Üzeyir Hacıbəyli

Ordan-burdan

Lap əvvəllərdə bizim idarəmizə Osmanlı qəzetələri gələrdi. Bu qəzetələr bir-birinin üstə qat-qat yığılıb kəndirlə bağlanmış olardı. Osmanlı qəzetələrini görüb biz çox sevinərdik və tez kəndiri qırıb qəzetələri açırdıq ki, görək Osmanlıda nə var, nə yoxdur, görək bizlərdən nə yazırlar, özlərindən nə yazırlar. Gözümüzü qəzetənin ora- burasına gəzdirib axtarardıq, axtarardıq, amma nə Osmanlıya dair və nə də bizlərə dair heç bir şey tapmazdıq! Ancaq elə bunu görərdik ki, yazıb: "Bu gün pək sicaqdır - yoğurt (qatıq) insanə nəfdir", "Fransa səfiri dün vapora rakib olaraq, Parisə mütəvəccəhən rəvanə oldu" və sairə. Beş-altı dəfə biz Osmanlı qəzetələrini bu cürə açdıq, gördük ki, elə hamanki sözlər yazılıbdır.
Sonra belə qərar qoyduq ki, daha bir də zəhmət çəkib vəqtimizi zay edib Osmanlı qəzetələrini oxumayaq. Bu qərarə binaən idarəmizə Osmanlı qəzetələri gələn kimi götürüb kəndirli-filanlı atardıq zibil səbətinə; iqtisad elminə dara olan şəxslər bizə məsləhət görürdülər ki, bu qəzetələri zibil yeşiyinə atınca aparaq və bazarda kağız əvəzinə dükançılara sataq. Bizi inandırırdılar ki, bu cürə eləsək, yaxşı pul qazanarıq.
Lakin biz bu alış-verişi arzu edənlərə tərk edib, dedik ki, vəqtimiz yoxdur.
Qərəz Osmanlıda qanuni əsasi verildi və hürriyyət elan mətbuat oldu...
Dünən idarəmizə "Tərcüman həqiqət" adlı İstanbul qəzetəsi gəldi. Biz bunu görər-görməz toyuq-cücələri çörək qırığının üstünə yüyürən kimi qəzetənin üstünə yüyürdük və başladıq basabas salmağa, bir tərəfdən yayın istisi, bir tərəfdən adamların nəfəsi - tər tökə-tökə, ac qurd kimi tamahla qəzetəni oxumağa başladıq və nə gördük, İstambul qəzetəsinin içində, "Hürriyyət, ədalət, müsavat, uxuvvət" sözləri! Və bir də haman sözlər ki, bu gün qəzetəmizdə götürüb yazmışıq, təvəqqe edirik ki, oxuyasınız.
Xülasə ki, hürriyyətə inanmayan kafirdir.

                                                                                                                                                     Hacıbəyli, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild.- S. 12-13.