Üzeyir Hacıbəyli

Kirimiyorlər

Qarabağın general-qubernatorluq şəklinə salınması işi Azərbaycanın daxili işlərindən olaraq bitmiş bir məsələ olduğu halda erməni partiyaları daşnak və qeyri-daşnak "Qarabağ məsələsini" həll edilməmiş hesab edib, dedi-qoduları dəvam edirlər və kirimiyorlər.

Bu məsələdə erməni partiyalarını yandıran Azərbaycan hökumətinin Qarabağda general-qubernatorluq təşkili əmrindən, artıq bu əmrin ingilis ali komandanlığı tərəfindən təsdiq və təsvib etməsi keyfiyyətidir.

Bunun üzrədir ki, erməni partiyalarının qəzetələri ingilis baş komandanlığını sögüb erməni mənafeini daim müdafiə edə, gəlmiş olan ingilisləri "bivəfa"lıqda ittiham ediyor.

Görünür ki, ermənilər bu zəndə, bu ümiddə imişlər ki, erməni müdafiəsilə məşhur olan ingilislər ermənilərin bütün həqq və nahəqq tələb və arzularını, başqalarının hüquq və ixtiyaratını tapdalayacağ qədər müdafiə edəcək və ermənilərin "xatirəsi" üçün haqqı nahaqqa verəcəklərmiş.

Erməni partiyaçılarının zənnincə hər şey ki, ermənilər tərəfindən istənilir, ədalət üzrə ibraz olunan istəkdir. Və çünki Yevropa ədalətpərəstdir. Erməni istəklərini əmələ gətirməgə borcludur.

Lakin görünür ki, Yevropa əhli olan ingilislər ədalətə erməni partiyalarının gözilə baxmaq və bu təbiri yalnız erməni mənafeini əsas tutaraq təfsir etmək istəməyib, öz gözləri və öz ağılları ilə iş görməgi səlah bilirlər.

Yevropa əhlindən - ingilislərdən başqa firənglər dəxi bu axır zaman erməni hərs və təməinə diqqət nəzərini yetirib bu hərs və təməi azaltmağı vacib bilirlər.

Qarabağın Azərbaycan toprağı olmaq üzrə Azərbaycan general- qubernatoruna tapşırılması əmrinin Qafqaz ingilis baş komandanlığı tərəfindən təsdiq və təsvib edilməsini bu məsələnin gələcəkdə bizim mənfəətimizə müvafiq olaraq həll ediləcəgini isbat edən bir əlamət kibi tələqqi etmək olar. İngilislər bu məsələdə bizim haqq və erməni iddiaçılarının nahəqq olduğunu iqrar etmiş olurlar. Şübhəsiz, əgər biz general-qubernatoru Qarabağa degil, İrəvan uyezdlərinə təyin etmək istəsə idiksə ingilislər bizi nahəqq iş tutmaq istədigimizi görüb mane olardılar. Əmma Qarabağa mane olmadılar, çünki bu yerin Azərbaycan toprağı olduğu ingilis məhalilində dəxi müəyyən və müqərrər bir məsələdir.

Qarabağı general-qubernatorluq şəklinə salmaq hökumətimizin məqul əmrlərdən biri olan kimi, burada generalqubernator olmaq üzrə Xosrov Paşa bəy Sultanov həzrətlərinin təyin edilməsi dəxi eyni dərəcədə müvafiq və yerliyerində qərar edilmiş bir intixab ədd edilməlidir. Xosrov Paşa bəy həzrətlərinin Qarabağ üçün ən münasib və müvafiq bir general-qubernator olmasına ingilis baş komandanlığı dəxi iqrar etmişdir ki, bu xüsusda, bugünlərdə nəşr etmiş olduqları proklamasiyolarında Xosrov Paşa bəyin əmrlərinə tabe olmağı yerli əhaliyə və baxüsus ermənilərə tövsiyə edirlər.

Həqiqətən, Xosrov bəy Qarabağ üçün ən münasib bir rəisdir. Qarabağ həyatına təmamilə aşina olan bu zat sağlam bir vücudə malik olan kimi sağlam və səlamət politika yeridən və təht idarəsinə tapşırılmış olan yerin ümumi mənafeyini xüsusi surətdə nəzərdə tutan bir zatdır. Ermənilərin Xosrov bəyi "ermənisevməz" deyə nəzərə verməgi erməni partiyaçılarının bir çox qövlü kimi müğayir həqiqət rəylərdən biridir. Xosrov bəy Qarabağın, bilafərq millət, hər bir əhaliyə bir nəzərlə baxan və ümumqarabağ əhlinin asayiş və istirahəti üçün bir dərəcədə çalışan ədalət tərəfdarı bir hakimdir. Əlbəttə, əgər erməni cühəlası erməni partiyaçılarının təhrik və təşviqi ilə bədədalıq edib ölkədə iğtişaş və şuriş salmaq istəyəcəklərsə, Xosrov bəy bu kimi ümumqarabağ əhli üçün zərər və ziyanlı olan hadisələrə qeydsiz baxmayıb təmini-asayiş üçün əlindən gələn tədbirləri ittixaz edəcəkdir. Buna da əminik əgər Qarabağda sülh və asayişlə yaşamaq istəyən ermənilərə qarşı müsəlman cühəlası tərəfindən nalayiq hərəkətlər baş versə, Xosrov bəy bu xüsusda da lazımi tədbirlər görüb müqəssirləri cəzalandıracaqdır.

Hər halda Qarabağ ermənilərinin asayiş və istirahətlə yaşaması öz tərzi-hərəkətlərindən asılı bir məsələdir. Məhəlli hökumətə tabe olub da öz iş-güclərinə məşğul olarlarsa, rahat yaşarlar, yox əgər daşnak və əmsalı təşviqatına uyub da Azərbaycan hökumətini tanımamaq və qəsdən iğtişaş salmaq istəsələr, o halda yaman güzəran keçirmələrinə səbəb özləri olarlar.

İngilislər Qarabağ general-qubernatorluğunu təsdiq etmədən əvvəl erməni partiyaçılarının çığır-bağırlarına və fitnəamiz təhrikatlarına bir məna vermək olardı. Boylə məna ki, ermənilər Qarabağda qəsdən süni iğtişaşlar çıxarmaqla Qarabağ general-qubernatorunu baş komandanlıq gözündə ləkələndirmək istiyorlar. Lakin indi, yəni bir halda ki, baş komandanlıq "piş əz vəxt" işdən və general-qubernatorun hərəkəti-müdəbbiranəsindən xəbərdar oldu və bu əmn təsdiq etdi, o halda erməni partiyaçılarının bugünkü qışqırığı yersiz və mənasızdır. Bugündən sonra Qarabağda ermənilər tərəfindən bədədalıqlar baş verərsə degil, Azərbaycan general-qubernatoru bəlkə ermənilərin özləri komandanlıq gözündə ləkələnib yaman ad qazanarlar, bu isə gələcəkdə erməni məsələsi həllinə dəxi sui-təsirlər buraxar hərs və təmə erməni partiyaçılarının gözünü yummamış olsa, işin bu cəhətini nəzərə alıb da, əvvəl-əvvəl erməni camaəti üçun zərər yetirə bilən fəna hərəkətlərdən əl çəkər və Qarabağ haqqında birkərəlik kiriyorlər.

Hacıbəyli, Üzeyir. Bayrağımız sarsılmaz.- Bakı, 2011.- S. 142-144.