Üzeyir Hacıbəyli

Üsuli-təbii: müxtəsər cavab (Müəllim Əli çanablarına)

Əfəndim, məqalələrinizdə başdan-ayağa qədər zərrəcə məntiq yoxdur. Əvvəlcə, "üsuli-təbii"nin əcnəbi bir dili öyrənmək üçün "ən təbii və ən asanraq olduğunu" özünüz iqrar edirdiniz, bədə "üsuli-təbii"ni pisləyib, məktəblərimizdə (öz təcrübəniz göstərdiyi üzrə) yaramaz olduğunu isbata çalışırsınız. Axırda da "hər iki üsulun tətbiqini müəllimin özü yaxşı bilər və bu yolda danışmaq müəllimin haqqına təcavüzkar" məalında sözlər deyib, ən başda özünüz "əhəmm" adlandırdığınız məsələnin üstünü örtmək istəyirsiniz. Görünür ki, məqalənin axırını yazdıqda, başda nə yazmış olduğunuzu xatirinizdən çıxardıbsınız.

Bədə özcümlə yazırsınız ki, "üsuli-təbii" o halda yarar ki, uşaq öyrəndiyi dildən başqa özgə dil öyrənmisən.

Xeyr! Üsuli-təbii hər yerdə və hər halda yarar. Ancaq bəzi halda verəcək olduğu səmərin tez bir zamanda verər, bəzi halda da haman səməri gec zamanda verər. Məsələn, mən yapon dilini üsuli-təbii ilə Bakı şəhərində 2-3 il ərzində öyrənərsəm, haman dili haman üsul ilə Yaponiyanın özündə 5-6 aya qədər öyrənərəm.

Əcəba, bu iş bunu isbat edirmi ki, haman yapon dilini Bakıda mən tərcümə üsulilə 2-3 il ərzində, məsələn, bir il və ya il yarımdan öyrənərəm? Elə olan surətdə bəs nə üçün 7-8 il fars və ərəbcə tərcümə üsulu ilə dərs alan tələbələr, ən asan bir cümləni fars və ərəbcə söyləmək üçün dörd saat hıqqanırlar?

Buyurursunuz ki, uşaq əcnəbi dilindən üsuli-təbii vasitəsilə öyrənmiş birinci sözü "dörd tərəfdən əsən bu yellərin (yəni ana dilinin) qabağında xatirində saxlaya bilərmi?" Rəfiqim, sizin bu sözləriniz üsuli-tərcüməni müdafiə deyildir, bəlkə haman üsulu daha da heç məqamına gətirməkdir. Çünki üsuli-təbii vasitəsilə öyrənilmiş sözləri xatirində saxlaya bilməzsə, üsuli-tərcümə ilə tədris edilmiş sözləri bilkülliyə unudar.

Səbəbini qabaqda ərz etmişəm, görünür ki, elə mühüm yerlərə diqqət yetirmək istəməyibsiniz.

Təkrar ərz edirəm.

Ancaq əvvəlcə bu bir-iki sözü deyirəm ki, həqiqət apanılan yerdə ifrat və təfrid lazım deyildir. Siz baltanı dibindən vurursunuz, sizin o sözlərinizdən bu çıxır ki, heç dil öyrənmək mümkün deyildir, Çünki "dörd tərəfdən əsən yellər (ana dilinə) mümaniət göstərirmiş. "Bu isə müğayiri-həqiqətdir.

Allah-təala insanı o qədər zəif yaratmayıbdır ki, bir dildən başqa xatirində özgə bir dil saxlaya bilməsin. Halbuki beş-altı dil bilən adamlar çoxdur.

Mən özüm və mən ilə bərabər 20-yə qədər yoldaşım seminariyanın axırıncı klasında olarkən gürcü məktəbində gündə üç saat rus dili öyrənib də başqa zamanları öz evlərində ana dilinin seli içində keçirən gürçü uşaqlarına üsuli-təbii ilə bir il dərs verib də, bir ildən sonra bu uşaqların öz fikirlərini ifadə edəcək qədər rusça danışa bilmələrini görüb, zəhmətimizin yaxşı səmər verdiyindən dolayı şad və xoşhal olduq.

Və yenə mən Bibi-Heybət məktəbində, ləzgi uşaqlarına türk dilini üsuli-təbii ilə tədris edib, uşaqların bir sənədə türkcə danışdıqlarını görüb, şad olmuşam və yenə haman məktəbdə türk uşaqlarına iki il tərcümə üsulu ilə rus dərsi verib şagirdlərimin bu iki il ərzində iki kəlmə rus sözünü bir-birinə yaraşdırıb deyə bilmədiklərini görüb məyus və mükəddər olmuşam. Deyəcəksiniz ki, ehtimal mən pis dərs vermişəm!

Bilmirəm. hər halda mən çox çalışmışam və ana dilinin də rus dilinin tərcüməsi təsirilə xarab edilməməsilə artıq səj etmişəm.

Yuxarıdakı mətləbə qayıdaq! Siz iddia edirsiniz ki, üsuli-təbii ilə tədris olunan sözlərin mənasını uşaqlar yaxşı anlamazlarmış. Halbuki üsuli-təbiiyə ətraflıca bələd olan müəllimə belə sözlər yaraşmaz. Əfəndim, bilmirsinizmi ki, üsuli-təbii ilə tədris olunan əcnəbi sözlər uşaqların zehnində daha bərk yer tutur, nəinki tərçümə edilmiş kəlmələr?! Çünki üsuli-təbii ilə öyrədilən kəlmələrin mənasını uşaqlar özləri tapıb haman sözlərin nə ifadə etdiyini və ana dillərində nəyin müqabili olduğunu şakirdlər özləri kəşf edirlər. Bə burası da sizə məlum olmalıdır ki, bir şey kəşf edilən surətdə daha yaxşı yadda qalar. O səbəbdəndir ki, əfəndim, didaktika tələb edir ki, bir qaydanı (məsələn, hesabdan, sərf-nəhvdən və hər nədən olursa-olsun) uşaqlara tədris edən zaman əvvəlcə qaydanı uşaqlara deməməlidir. Ancaq dərsi elə bir yola salmalıdır ki, şagirdlər özləri haman qaydanı kəşf etsinlər. Çünki o surətdə qaydanın əzbərlənməsi şagirdlər üçün asand olar. Zira özləri kəşf etmişlər və saniyən bu kəşf etmək yolunda şagirdlərin əqli, dərrakəsi, zehni tərbiyə tapıb, getdikcə kəsbi-qüvvət edər (didaktikada və ümum pedaqojiyada analiz, sintez, deduksiya və induksiya bəhsləri nə təkrar müraciət etməniz tövsiyə deyil, rica olunur).

Məsələ aydındır: Məsələn, ya siju cümləsinin mənasını müəllim desəmi uşağın yadında bərk qalar, yoxsa uşaq özü onun mənasını kəşf etsə?!

Və bir də əfəndim, siz mənə bir irad tutubsunuz ki, o iradı əvvəllərdə student Mir Hidayət cənabları tutmuşdu, lakin Mir Hidayət cənablarının elə bir irada haqqı vardı. Çünki o kişi pedaqoq olmadığını özü təsdiq edir. Lakin sizin elə bir irada haqqınız yoxdur.

Əfəndim, mən bu qədər yazdığım məqalələrimdə nə tərcümə üsulu ilə, nə də üsuli-təbii ilə verilən dərslərin nümunəsini yazmadım və yazmağı da lazım bilmədim. Çünki əvvəla, mənim muradım yalnız müəllim arkadaşlar ilə söhbətdir. Müəllim yoldaşlarım isə hər iki üsulu, ehtimal, bilirlər və zatən bilməyə də məcburdurlar və saniyən qəzet stünunda konspektlər çap edə bilmərəm. Mən ancaq tərcümə üsulunda uşağın passiv rolda və üsuli-təbiidə haman uşağın aktiv rolda olduğunu göstərməyə çalışmışam.

Binaənileyh loşad bejit sözlərinin üsuli-təbii ilə tədrisini göstərdikdə, mənim muradım şakirdlərin nə tövr ciddi surətdə dərsdə iştirakını və sözün mənasını kəşf etdiklərini göstərmək idi. Binaənileyh toje, eto, çelovek, sobaka və i. a. sözlərin tədrisini göstərməyə heç ehtiyac yox idi. Siz buyurursunuz ki... "lakin bunların mənalarını Üzeyir onlara nasıl öyrədib, yazmayıbdır?".

Xub, mən sizdən sual edirəm: əgər onların da tədrisini yazsaydım, o halda ya, iqrayu, çitayu, spit, spal xülasə, bütün rus kəlmələrinin nasıl tədris edilməsi lazım olduğunu məndən sual etməyə haqqınız olmazdımı? Əlbəttə, olardı! Lakin mənim haman sözlərin qəzet vasitəsilə tədrisini göstərməyə iqtidarım olarmı? Fərz edəlim olar, fəqət bircə siz mənə deyin görüm bu sözlərin, yəni bilkülliyə bütün sözlərin üsuli-təbii ilə nasıl tədrns edilməsi lazım gəldiyini məndən neçin sorursunuz? Görünür ki, ya siz özunüz bilmirsiniz, yaxud məni imtahana çəkmək istəyirsiniz. Bu iki şeydən xali deyildir.

Əgər məni imtahana çəkmək istəyirsinizsə, o halda deməli siz üsuli-təbiini qəbul edibsiniz, ancaq iş ondadır ki, görək Üzeyir də bu üsulu bilirmi. Lakin bu deyil! Çünki siz üsuli-təbii tərəfdarı deyilsiniz. Onda görünür ki, sizin üsuli-təbiidən bilkülliyə xəbəriniz yoxdur. Çünki fövqəlzikr sözlərin üsuli-təbii ilə nə tövr tədris edilməsi lazım gəldiyini bilmirsiniz ki, məndən soruşursunuz!

Bəs bir halda ki sizin üsuli-təbiidən xəbəriniz yoxdur, bəs nə əsas və nə insaf ilə meydana çıxıb, "üsuli-təbii bizlərdə yaramaz"-deyirsiniz?! Yəni ətraflıca bilmədiyiniz bir şeyn nə tövr tənqid edə bilərsiniz?

Gələk üsuli-tərcüməyə.

Əfəndim, üsuli-tərcümə ilə dərs vermək üçün hər iki dili mükəmməl surətdə bilmək lazımdır. Dilin birini yaxşı bilib o birini pis bilərsənsə, dərslərindən heç zad çıxmaz və ancaq bilmədiyin dili xarab edərsən. Keçən səfər mən bu barədə müfəssəl yazmışdım. Əbəs yerə siz diqqət yetirməyibsiniz.

Biz müəllimlər isə öz türk dilimizi bilmirik və bilmədiyimiz üçün bədbəxt dilimpzi daha da xarab edirik. Hələ yaxşı ki, siz ilə mən bir qədər savadlıyıq, amma yüzlərcə müəllim var ki, türk dili cəhətincə sırf bisavaddırlar. Bədbəxtlik burasındadır ki, öz türk dilimizi öyrənmək həvəsi də biz müəllimlərdə yoxdur. Biz türk dili üzrə böyük bir padşahlıq təsis etmiş olan osmanlılardan, fars və rus tərcümələri altında bilkülliyə xarab olub türklük ruhunu itirmiş olan dilimizi təzədən öyrənmək əvəzinə hələ osmanlıları bəyənməyib sırf cahili olduğumuz bu məsələ üstündə onlarla mübahisəyə də cəsarət edirik.

Sizin haman bu məqaləniz, əfəndim, (mən yazan məqalələr kimi) türkcən yazılmayıbdır, ruscadan tərcümə edilibdir, yəni siz (və mən) əvvəlcə rusca fikir edib sonra haman fikrimizdəki rus sözlərinin tərcüməsini bura yazıbsınız. O səbəbdəndir ki, məqalənizin bir çox yerləri türk dilinin, hətta avamlarımız arasında istemal olunan dilin də ruhuna biganə olduğunu hətta mən də anlayıram.

Məsələn, yazırsınız:

"Unutmamalı ki, yoldaşımız Üzeyir şu rusca hekayəni o şagirdlərə təlim edir, hansılar ki, hekayənin heç bir sözünün mənasını bilmir..."

Bu cümlə rusca yazılıbdır, ancaq rus sözlərinin əvəzinə onların türkcə tərcüməsi qoyulubdur. Bax ruscasını yazım, bir-birinə tutuşduraq:

«Не нужно забыват, что товариш…ету статью по-русски преподает тем ученикам, которые не знают значения ни одного слова»

Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişlər ki, türk dilində "hansı ki", "hansılar ki" sözü yoxdur.

Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun "kotorıy" kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır.

Haman mətləbi bu cürə demək olardı: Diqqət yetirməli, Üzeyir cənabları şagirdlərə rusca bir hekayə təlim edir ki, şagirdlər o hekayədəki sözlərdən heç birinin mənasını bilmirlər.

Digər bir yerdə yazırsınız:"Mən bu əqidədəyəm ki, əgər bu halətin birindən çıxmaq tərcümə üsulu ilə asanraq olar". Diqqət yetirməli: "O halətin birindən çıxmaq"-yəni vıyti iz etoqo polojeniya". Bəli, yoldaşım müəllim Əli, sizin və mənim məqalələrimiz tərcümə üsulu ilə verdiyimiz dərslərin nümunələridir ki, rusca "kotorıy" sözü düşəndə "hansı ki" və "vıyti iz etoqo polojeniya" kimi ümumi türk dilinə və bizim sözləri avamların dilinə də müğayir sözlərlə tərcümə edib dilimizi puç və xarab edirik.

Canım! həqiqəti inkar etmək nəyə lazım? İndi ki müəllimlərin tərcümə üsulu ilə dərs verməsi bir tərəfdən dilimizi xarab edir, digər tərəfdən uşağa rusca öyrətmir, elə isə hər iki dili öz-özlüyündə ayrıca olaraq üsuli-təbii ilə öyrənmək yaxşı deyilmi? Vallah bizim bugünkü dilsizliyimizə, ədəbiyyatsızlığımıza bir tərəfdən fars, digər tərəfdən də rus dillərinin tərcümə vasitəsilə aramızda tədris edilmələri səbəb olubdur.

Və bir də, əfəndim, mənim məqaləmi tənqid edərək, bir yerində mötərizə içində olaraq deyirsiniz ki: "Bu sözlərdən özgə bir iy gəlir". Sizdən təvəqqəm budur ki, bir də mənim məqaləmi iynəməyəsiniz, əfəndim!

Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 2005.- II cild. - S. 270-274.