Üzeyir Hacıbəyli

Ordan-burdan

Deyirlər ki, opera dramanın evini yıxdı... 
Qərəz, sözümüz bunda deyildir və bəhsimiz də özgə şey üstündədir. 
Məqsədimiz budur ki, oxucularımıza bir qədər də teatr "məlumatı" verək. Çünki yəqinimdir ki, bizim oxucularımız: 
- Drama, komediya, tragediya, opera - sözlərini özgə cürə başa düşürlər; halbuki bu sözlərin mənaları oxucularımızın bildiyi kimi deyildir. 
Ay oxucu, taxsır səndədir! Hərgah keçən cümə günü teatra gedib "Qəzəvat" dramasına baxsaydın, o halda yuxarıdakı sözlərin əsil mənasını öyrənərdin!
İndi ki, sən getməyibsən, onda qulaq as deyim: 
Deyirlər ki, opera dramanın evini yıxdı. Bağışlayın, bu sözlərin buraya dəxli yoxdur. Birdən-birə fikrimə gəlib dedim! Bəli, keçək mətləbə. 
Gedib teatrda əyləşirsən, pərdə qalxır, oyun başlanır, tamaşa edirsən. Birdən görürsən ki, artist sözünü qurtarıb, o yana-bu yana baxır, sıxılır, qısılır, bilmir ki, nə eləsin: utanır, tərləyir, dodaqlarını gəmirir, camaat da gözlərini bunun üzünə dikib gözləyirlər ki, görək oyunun dalı necə olacaqdır. Binəva artist yalvarıcı bir nəzərlə gah qapılara, gah səhnə dalına, gah suflyor hininə göz dolandırıb, amma heç bir yerdən kömək görmür. Bu binəvanı camaat qabağında belə bir çətin hala salan onun öz yoldaşıdır ki, gərək çıxıb o da öz sözünü deyə idi; amma yoldaşı bivəfalıq edib çıxmaq istəmir... İndi səhnədə naəlac qalmış olan bu artistin əhvalına deyərlər - drama
Bəli, deyirlər ki, opera dramanın evini yıxdı... Ax, genə bu söz dilimə gəldi dedim. Zərər yoxdur! Söhbətin dalına qulaq as. 
Teatrda əyləşib tamaşaya qulaq asırsan. Birdən görürsən ki, söhbətin şirin yerində pərdə düşdü. Camaat qaldı məəttəl, sonra pərdə qalxdı; sonra yenə endi, sonra yenə qalxdı, sonra yenə endi, bu işin adına deyərlər - komediya
Deyirlər ki, opera dramanı... Əşi tulla bu sözü! Onsuz da bu barədə dörd-beş ildir ki, danışırlar, qulaq as. 
Bəli, teatrda artist səhnədə məəttəl və tamaşaçılar da oyunun dalına müntəzir qalıb, pərdə gah enir, gah qalxır, gah enir, gah qalxır. Camaat bu komediyadan xoşlanmır, ovqattəlxlik əmələ gəlir. Xalq narazılıq izhar edir. O halda teatr qoyan binəva başı yalovlu ora yügürür, bura yügürür, ona yalvarır, buna yalvarır, axırda naəlac qalıb iki əlilə başının tüklərini yolur; bunun da bu halına deyərlər - tragediya
Camaat görür ki, işlər şuluxdur. Durub yavaş-yavaş dağılırlar və gedə-gedə yolda bu havanı "Heyratı" üstündə oxuyurlar: 
Əvvəldən bilseydim, almazdım bu bileti; 
Dramaçılara Allahdan ağıl istərdim. Buna deyərlər - opera.
Bunlar hamısı keçəndən sonra qəzet oxuyanlardan və qəzet oxuyanlara qulaq asanlardan və qulaq asanların söhbətinə yığışanlardan, qərəz müsəlmanların hamısından təvəqqe olunur ki, qurban dərilərini cəmiyyəti-xeyriyyəyə versinlər ki, Qars fəlakət zədələrinin ehtiyacına sərf olunsun; başqa təmənnamız yoxdur.

                                                                                                                                                 Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 176-178.