Dağıstan və biz
Bu bir-iki gün ərzində Dağıstandan gələn xəbərlər Dağıstan hökuməti əhvalını o qədər qat-qarışıq bir halda təsvir edir ki, insan çaşıb qalır.
Bir tərəfdən ingilis komandanlığının əmri ki, dağıstanlılar Denikin və Prjevalski ordularına qarş düşmənanə hərəkətlərdən əl çəksinlər. Prjevalskinin qoşunu Petrovskini işğal etsin. Demək bütün Terski oblastı Denikin hökmü altında qalsın. Digər tərəfdən xəbər var ki, dağıstanlılar ittifaq edərək Denikin ordusuna Nazran yanında böyük bir həzimət yedirdib Qroznıyı, təkrar geri alıbdırlar. Bu tərəfdən dəxi bir şayiə dövran ediyor ki, Dağıstan hökuməti məqərri olan Teymurxan Şura şəhərində inqilab əmələ gəlib bolşeviklik hərəkatı müşahidə edilməkdədir. Əlavə görüşüb danışdığımız dağıstanlı qardaşlarımızdan bir çoxunun söhbətindən anlaşılır ki, Dağıstan hökumət əzaları və parlaman məbusları arasında dəxi lüzumi dərəcədə saziş və söz birligi yox, əhalidən dəxi bir para qisminin hökumət və parlamandan şikayətçi olduqları məsbutdır.
Həmhüdud Dağıstan ilə aramızda olan dini və siyasi rabitə bizi bu işlərdən baş açmağa və həqiqət halı müsbət bir surətdə təyin etməgə vadar edir. Madam ki biz Dağıstana kömək etməgi, özümüz üçün böyük və vacib bir vəzifə ədd edirik ki, filvaqe böyük vəzifələrimizdən biri budur, pul yığırıq, könüllü dəstələri təşkil edirik, o halda kömək edəcəgimiz yerin həqiqət halından bixəbər qala bilmərik.
Bunun üçün bizə lazım və vacibdir ki, əvvəla Dağıstan haqqında və Dağıstan istiqlalını mühafizə və müdafiə xüsusində ingilis baş komandanın rəy və mülahizəsini bilək. Dağıstandan ötəri böyük bir mədaxil mənbəgi olan və onsuz Dağıstanın müstəqil bir hökumət şəklində yaşaması həman mümkün olmayan Terski oblastını və dəniz qapısı Petrovski şəhərini Denikinin əlinə verməkdə ingilislərin məqsədi nə olduğunu aşkar edək
İkinci olaraq bizə borcdur ki, Dağıstan əhvalından doğru bir xəbər bilmək üçün yalnız bir rəsmi mənbələr, xəbərlər ilə iktifa etməyib, Dağıstana xüsusi bir komision göndərərək ki, hər işi öz məhəlində tədqiq və təhqiq edib bizi əhvaldan vaqif etsinlər. Bu xüsusda nə qədər tez davransaq, bir o qədər yaxşı olar.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 157.
