Üzeyir Hacıbəyli

Milliləşmək

Dövri-istibdaddan qalmış və bu gün Azərbaycan istiqlaliyyətinə yaraşmayan bir para işləri “likvidasiya” etmək, yəni aradan götürmək yolunda hökumətimiz ciddiyyətlə işləməkdədir. Bu bollu işlərin biri də rus dilidir ki, bu günə qədər aramızda hökumət lisanı hökmündə qalıb, Azərbaycan istiqlalının şərəfini azaltmaqla bərabər, Azərbaycan türkləri üçün dəxi az müşkülat törətmiyor.

Azərbaycan türk dili ümumqafqazda yaşayan müxtəlif lisanlı millətlər arasında ümumi bir dil olmaq kibi boylə bir beynəlmiləl əhəmiyyəti haiz olduğu halda, yəni bir erməninin bir dağıstanlı, bir malaqanın bir gürcü ilə qonuşub danışmaq üçün türk dilinə müraciət etməyə məcbur olduqları bir halda, bu dilə malik olan türklərin rus dilinə möhtac qalması nə qədər qərib və nə qədər gülünc bir haldır.

Bu qeyri-təbii hal, əlbəttə, rus istibdadının bərəkətindəndir ki, ruslaşdırmaq politikası sayəsində Azərbaycan türkləri öylə bir şərait içində yaşayırdılar ki, həmişə rus dilinə möhtac qalırdılar. Digər tərəfdən milli məktəb və mətbuatımız olmadığından dilimiz öz-özünə guşəyi-nisyanə atılacaq bir hala gəlirdi. Boylə bir şərait içində yaşayan azəri türkləri arasında öz dilinə, öz ədəbiyyatına həvəs edənləri vardısa, o da çox az. Çünki bu yolda praktik bir mənfəət yox idi. Türk dilinə dara olanlar bunu həyata təbiq etmək və bundan məişət və güzəranları üçün bir fayda almaq imkanından məhrum edilmişlərdi. Rus istibdadı hər bir “bənd-bərə”ni kəsib dilimizə heç bir yerdə yol verməyirdi.

İştə bu mənhus şəraitin nəticəsi olaraq, istiqlalımızı elan edib, felən müstəqil yaşamağa şüru edərkən baxıb gördük ki, bütün iş bilənlərimizin, karkün adamlarımızın və işə yarar zəvatımızın bir cüzi istisna olmaq üzrə, həman cümləsi iş aparmaq üçün rus dili istemalına məcbur qalmışlardır. Odur ki, bütün dairələrimiz, divanxanalarımız, dəftərxanalarımız və bir-bir müəssisələrimiz bütün işlərini məcburi rus lisani vasitəsilə icra etməgə başladılar.

Lakin bu qeyri-təbii halın davamına ancaq müvəqqəti olaraq boyun qoymaq ola bilərdi. Ona görədir ki, bugün hökumət tərəfindən maarif nəzarəti vasitəsilə icra olunan milliləşmək iqdamati işlərin təbii yoluna qoyulması haqqında birinci qədəmdir ki, türk hökumətində türk dilini qəsb edilmiş olan həqqı özünə qaytarılır.

Milliləşmək xüsusunda maarif naziri tərəfindən iki böyük işə iqdam olunubdur: biri məktəblərin, digəri isə ümumi hökumət müəssisələrinin milliləşdirilməsidir. Məktəblərin milliləşdirilməsi doğrudan-doğruya icra edilməkdədir. Müəssisələrin milliləşdirilməsinə isə bilavasitə iqdam edilib və vasitə olmaq üzrə bilatəfriq millət ümumməmurlarımız üçün türk dili kursları açılıbdır. Azərbaycan hökuməti dairələrində qulluq etmək istəyən və türk dilinə dara olmayan ümumməmurlar həman kurslara girib türk dili öyrənməgə məcburdurlar. Maarif naziri həzrətlərinin bu yolda ciddiyyətlə çalışmaları şayanitəbrir və layiqi-təhsindir. Bizə məlum olduğu üzrə nazir həzrətlərinin böylə milliləşdirmək tədbirlərinə qarşı protesto edən bu iqdamatdan şaki olanlar vardır. Lakin eşitdigimizə görə nazir cənabları heç bir güzəştdə bulunmamağa qərar vermişlərdir. Nazirin bu qərarı xüsusi bir təhniyətə səzadır. Bu xüsusda heç bir güzəşt ola bilməz. Protesto edən tərəflərin istiqlalımızın xeyrxahı olmadıqları aşkardır və saniyən, öz şəxsi mənfəətləri nöqteyi-nəzərindən şikayətlərdə bulunurlar. Halbuki milliləşmək işi dövləti əhəmiyyəti haiz olan böyük bir əmrdir. Bu əmri bir taqımlarının, baxüsus ki, bədxahlarımızın xatirəsi və mənfəəti-şəxsiyyəsi üçün təxirə salmağı və yaxud durdurmağı əql qəbul edən işlərdən hesab etmək olmaz. Ümid edirik ki, nazir həzrətləri bu yoldakı məmaniətlər qarşısında heç bir tərəddüdə yol verməyib işi sürətlə irəlilədəcək və ümumazərbaycan türklərinin məramını və dövlət mənafeyinin tələb etdigi əmrini kəmali mətanət ilə yerinə yetirəcəkdirlər.

Bu xüsusda müvəffəqiyyətlərini dilərik.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 210-211.