Ordan-burdan
Deyirlər ki, "Ərdəbil bir şəhərdir - hər kəs də öz vəkili".
Mən Ərdəbildə olmamışam və bunun da nə dərəcədə doğru olub- olmadığını bilmirəm. Ancaq iqrar edirəm ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar şəhərlərin biridir. Doğrudan da elə olsun gərək. Bu gün sənin kefin çay içmək və qəlyan çəkmək istəyir, heç kəsin buna sözü olmaz. Bu gün sən gəzməyə çıxmısan - heç kəs deməz ki, nə gəzmək zamanıdır. Bu gün sən günortadan sonra yatmaq istəyirsən - heç kəs sənə bir söz deməz (İranda bundan artıq bir hərəkət yoxdur, zənn edirəm). Amma bizim Bakıda belə deyil. Hər bir işində, hər bir hərəkətində, hər bir durub-oturuşunda, hər bir addımında ehtiyatlı olmalısan və illa, cüzi bir o yan-bu yan görürsən ki, qiyamət qopdu. Nə üçün ayağuvi geri qoydun, nə üçün bu sözü dedin, nə üçün filan elədin və s.
Çox adam deyir ki, bu bir yaxşı sifətdir, çünki insani ehtiyatla dolanmağa vadar edir. Mənim zənnimcə, bu bir əgyali-xamdır. Qoy, hər kəs sərbəst dolansın, sərbəst dolanan adamın fikir və xəyalı da sərbəst və azad olar.
* * *
Qəzetələrimiz şikayət edirlər ki, qəzetə oxucularımız azdır. Mən bu şikayəti haqlı hesab edə bilmirəm. Çünki hər kəsi görürəm, qəzetədən bəhs edir. Hər kəslə mübahisə edirəm, qəzetələrdən mənə dəlil və sübutlar gətirir. Bəs qəzetə oxumayan adamın qəzetədən xəbərdarlığı olarmı?
Bəlkə qəzetəçilərimiz - qəzetə müştərisi azdır demək istəyirlər? Hə!.. Buna mənim bir sözüm yoxdur. Bu ola bilər. Nəinki ola bilər - həqiqətdə də belədir, iştə, görünür ki, qəzetə müştərisi azdır. Amma qəzet oxumayan əhli savad yoxdur. Bu nə təhər olan işdir?
Nə təhər olacaq?
Fərz edəlim ki, Abbasqulu bir qəzetənin müştərisidir. O surətdə Abbasqulu sakin olan məhəllədə heç bir kəsin qəzetə almağa ehtiyacı yoxdur. Çünki Abbasqulunun iltifatı sayəsində aldığı qəzetə bir məhəllənin adamlarının hamısına kifayət edər...
İştə, belə.
* * *
Qəzetələrimizin müştəriləri azdırsa da, özləri getdikcə çoxalmaqdadırlar. Əlhal, tək bir Bakı şəhəri 3 qəzetə verməkdədir. Qazan isə 5 qəzetə intişarına müvəffəq olubdur. Sair şəhərlərdə də Bakı ilə Qazandan geri durmaq istəmirlər. Qəzetələrimiz cürbəcürdür. Kişilərimizə məxsus, arvadlarımıza mənsub, uşaqlarımıza mütəəlliq qəzetələrimiz vardır. Lakin... "çoxluq" sözünə dair türkün bir "senzorsuz" məsəli vardır ("senzorsuz" sözünü mən "əz bərayi-xali nəbudəni-mərasilə" dedim; özüm yaxşı bilirəm ki, hökumətə müxalif sözlərdən səvayı ağıza gələn sözü senzor buraxar və buraxır da).
Görünür ki, bəzi qəzetələrimiz, bu zərbi-məsəli isbat etmək istəyirlər. Belə ki, o qəzetələrdən yavaş-yavaş "xuliqanlıq" iyi gəlməkdədir... "Nur" ilə "Bəyanül həqq"in acığı tutmasın.
Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 202-204.
