Üzeyir Hacıbəyli

Xatimə

Zabastovkanı yatırmaq və xələldar edilmiş məişəti öz yoluna salmaq haqqında hökumətimiz tərəfindən ittixaz edilmiş tədabiri-şədidədən hasil olan müvəffəqiyyət və müzəffəriyyəti ə vam və anlamazlar nəzərində ləkələmək üçün hökumətimizi irticapərəstliklə ittiham edirlər. "Kontrrevolyusoner", "reaksioner" deyə əvam fərib təbirlərlə qandırmaq istiyorlar ki, guya bizim hökumətimiz Nikolay hökuməti yoluyla gedib "proletariya" ilə mübarizəyə qalxırmış! Fəqət boylə degil ki, boylə də olsun!

Zabastovkanı yatırdan hökumətimiz azad Azərbaycan Cümhuriyyətinin ən hürriyyətpərvər, әn demokratik bir hökumətidir ki, bu sənətləri haiz olduğu sözlə degil, felən isbat edib də azad bir Cümhuriyyətə yaraşan azadlıqların hamısına yol vermişdi.

Zabastovka quran adamlar isə Bakı proletariyası Bakının əsl füqarayi-kasibəsi olmayub da imperializm amalını, yəni bir millətin azadlığına qarşı sui-qəsd etmək fikrinin tərəfdarları idi ki, Azərbaycan türklərinin azadlığı azad bir surətdə tərəqqi və inkişaf etməsi və bir millət olmaq üzrə qəüvveyi-cismaniyyə və ruhaniyyə və maddiyyə və mənəviyyəsinin sərbəstanə-təalisi onlarca arzu olunmayan və onların xoşuna gəlməyən əhvallardandır.

Deməli, bu mübarizəyə konturrevolyusiya ilə proletariya mübarizəsi degil, hürriyyətpərəst və azadlıq tərəfdarı olan bir millətin qırmızı rəngə boyanmış qara qüvvələrdən özünü qoruması, müdafiə və mühafizə etməsidir.

Əsarət kəməndini təkrar boynuna salmaq və zəlalət zəncirini tazədən ayaqlarına vurmaq istəməyən bir milləti və o millətin başında duran hökuməti konturevolyusoner deyə təkdir etmək, başını qəssabın bıçağı altına uzatmaq istəməyən bir heyvanı sökmək mənziləsindədir.

Bu zabastovka ki, baş tuta bilsə idi, bütün həyatımızı durduracaq və zabastovkaçıların müvəffəq olduqları təqdirdə ola bilsin ki, paytəxtimizi təkrar qan ocağına döndərəcək idi, yeni təşəkkül etmiş kabinəmizdən ötəri öz bacarığını və bacarıqsızlığını əhalimizə və ümumə bildirmək üçün bir imtahan və bir məhək daşı idi.

Kabinəmiz təşəkkül edən gündən bəri, bir çoxlarının əli yürəgi üstə durub fikir-fikir edirdilər ki, aya, bu qədər uzun bir böhrandan sonra əmələ gəlmiş olan bu kabinə bir şey bacaracaqmı, yoxsa idarə işində bacarıqsızlıq və düşmənlərimiz qarşısında mətanətsizlik göstərib məmləkəti idarədən acizmi qalacaqdır.

Zabastovkanı yatırtmaq yolunda hökumətimiz tərəfindən göstərilmiş olan bu əzm və səbat bizi və hər bir istiqlal-dost vətənpərvərləri mətməinqəlb edə bilər. Çünki hökumət bu imtahandan parlaq bir surətdə keçdi. Məhəkdaşı hökumətimizin səbat və bacarıq sahibi olduğunu meydana qoyub aşkar etdi. Nəsib bəy kabinəsinə bəyani-etimad etmiş olan parlaman səhv etmədigini bilsin.

Nəsib bəy həzrətləri bir kabinə rəisi olmaqla bu heyətə bir əzm və səbat ruhu vermək və bir daxiliyyə naziri olmaqla məmləkətin xələldar edilmək istənilən əmn və asayişini müdəbbiranə bir surətdə bərpa və bərqərar etməkdə nə qədər səlim bir əql, mətin bir qəlb və qüvvətli bir iradəyə malik qiymətli bir zat olduğunu ələni surətdə bildirdi və müstəqil Azərbaycan tarixində böyük bir ad qoydu.

Azərbaycan türk və islamları və əmn-asayiş tərəfdarı olan Azərbaycan millətləri Nəsib bəy kabinəsinə bel bağlaya bilər və ümidvar ola bilər ki, idareyi-məmləkət işinin hər bir cəhətlərində dəxi bunun kibi səlamət bir politika işlənilib məmləkətimiz və vətənimiz kəmali-sürətlə bir tərəfdən qüvvət tapıb, bir tərəfdən də tərəqqi edəcək və getdikcə ağ günlərə çatacaqdır.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 166-167.