Üzeyir Hacıbəyli

Bir-birimizdən öyrənək

Böyük rus demokratı Çernışevski demişdir ki, gözəl- həyatın özüdür, sənətin ən kamil nümunələri ancaq həyatın inikasıdır. Bu müddəanın doğru olduğunu Böyük Vətən müharibəsi bir daha əyani şəkildə təsdiq etdi. Bizim sovet incəsənətinin bu illər ərzində yaratdığı ən yaxşı əsərlər müharibə zamanı sovet adamının göstərdiyi bütün gözəl keyfiyyətlərin bədii inikasından ibarətdir.

Leninin illər uzunu xalqımıza aşıladığı keyfiyyətlərdən biri qardaşlıq və qarşılıqlı yardım hissidir. Həyatverici sovet vətənpərvərliyi hər cür milli ədavəti rədd edir. Vətəni sevmək-sovet torpağının hər bir qarışını özününkü hesab etmək və həyatını əsirgəmədən onu qorumaq deməkdir.

Sovet xalqının böyük rəşadəti qardaşlığın, ümumxalq birliyinin rəşadətidir. Həyatımızın bu diqqətəşayan xüsusiyyəti sovet incəsənətində öz həqiqi əksini tapmışdır. Düşmən Tereki keçərək Araqva və Kür vadilərinə soxulmağa can atarkən Zaqafqaziya xalqları düşməni dəf etmək üçün sarsılmaz qətiyyətlə birləşdilər. İndi Zaqafqaziya xalqlarının nümayəndələri başqa sahədə-mübarizəmizin ideoloji silahı olan incəsənət sahəsində geri qalmamaq üçün bir-birinə kömək etmək niyyəti ilə yenidən doğma Tbilisiyə toplaşmışlar. Azərbaycanlı, gürcü və erməni incəsənətini asanlıqla duyur və qiymətləndirir. Zaqafqaziyanın bütün xalqlarına eyni dərəcədə yaxın olan mahnılar və epik dastanlar çoxdur. Azərbaycan, Gürcüstan və Ermənistan bəstəkarlarının yaradıcılığında ümumi bir ruh, ifadə formalarına ümumi nöqteyi-nəzər vardır.

Mən Zaqafqaziya respublikalarının sovet musiqisi dekadasından çox şey gözləyirəm. Dekada böyük və səmərəli işə yekun vuracaqdır. Cəsarətlə demək olar ki, Azərbaycanda, Gürcüstanda və Ermənistanda heç vaxt belə qısa müddət içərisində bu qədər dəyərli, yüksək bədii keyfiyyətli əsər yaradılmamışdır. Lakin dekadanın gələcək üçün əhəmiyyəti daha böyükdür. Üç respublikanın hər birinin incəsənətində yeniliyə, sənətkarlığın zirvələrinə yiyələnməyə, orijinal ifadə vasitələri tapmağa cəsarətlə səy göstərildiyi hiss olunur. Bir-birimizdən öyrənək! İndi artıq çıxara biləcəyimiz birinci nəticə bundan ibarətdir.

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 232-233.