Təəssürat (VI)
Vüzəra böhranımız nə oldu? Bitdimi? Bitmədimi? Bitmədi isə nə üçün? Bu cürə ciddi bir zamanda nə məntiq ilə bu böhranı bir bu qədər uzadılır? Yeni bir kabinə təşkilinə hazır adamlarımız varmı? Varsa pəs neyçin kabinə təşkil etmir. Bəlkə təşkilinə mane olanlar var? Neyçin mane olurlar? Qorxmurlar ki, uzun böhran dövlətimizi həmi daxili və həm də xaricən böyük mümkülatə sala bilər?..
Denikin qoşunu paytəxtimizdən rədd oldu? Nə şərt ilə onları yola saldıq? Silahlımı getdilər, silahsızmı getdilər? Nerəyə getdilər? Dağıstanamı? Pəs Dağıstan buna razı idimi? Şimaldan denikinlər hücumuna məruz qalan dağıstanlılar, cənubdan dəxi denikinlilərin gəlməsinə nəzərlə baxarlar? Denikin hücumlarına qarşı dağıstanlı qardaşlarımız yalnız müdafiə edirlər? Biz onlara kömək yetirməyə borclu deyilmiyik? Dağıstan denikinlərin çəngalınə keçərsə bizim dövlətimizin halı necə olar?
Nə üçün ingilislər flotun silahlarını aldılar? Kibdən ötrü aldılar? Nədən ötrü ingilislər flotun silahını alıb denikinlərə vermək istəyir? İngilislər ilə Denikinin əlaqəsi nədir? Flotun silahından biz də istifadə edə bilərikmi???
Qərəz bu növ suallardır ki, başımıza dolub, cavab istəyirlər və cavab tapılmadığı halda beynimizi deşəcək dərəcədə bizi incidib istirahətdən salurlar.
Birdən istəyirsən ki, bu sualların hamısını bir kərəlik:
-"Əşşi mən nə bilim?!" - deyib, yaxanı qurtarasan, lakin olmur. Suallar səndən əl çəkmir. Nerdə olsan, nerədə olsan səni təqib edib soruşmaq istəyirlər. İndiki qəzetəçi olub da bu cürə işlərə qatışırsan, onda bu sualların cavabını ver. Deyirsən ki, bu sualların cavabını gərək hökumət versin. Deyirlər ki, öylə biz də onu soruşuruq ki, pəs hanı hökumət? Deyirsən ki, inşallah hökumət bu tezlikdə əmələ gələr, deyirlər ki, hanı "bu tezlik" hələ heç axırı görünmir. Deyirsən ki, yəqin partiyalar səy edərlər ki, öylə bir möhkəm hökumət əmələ gətirsinlər ki, daha bir də itələyəndə yıxılmasın. Deyirlər ki, onlar səy edib yeni hökumət əmələ gətirincə düşmənlərimiz də "səy" edib başqa bir hökumət əmələ gətirürlər...
O halda qalırsan boylə, bilmirsən ki, nə cavab verəsən...
Birdən fikrinə bir şey düşür. O "şey" səni şadlandırır, qəlbin rahat olur, fikir səni basmır. Hətta iştahan açılır. Vəxtında yiyib və vəxtında yatırsan və başındakı suallara degirsən ki, bir az səbr ediniz, inşallah, hamımza cəvab verəcəyəm.
O şey nədir?
Parlaman.
Bugün parlamanın iclasıdır. Gedirəm oraya və məbuslarımızın söhbətlərini eşidib işlərimizdən xəbərdar olaram. Bu ciddi və həyəcanlı vaqelərə dair nəzərlərini bilib - pəs nəzərdə olsa qəbuldur, təki nəzər yetirdiklərini bilim cahil ikən alim olaram.
Saətə baxıb gördüm ki, parlaman iclasına bir qədər gecikmiş olacağam. Tez kağız-kuğuzlarımı yığub, kəmali-əcələ və siraət ilə parlaman əmaminə tərəf yorturam ki, birdən:
-"Nəhaq yerə özünü yorma!" sədası məni bilaixtiyar dayandırır. Səda sahibi tanışımdır.
Parlamanamı yüyürürsən?
-Bəli.
-Nahaq yerə
-Bugün zasedaniyanı atlajit elədilər.
-Neçün?!
-O neçün?
-Kvorum yox idi.
-Pəs onunçün?!
-Məbuslar yığılmadılar...
-Hansı məbuslar?
-Əlbəttə müsəlman məbusları! Ermənilər, ruslar, yəhudi, polyaklar hamusı vaxtında gəlmişdilər. Müsəlmanlardan da ancaq bir neçəsi vardı. Yerdə qalanlarını sədr cənabları gözlədi, gözlədi - gəlib çıxmadılar. Ona görə də kvorum əmələ gəlmədi və iclas baş tutmadı...
Əgər mən bizim müqəddəratımızın parlaq gələcəginə inanmayan bədbinlər cümləsindən olsaydım, bu əhvalatdan heç də mütəəssir olmayıb, bədbinligimi isbat edəcək keyfiyyətlərdən ən qüvvətlisidir, deyə sakit olardım.
Lakin bədbin olmadığıma görə sakit ola bilmədim. Və o dərəcə mütəəssir oldum ki, axırı özümə də acındım...
Necə də mütəəssir olmayım ki, bu cürə fövqəladə bir zamanda parlamanımızın fövqəladə iclaslar qurmağı lazım gələrkən millət "seçilmişləri" öz adi vəzifələrini də ifa etməyib müəyyən iclaslara gəlmirlər və gəlməyib də gələnlərin də işini görülüb məclisin baş tutmamağına səbəb olurlar.
Bu növ həyəcanlı bir zamanda Azərbaycan parlamanı ikinci kərədir ki, məbusların yığılmadığına görə mövquf olub bizi əğyarlar yanında gülünc edir... "Yedinaya Rossiya" qəzetəsi bizim parlamanımıza "əz bərai xali nə budən mərasle" qondarma bir şeydir dedikdə bizim acığımız dutur, halbuki bu cürə gülünc töhmətlərə səbəbiyyət verən özümüzük...
Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 104-106.
