Nur i-didə Ceyhun və Zöhrə!: [9 aprel 1924-cü il]
Salam-duadan sonra biz Bakıya qayıtdıq və oradan Türkanə gedib, anamgili gördüm. Hamısı sağ və salamətdirlər. Aişə xanım ilə Mustafa dəxi Bakıdadırlar. Onlar dəxi hamısı salamətdirlər.
Bədə mən sənin Zülаüqara yazmış olduğun kağızları oxudum. Boylə anladım ki, Zülfüqar sənə nə yazmışsa xoşuna gəlməyibdir...
Qərəz sizin Bakıya qayıtmaq məsələsi xüsusində səndən kağız gözləyirəm ki, görüm bu barədə sənin öz məsləhətin nə tövrdür. Hər halda Bakıya qayıtmaq asan bir məsələdir, bu şərtlə ki, məndən bu xüsusda müfəssəl kağız alıb sonra qayıdasınız, kağız almayınca gözləməyin lazım gəlir. O ki qaldı "Arşın mal alanı" Parisə göndərmək, bu da asandır. Vaqeən hərgah sən Zülfüqara yazdığın kimi "Arşın mal alana" sənin bir o qədər ümidin varsa bu çox gözəl bir iş olar. O halda, yəni "Arşın mal alan" Paris səhnəsində müvəffəqiyyətlə keçərsə, onda mən dəxi bir növ ilə izn alıb, oraya gələ bilərəm və əz cümlə Şərq Azərbaycan musiqisi əsasları həqqında yazmış olduğum əsəri də orada sən elə Fransa dilinə tərcümə edərsən. Mən "Arşın mal alan"ın notlarını təkrar təkmil etmək istərdim. Buna şüru etmiş, əmma hələ qurtarmamışam, indi ki, sən tələsdirirsən, o halda əski notlarını yeni qlavirini (piyano üçün) göndərərəm. Zatən o qlavir yaxşı yazılıbdır və burada ki kompozitorların çox xoşuna gəlir. Notlar hal-hazırda Cəmaldadır və Cəmal da otpusk alıb Türkandadır, fəqət sabah yox birigün şəhərə gələcəkdir. O halda not- ları alıb surətini yazdırram və tezlik ilə sənə göndərərəm. Hər halda siz orada artıq fikirlər etməyin və qara fikirlər çəkməgə məncə heç bir səbəb yoxdur. Çünki "Arşın mal alan" sizin üçün bir mənbeyi-mədaxil olar fabeha-əlmurad o surətdə mən də oraya gələ bilərəm, əgər olmazsa, siz Bakıya qayıdarsınız və hətta, əgər Bakıya gəlmək istəməsəniz dəxi biz buradan sizə maddi köməklik yetirə bilərik ki, ta bir vəxtə qədər dolana biləsiniz, sizə ayda minimum nə qədər lazım olduğunu yazıb, bizə məlum edərsiniz.
Əlavə çox nervinçat eləmək lazım degildir, biri-birimizdən uzağ olmağımız, biri-birimizin dolanacağımızı təqib etməgə hər vəxt biri-birimizdən xəbər bilməyə və zərurət məqamında biri-birimiz ilə görüşməyə mane degildir, hər-gah siz və yainke biz, məsələn və tutalım Afrikanın yolsuz, xəbərsiz biyabanlarında vəhşilər içində olsaydı, o halda əlbəttə, insanın ürəgi qala bilərdi və "otçayaniyə" də ola bilərdi. Və hal anke siz biz ilə və bir də siz ilə paraxodlar, dəmiryollar və teleqraflar ilə mərbut varığ və mədəniyyət içərisində yaşayırıq, hər iki gündə bir-birimizdən xəbər bilərik, hər halda bir həftəyə qədər "Arşın mal alan"ın notlarını sizə göndərəcəm, bir şey oldu-oldu, olmadı "vətən" deyib qayıdarsınız. Mən zənn edirəm ki, "Arşın mal alan" Parisdə müvəffəqiyyət qazanarsa, hər bir məmləkətdə dəxi oynanılar o halda sən müsənnif həqqını dəxi ala bilərsən. Kompozitor və Yazıçılar İttifaqına girməyi çox əcəb edibsən. Baqi bir də səndən təvəqqe edirəm ki, "Müller" üsuli ilə "jimnastik" və sonra da soyuq su ilə "obtraniya" elə, çünki bunu mən özüm təcrübə edib nəticəsinə heyran qalmışam. Baqi hamının sizlərə və uşaqlara artıq-artıq salam-duası vardır. Kağız gözləyirəm.
Bəradəri Üzeyir. 9.IV.1924.
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 358-359.
