan anlarda məsləhət verə bilən, köməklik göstərən adam idi.

Mən onillik musiqi məktəbinin direktoru olduğum zaman Üzeyir bəy xahiş etdi ki, Azərbaycan Dövlət Konservatoriyasının tədris hissə üzrə müavini vəzifəsini öhdəmə götürüm. Vəziyyət elə idi ki, müvəqqəti olsa da, razılaşmalı idim. Ağır iş məni çox məşğul edirdi, buna görə də məktəb direktoru işinə vaxtım çatmırdı. Bir müddətdən sonra Üzeyir bəyə müraciət etdim ki, konservatoriya direktorunun müavini vəzifəsindən məni azad etsin. Üzeyir bəy çox sakitliklə məndən soruşdu: həqiqətənmi, yeni vəzifəniz konservatoriya üçün kadrlar hazırlığı işinə mane olur? Mən çalışdım ki, öz nöqteyi-nəzərimi izah edim; dedim: mənə elə gəlir ki, hazırda məktəbdə qalıb işləməyim daha münasibdir. Ali məktəb üçün bilavasitə kadrlar hazırlayan onillik musiqi məktəbinə böyük əhəmiyyət verən Üzeyir bəy təklif etdi ki, onunla birlikdə Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinə gedim. İncəsənət İşləri İdarəsinin rəisi M. İbrahimovun kabinetinə girəndə Üzeyir bəy mənim konservatoriyanın direktoru müavini vəzifəsindən azad olunmağımı xahiş etdi. Mirzə İbrahimov belə bir gözlənilməz xahişə təəccüb etdi və soruşdu: "Üzeyir bəy, siz özünüz Kövkəb xanımın namizədliyini çox xahiş etmisiniz, bəs indi niyə belə?" Üzeyir bəy çox qısa cavab verdi: "Kövkəb xanım dedi ki, onun yeri məktəbdir, mən də onunla razılaşdım". Bu cür yalnız Üzeyir bəy, - yüksəkixtisaslı gənc musiqiçi kadrları hazırlanmasının rol və əhəmiyyətini dərindən başa düşən bir şəxs hərəkət edə bilərdi.

Onun adamlara humanist münasibəti, tələbələrin inkişafına göstərdiyi qayğı həmişə onun hərəkətlərində öz əksini tapırdı. Misal üçün, 40-cı illərin əvvəllərində konservatoriya kiçik bir salonda (Torqovı döngəsində) yerləşdiyi zaman gün-günorta çağı Üzeyir bəy məndən xahiş etdi ki, sinif-kabinetinə gəlim. Onun yanma gəldikdə Üzeyir bəylə və onunla qarşı-qarşıya əyləşmiş sadə geyimli, mənə tanış olmayan cavan bir oğlanla salamlaşdım. Üzeyir bəy bizi bir-birimizə təqdim etdi və məndən soruşdu: "Siz konsert təşkil edə bilərsinizmi? Gənc pianoçu konservatoriya tələbələri üçün İ. S. Baxın prelyüd və fuqalarından ibarət silsilə əsərlərini çalmaq istəyir". Bu gənc pianoçunun adı və familiyası Svyatoslav Rixter idi. Mən o zaman S. Rixteri üzdən tanımırdım, amma 30-cu illərin ortalarında Moskvada olarkən eşitmişdim ki, Henrix Qustavoviç Neyqauzun tələbələri arasında istedadlı bir pianoçu var. Müəyyən dövrə kimi Neyqauz onu heç kəsə göstərmək istəmirdi. Konsert təşkil etməyə böyük məmnuniyyətlə razı oldum və Rixterlə birlikdə salona keçdim ki, royalı yoxlasın. S. Rixterin proqramı çox geniş idi. Bu proqram iki konsert həcmində idi. Salon ağzınadək dinləyicilərlə dolmuşdu. Qapıları açıq qoyduq ki, tələbələr siniflərə də, vestibülə də, keçidlərə də toplaşa bilsinlər. Bütün dinləyicilər Baxın əsərlərinin ifasına heyran qalmışdılar və pianoçuya öz dərin minnətdarlıqlarını bildirirdilər. Konsert qurtardıqdan sonra S. Rixter Üzeyir bəyin yanına gəlib çox səmimi qəbul üçün öz qızğın təşəkkürünü bildirdi. Öz növbəsində biz də Üzeyir bəyin gənc pianoçuya ona xas olan xeyirxah münasibət bəslədiyini, müəllim və tələbələrə belə unudulmaz musiqiçini dinləmək imkanı yaratdığına görə minnətdarlıq etdik. S. Rixter kabinetdən çıxdıqdan sonra Üzeyir bəy məndən xahiş etdi ki, qalım. Onun sözləri indiki kimi yadımdadır: "Kövkəb xanım, mənim sözlərimi yadda saxlayın! Bu gənci böyük gələcək gözləyir. Belə uzaq yerə gəlib təmənnasız çalmaq hər kəsə xas olan cəhət deyil. O, əsl musiqiçidir". Nəhayət, 1943-cü və 1945-ci illərdə Üzeyirbəy "Azərbaycan xalq musiqisinin əsasları" adlı böyük əsəri üzərində işlədiyi zaman mətnin gələcək redaktoru kimi onunla tez-tez görüşürdüm. Üzeyir bəylə işlədiyim illər mənim həyatımın ən yaxşı, ən maraqlı dövrüdür. Gözəl musiqiçi ilə görüşlər məndən ötrü əsl məktəbə çevrildi, xalq musiqisinin qiymətsiz bədii keyfiyyətlərini yeni tərzdə dərk etməyə məni məcbur etdi. Üzeyir bəy öz biliyini və incə müşahidələrini həmişə həvəslə bölüşürdü. Üzeyir Hacıbəyovun kitabı Azərbaycan musiqisini öyrənmək üçün ən zəruri bir dərsliyə çevrilmişdir. O, Azərbaycan musiqisinin şifahi ənənələrinin qanunauyğunluqlarını geniş musiqiçilər üçün açmışdır.

Bu kitabın köməyi ilə indi də Azərbaycan musiqisinin əsasları öyrənilir. Mən çox xoşbəxtəm ki, böyük bəstəkar-alimlə birlikdə işləmək mənə nəsib olmuşdur.

Azərbaycan xalq musiqisinin əsasları.- Bakı, 2019.- S. 305-309.