Başçı lazımdır
Tarixi bir həqiqətdir ki, bir millətin təkamül və ya inqilab təriqilə tərəqqi və təməddününə səbəb o millətin başında duran bir və ya bir neçə tərəqqipərvər və təcəddüdxah firqələr olubdur.
O firqələr öz millətin cürbəcür təriqlər ilə, doğrudan da, irəli aparmaq yolunda böyük fəaliyyət göstərib, qabaqlarına çıxan hər dürlü mümaniətlər ilə mübarizə və mücahidə etməklə bilaxir öz məqsudlarına nail olublar.
Firəng, nemes, ingilis, amerikanlar, yaponlar və sairələr bugünkü tərəqqi, təməddün və rifahi-hal ilə asudə məişət keçirmələrində haman başlarında duran və onları təriqi-səadət və tərəqqiyə yönəldən firqələrinə borcludurlar.
Bu gün bu millətlər dərəceyi-tərəqqinin o payəsinə çıxıbdırlar ki, hər bir fərdləri öz xeyir və şərlərini layiqincə anlayıb, əsl insan kimi yaşamağı bilirlər və onun sayəsində də sərbəstanə və qeydsiz ömür sürürlər. Orada hər bir fərd vəzir olsun, fəhlə olsun, təfavütü yoxdur, öz-özlüyündə, öz tərzi-məişətində onu təsdiq edə biləcək və onun hüququna və hürriyyəti-şəxsiyyətinə xələl yetirəcək heç bir şeylə müqəyyəd deyildir, məgərinki, bunun hürriyyəti-şəxsisi başqalarının hüququna təcavüzdən ibarət olmasın. Bu isə onlar üçün qeyd deyildir, çünki ölkənin hüququna toxunmaq ya hürriyyəti-şəxsisinə əl atmağın böyük bir şər olduğunu hər bir fərd çox gözəl anlayır.
İnsanlıq vəzifəsi isə şərdən çəkinməklikdir.
Xülasə, onlar hamısı birlikdə hər bir yaxşını təqdir və hər bir yamanı təkdir və təqbih etməyə qadirdirlər.
Yaxşı ilə yamanı dürüst anlamaq üçün də mütləq elm və bilik lazımdır ki, o da onlarda vardır. Elm və bilik sahibi olmaqlarının da başlıca səbəbi yuxarıda ərz etdiyimiz üzrə öz mücahid firqələri olubdur.
Bu anda dəxi biz görürük ki, məsələn, qonşumuz erməni, gürcü, yəhudi millətlərinin başlarında öz firqələri durub ətradi-milləti kəmali-səbat ilə irəli sürməkdədirlər. Odur ki, məsələn, bu gün Yevropadan dala qalmış olan Rusiya dövlətinin ümumtərəqqi və təcəddüd işlərində də iştirak edənlər ancaq bu millətlərdir. Mücahid firqələri illərcə çalışıb vuruşmaqla bu millətlər bir dəfəlik tərəqqi və təcəddüd yoluna...
Keçək bizə! Əcəba bizim millətimizi qabağa aparan kimdir? Hanı bizim başımızda duran firqə yaxud firqələr? Hanı o tərəqqi və təali bələdləri ki, bu gün cəhalət çölündə, köhnə və çürümüş əqidələr palçığına batmış olan millət karvanını tərəqqi və təcəddüdün rahat yoluna sala bilərlər? Hanı?
Yoxdur! Karvan batıb qalıbdır...
Bizim də sair millətlərdə olan kimi başçı firqəmiz olmasa, əcəba, tərəqqi və təcəddüd edə bilərikmi? Haradan edə bilərik? Məgər ziyalılarımız, ürəfa və intelligentlərimiz bunu bilmirlər? Anlamırlar? Neyçün heç bir təşəbbüs yox?! Neyçün oxumuşlarımız heç bir asari-həyat göstərmirlər.
Camaatımızda müşahidə olunan cüzi tərəqqi və təcəddüd əlamətindən naşi təsəlli tapıb da, arxayın oturmaq yaramaz!
Bu əsrdə tısbağa qədəmi ilə tərəqqi etmək heç tərəqqi etməməyə müsavidir.
Burada milləti irəli sürüyə bilən qüvvət lazımdır!..
Hacıbəyov, Üzeyir. Seçilmiş əsərləri.- Bakı, 1985.- S. 122-124.
