Üzeyir Hacıbəyli

Dahi bəstəkarın 63 illik ömrünün 27 ilinin şahidi...

Azərbaycan. - 2025.- 20 noyabr. - № 246. - S. 11.

 

Dahi bəstəkarın 63 illik ömrünün 27 ilinin şahidi...

 

Zöhrə Fərəcova

 

Azərbaycan xalqı dahi oğlunun - adı, əməlləri ilə hər zaman qürur duyduğu, fəxr etdiyi Üzeyir bəy Hacıbəylinin 140 illik yubileyini qeyd edir. Dövlətimizin başçısı İlham Əliyev fevralın 3-də "Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalayıb. 

Bu il həm də Üzeyir bəy Hacıbəylinin Bakıdakı ev-muzeyinin yaradılmasının 50 illik yubileyidir. Bu muzeyin açılış mərasimi 1975-ci il sentyabrın 20-də baş tutub.

Böyük şəxsiyyətin 63 illik ömrünün 27 ili bu evdə keçib. Üzeyir bəy 1915-1942-ci illərdə burada yaşayıb. 1975-ci ildən bəri isə ev-muzey kimi fəaliyyət göstərir. Yerləşdiyi küçənin adı keçmişdə Verxnyaya Priyutskaya, sonralar Ketsxoveli olub. İndi akademik Şamil Əzizbəyov küçəsi adlanır.

Kiçik həyət, olan bu ev dəhliz, 4 otaq və şüşəbənddən ibarət bu evin əbədi sakini - Üzeyir bəy Hacıbəylinin həyatı və yaradıcılığı ilə tanışlıq elə dəhlizdən başlayır. Stendlərdə Üzeyir bəyin əsərləri, haqqında yazılmış kitablar düzülüb və heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanmış büstü qoyulub.

Üzeyir bəy Hacıbəylinin ev-muzeyinin elmi katibi Nərgiz Qədirovanın bələdçiliyi ilə muzeylə tanışlığa birinci otaqdan - iş otağından başlayırıq. Burada ilk diqqətimizi çəkən Hacıbəylilərin Şuşadakı evinin maketi olur. 1885-ci il sentyabrın 18-də dünyaya gələn Üzeyir bəyin uşaqlıq və ilk gənclik illəri həmin evdə keçib. Dövrünün tanınmış ziyalılarından olan Mirzə Əbdülhüseyn bəylə Qarabağın məşhur nəsillərindən olan Əliverdibəyovların qızı Şirinbəyim xanımın beş övlad - üç oğlan və iki qız böyüdüb, tərbiyə etdikləri o ocaq da 1959-cu ildə muzeyə çevrilib. Təəssüf ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri qəsbkar ermənilərin işğalına məruz qalıb. İşğaldan bir ay əvvəl ev-muzeyindəki əşyaların çoxunu Bakıdakı ev-muzeyinə gətirmək mümkün olsa da, qalanlar ermənilər tərəfindən qarət olunub, ev dağıdılıb.

Müzəffər Azərbaycan Ordusu 2020-ci ildə 44 günlük Vətən müharibəsində  Qarabağ və Şərqi Zəngəzur ərazilərini Ermənistan silahlı qüvvələrinin işğalından azad etdi. Şuşa şəhərinin düşməndən xilas edildiyi gün - 2020-ci il noyabrın 8-i Azərbaycanın Zəfər Günü kimi tarixə yazıldı. Qısa müddət sonra qala şəhərimizdə də tikinti-quruculuq, bərpa işlərinə başlanıldı. Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi də bərpa olundu.

Üzeyir bəyin Bakıdakı ev-muzeyində Şuşada keçən illərinin yadigarı olan şəkillərlə tanış oluruq. İş otağında divara vurulmuş şəkillərdən biri - balaca Üzeyir bəylə atası Əbdülhüseyn Hacıbəyovun fotoşəkli 1890-cı ildə çəkilib.

Divardakı şəkillər bizə Üzeyir bəyin Qori Seminariyasına qəbul ərəfəsindən, tələbəlik illərindən "danışır". Gənc Üzeyir bəy Hacıbəylini seminariyada təhsil alan qarabağlı tələbələr (1900), Qori Seminariyasının tələbələri (1904),  Bibiheybət məktəbinin şagirdləri (1905-1906), "Səadət" məktəbi şagirdləri (1908), "Nicat" mədəni-maarif xeyriyyə cəmiyyətinin üzvləri arasında görürük.

Üzeyir bəy Şuşada poeziya və musiqiyə sevgi ruhunda tərbiyə almışdı. Özünün də gözəl səsi vardı. Xalq mahnılarını, muğamları məharətlə oxuyurdu. Çərçivələnərək divardan asılmış bu sətirlərin müəllifi bəstəkarın özüdür: "İlk musiqi təhsilimi uşaqlıqda Şuşada məşhur xanəndə və tarzənlər arasında almışam. Mənim səsim onlara çox xoş gəlirdi. Onlar mənə muğam və təsnifləri öyrədirdilər".

Nərgiz Qədirova bildirir ki, Üzeyir bəy Qori Seminariyasında oxuyanda simli alətlərdə çalmağı öyrənib: "Royalın üzərindəki bu skripka onun ilk skripkasıdır. Bəstəkar bu musiqi alətini Tiflis dükanlarının birindən alıb. O, Şərqdə ilk operanı - "Leyli və Məcnun" operasını yazanda həm bizim milli üçlükdən - tar, kamança və dəfdən, həm də skripka və alt kimi xarici musiqi alətlərindən istifadə edib".

1913-cü ildə Peterburq Konservatoriyasına daxil olan Üzeyir bəy Hacıbəyli "Arşın mal alan" operasını tələbə ikən tamamlayıb. Əsərlə tanış olan Peterburq Konservatoriyasının rektoru Aleksandr Qlazunovu onun istedadı heyrətləndirib. Muzeyin iş otağında sərgilənən şəkillərdən biri də Aleksandr Qlazunovundur.

Bu evin saysız-hesabsız qonaqlarından olan - rus bəstəkarı Sergey Raxmaninovun da şəkli burada nümayiş olunur.

Dahi bəstəkarın iş zamanı çəkilən şəklindəki "Bekker" markalı royalı da buradadır. Bu royalda o bir çox ölməz əsərlərini bəstələyib.

İş otağındakı iki dolabda onun şəxsi kitabxanasının bir hissəsi düzülüb. Kitab dolabının üstündə Üzeyir bəyin Azərbaycan Dövlət Musiqi Akademiyasının önündəki, heykəltaraş Tokay Məmmədovun hazırladığı heykəlinin maketi var.

Pəncərə önündə qoyulmuş yazı sağlığında olduğu kimi nümayiş olunur. Muzeyin elmi katibi qeyd edir ki, muzey təsis olunanda Üzeyir bəyin vəfalı ömür-gün yoldaşı Məleykə xanım, onun bacısı oğlu və muzeyin ilk direktoru Ramazan Xəlilovun yaddaşında necə qalmışdısa, əşyalar elə də qoyulub.

 Yazı masasının üstündə bəstəkarın tamamlamağa macal tapmadığı "Azərbaycan" simfonik poemasının not yazıları qalır. 

Üzeyir bəy Hacıbəyliyə 1945-ci ildə 60 illik yubileyində verilmiş iki hədiyyə -  radiokomitə işçilərinin verdiyi radioqəbuledici və Azərbaycan Elmlər Akademiyasının alimlərinin bağışladığı xalça da iş otağındadır.

Divardan asılmış, dəqiq işlədiyinə görə Üzeyir bəyin "ağıllı saatım" dediyi kəfkirli saat üçün zaman 1948-ci il noyabrın 22-dən 23-nə keçən gecə, saat 2-də sahibinin ürəyi dayananda bitib. Saatı Üzeyir bəyin bacısı uşaqları dayandırıblar.

Burada nümayiş olunan Üzeyir bəy Hacıbəylinin 1943-cü ildə naturadan çəkilmiş rəsmi rəssam Mikayıl Abdullayevin ilk işlərindən biridir. Üzeyir bəyin bu otaqdakı büstünün müəllifi isə heykəltaraş Fuad Əbdürrəhmanovdur.

Divarda Üzeyir bəyin "Azərbaycan" qəzetində çalışdığı illəri əks etdirən şəkil, yaxın dostu və bacanağı bəstəkar Müslüm Maqomayevin portreti, bəstəkarın xatirə muzeyinə hədiyyə edilmiş portreti də var.

Üzeyir bəy anasını, bacılarını, dul qalmış bacılarının uşaqlarını öz evində saxlayırdı. 

Divarda Üzeyir bəyin, həyat yoldaşı Məleykə xanımın, anası Şirinbəyim xanımın, bacıları Abuhəyat xanım və Sayad xanımın, bacısı uşaqları, qardaşları - Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun və ictimai-siyasi xadim, publisist, redaktor Ceyhun Hacıbəylinin, onların həyat yoldaşları və övladlarının, ilk musiqi müəllimi olmuş dayısı Ağalar bəy Əliverdibəyovun şəkilləri var.

Əsərlərinə dirijorluq edərkən geyindiyi frakı, iri güzgülü paltar dolabı, küncündəki kiçik dolabın üstündəki ağ çini külqabı, fil fiquru, ağ kətan dəsmal və elektrik alışqanı, içərisində kiçik çəhrayı güldan, üstündə ipək saplarla işlənmiş fransız qobeleni metal çarpayılar, Üzeyir bəyə Məleykə xanımın hədiyyəsi olan Şərq bazarından bir səhnəni əks etdirən zərif əl işi, Almaniyanın "EHRICH&QRAET" firmasında istehsal edilmiş lampa, təraş dəsti, bəstəkarın eynəyi, masaüstü güzgü olan kamod, döşəməyə salınmış kiçik yun xalça, tavandan asılmış bir lampalı qədim qəndil… 

Digər otaqlardan fərqlənən üçüncü otaq memorial üslubda bəzədilib. Burada - yaradıcılıq otağında ev sahibinin pedaqoq, alim, ictimai xadim, dramaturq, bəstəkar kimi fəaliyyəti əks olunub. 

Yaradıcılıq otağında Üzeyir bəyin əsərlərindən ibarət stend, əsərləri əsasında hazırlanmış tamaşalardan şəkillər, afişalar nümayiş olunur. Vitrindəki eksponatlar arasında bəstəkarın Musiqi nəzəriyyəsi kafedrasının professorluq attestatı, deputat mandatı və nişanı, Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordeni, "II Dünya müharibəsi illərində fədakar əməyə görə" medalı və həmin medalın vəsiqəsi, onun tank qüvvələrinə maddi köməyinə görə İosif Stalindən aldığı təşəkkür teleqramı, II dərəcəli Stalin mükafatı laureatı ("Arşın mal alan" filminə görə), SSRİ Xalq artisti diplomu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlük bileti var.

Şəkillər, afişalar, proqramlar sayca dördüncü olan - yemək otağında da nümayiş olunur. Fuad Əbdürrəhmanovun müəllifi olduğu dünyaşöhrətli şair Məhəmməd Füzulinin miniatür heykəli, bəstəkar Oqtay Zülfüqarovun hazırladığı xırda muncuqlarla bəzədilmiş dahi bəstəkarın təsviri olan iri güldan da buradadır.

Bu evdə hər şey onun qoyub getdiyi kimidir. Zaman isə dayanmayıb. Heç bu evin sahibi də keçmişdə qalmayıb. Üzeyir bəy Hacıbəyli əsərləri, əməlləri ilə bu günümüzdədir.